İqtisadçı Qaşqay İsmayılNeftin bahalaşması Azərbaycanda böyük ümidlərə səbəb olsa da, bunun müvəqqəti hal olduğu və tezliklə inkişaf etmiş ölkələrin neft və qazdan imtina edəcəyi heç kimə sirr deyil. Düzdür, neft hələ uzun illər planetin enerji balansında rol oynayacaq, amma əvvəlki əhəmiyyətini itircək. Məsələn, bəşəriyyət hələ də odundan yanacaq kimi istifadə edir, amma odunun enerji mənbəyi kimi əhəmiyyəti artıq çox kiçikdir
Qərb dövlətləri, məqsədlərinin nə olmasından asılı olmayaraq, yaşıl enerjiyə keçməkdə qəti qərar veriblər. Bu keçid müddətində neftin qiyməti bahalaşa, təlabat arta bilər, amma yaxın gələcəkdə neft satışına əsaslanan iqtisadiyyatların çətin vəziyyətə düşəcəkləri şübhəsizdir. Bu günlərdə Rusiya maliyyə naziri Siluanov yaşıl enerjiyə keçid səbəbindən gəlirlərin azalacağına hazırlaşmağa çağırış edərək, azalan gəlirləri kompensasiya etməyin yollarını axtarmaqdan danışıb. Görünür artıq iri neft hasilatçıları neft gəlirləri ilə vidalaşmağa məcbur olduqlarını qəbul ediblər
Bizim üçün təhlükəlisi budur ki, Azərbaycan hökuməti bütün bu çağırışlar qarşısında heç bir plana malik deyil. Müxtəlif kiçik kosmetik layihələr istisna olmaqla, ölkə iqtisadiyyatı inersiya üzrə hərəkət edir. Qarabağda yol çəkmək, ev tikmək yaxud qızıl yataqlarını istismar etməyin iqtisadi effekti, Azeri-Çiraq-Gunesli yatağından axan pullarla müqayisədə olduqca kiçikdir. Neft qiymətlərinin növbəti ucuzlaşması halında, ölkə iqtisadiyyatinin relsdən çıxması ehtimalı getdikcə artır. Azərbaycan bəlkə də kənardan stabillik adası kimi görünə bilər, amma mövcud stabillik tükdən asılıdır və ən əsası, onu qoruyub saxlamaq üçün hər hansı obyektiv faktorlar yoxdur
Tarix: 11-07-2021, 10:19