KTN-nin “ölü canlar”ı və digər korrupsiya əməlləri - I YAZI


 
Hesablama Palatası ötən il Kənd Təsərrüfatı Nazirliyində və nazirliyə aid olan qurumlarda ümumilikdə 79 nöqsan aşkarlayıb. 
 
Ovqat.com-un məlumatına görə, bu barədə “Azərbaycan Respublikası Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında” hesabatında bildirilir.
 
2 ay əvvəl açıqlanan hesabatda vurğulanır ki, Hesablama Palatası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitlərinin formalaşması və istifadəsinə dair audit üzrə - ayrılmış kredit vəsaitinin təyinatı üzrə istifadə edilməməsi faktları ilə bağlı "Para" BOKT ASC üzrə ümumilikdə 210,6 min manat məbləğində vəsaiti əhatə edən 5 halda cinayət tərkibinin əlamətlərinin olması ehtimalını nəzərə alaraq materialları Baş Prokurorluğa göndərib.
 

Fermerlərə ayrılan subsidiyaları mənimsəyən dəstə ifşa edildi – ƏMƏLİYYAT GÖRÜNTÜSÜ

Bunlar hələ ortaya çıxarılanlardır. Məşhur bir fikir var: “bir dənizin duzlu olduğunu anlamaq üçün bütün suyunu içməyə ehtiyac yoxdur. Sadəcə bir damla belə, onun duzluluq dərəcəsini müəyyənləşdirmək üçün yetər”. Fikrimizcə, Hesablamalar Palatasının ortaya çıxardığı təyinatı üzrə xərclənməyən vəsaitlər də KTN maxinasiyasının bir damlasıdır. Nazirliyin sabiq əməkdaşlarından birinin redaksiyamıza göndərdiyi məlumatlarda KTN rəhbərliyinin daha böyük məbləğdə vəsaitləri xırd etdiyindən və digər korrupsiya əməllərindən danışılır. 

 
Vaxtilə Nazirliyin yanında Aqrar Xidmətlər Agentliyinin bitki sortlarının qeydiyyat və toxum nəzarəti şöbəsində baş məsləhətçi işləyən, qarşılaşdığı qanunsuzlar barədə dilini dinc qoymayıb danışan və elə bu səbəbdən də işdən uzaqlaşdırılan Orucov Oruc Bəhrəm oğlunun 22 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Hesablamalar Palatasının sədri Vüqar Gülməmmədova göndərdiyi şikayət məktubunda 10-dan çox epizod üzrə yeyinti faktlarından bəhs olunur. Sabiq əməkdaşın ifşa məktubuna düşən iddialarından bəziləri:
 
  1. 2019-cu ildə Nazirlər Kabinetinin qərarı ilə Baytarlıq idarəsinə ayrılmış 10 milyon manatlıq vəsait dərman pereparatlarının alınması məqsədilə KTN rəhbərinə yaxın bir Türk şirkətinin balansına köçürülüb. Lakin heç bir dərman pereparatı alınmayıb. Bundan əlavə, qısa müddətdən sonra eyni məqsədlə həmin şirkətin balansına daha 7 milyon manat yatırılıb.
  2. Fitosanitar labaratoriyasına 1.5 milyon manat köçürülüb və yenə bunun müqabilində heç nə alınmadan vəsait göyə sovrulub.
  3. 2020-ci ildə Baytarlıq İdarəsinə ayrılmış 35 milyon manatın 12 milyonu mənimsəmək məqsədi ilə satınalmalara yönləndirilib və s.

 
Şikayətçinin iddiasına görə, nazirliyin ən asan pul mənimsəmə metodlarından biri də sınaq-təcrübə adı ilə ayrılan əkin sahələrində cibə doldurulan vəsaitlərdir. “Belə ki, 2019-cu ilin yekunlarına görə bütün xərclər çıxıldıqdan sonra yerdə qalan 200 min manatdan artıq vəsait AXA-ya mədaxil edilib. Həmin vəsaitin 110 min manatı 40 hektar sahəsi olan Kürdəmir Dövlət Sort Sınaq Məntəqəsinə ödənib”, – Hesablamalar Palatasına göndərilən məlum şikayət məktubunda iddia olunur. Şikayətçinin bildirdiyinə görə, 2020-ci ildə də eyni maxinasiyalar davam edib. Bu səfər isə korrupsiya yolu ilə qazanılan müftə vəsaitdən faydalanan Kürdəmir məntəqəsinin yeni sədri Asəf adlı bəxtəvər olub. Bənzər mənimsəmə halı Zaqatala Dövlət Sort Sınaq Məntəqəsində və digər şöbələrdə də baş verib. Bir sözlə, Azərbaycan hökumətinin aqrar sektorun inkişafı üçün ayırdığı vəsaitlər sınaq sıçovulu kimi necə gəldi məhv edilib. Ortaya isə heç nə çıxarılmayıb. 
 
Şikayət məktubunda KTN-də “ölü canlar”ın varlığından da bəhs olunur. Burada adları maaş cədvəlinə yazılıb özləri işsiz olan insanlardan söhbət gedir. İddialara görə, KTN-nin “ölü can”larının  böyük əksəriyyəti “işlədiklərindən” koronavirus yardımı üçün ayrılan adambaşına 190 manatlıq kompensasiyanı almaq niyyətilə müvafiq orqanlara mürəciət etdikləri zaman xəbər tutublar. Eynilə bir neçə ay əvvəl qollarına qandal vurulmuş icra başçılarının adı olub özü olmayan işçiləri kimi, KTN-nin də işlədiklərindən bixəbər xeyli əməkdaşları var imiş. Nə yazıq ki, bu faktları araşdırmaq bizim imkanımız xaricindədir. Amma Oruc Orucovun Hesablamalar Palatasına göndərdiyi məktuba həmin şəxslərdən bəzilərinin siyahısı əlavə olunub. Biz həmin siyahını dərc edib səhihliyini yoxlamağı əlaqədar qurumlara öhdəsinə buraxırıq. Çünki KTN-də Prezidentin “yaxın dostları” adlandırdığı jurnalisti adam yerinə qoyub sorğularına cavab vermək istəyən yoxdur və biz də bu cür münasibətlərlə bir daha üzləşmək istəmirik. Ümid edirik ki, nazirliyin özündən müştəbeh rəhbərliyi müvafiq dövlət qurumlarına eyni nəzərlə baxmaz və onların yoxlamalarına münbit şərait yaradar, nəticədə biz və ölkə ictimaiyyəti bu faktlarla bağlı məlumatlandırılarlar.
 
“Ölü can”ların siyahısı



 





KTN-də maxinasiyalar barədə məlumatlar yeni də deyil. Yadınızdadırsa, bir il əvvəl Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun əməkdaşları, Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssislərinin iştirakı ilə birgə xüsusi əməliyyat tədbirləri keçirilmişdi. Əməliyyat nəticəsində fermerlərə verilməsi üçün nəzərdə tutulan kreditlərin mənimsənilməsi faktı aşkarlanmış və müəyyən olunmuşdur ki, həmin şəxslər əvvəlcə Quba, Xaçmaz, İmişli, Şəmkir və sair rayonlarda fəaliyyət göstərən fermerlərə məxsus subsidiya vəsaitlərinin köçürüldüyü kartları qanunsuz olaraq öz əllərində cəmləşdiriblər. Daha sonra dəstə üzvləri onlara yaxın olan adamların adlarına formal hüquqi şəxslər yaradaraq müxtəlif əmtəəsiz maliyyə əməliyyatları aparmaqla vəsaitləri nağdlaşdıraraq yox yerdən 5 milyon manat “qazanmışdılar”. 
 
Rəsmi məlumatda deyilirdi:
 
“Kənd təsərrüfatına dövlət dəstəyindən sui-istifadə edərək bu sahəyə ayrılmış vəsaitləri saxta sənədlərə əsaslanan maliyyə əməliyyatları ilə nağdlaşdıraraq ələ keçirən mütəşəkkil dəstəyə daxil olan 30-a yaxın şəxsin dairəsi müəyyənləşdirilib. Həmin şəxslər ətrafında kompleks əməliyyat tədbirləri hazırlanaraq həyata keçirilib, onların cinayət əməlləri qeydə alınaraq zəruri sübutlar toplanılıb. Cinayətkar dəstəyə rəhbərlik edən Quba rayon sakini Elnur Haxtari və İmişli rayon sakini Hümmət Həsənov, eləcə də əlaqədar şirkətlərin vəzifəli şəxsləri də daxil olmaqla ümumilikdə 12 nəfər əməliyyat nəticəsində saxlanılaraq Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətiriliblər.
 
Araşdırma zamanı müəyyən olub ki, həmin şəxslər əvvəlcə Quba, Xaçmaz, İmişli, Şəmkir və sair rayonlarda fəaliyyət göstərən fermerlərə məxsus subsidiya vəsaitlərinin köçürüldüyü kartları qanunsuz olaraq öz əllərində cəmləşdiriblər. Daha sonra dəstə üzvləri onlara yaxın olan adamların adlarına formal hüquqi şəxslər yaradaraq müxtəlif əmtəəsiz maliyyə əməliyyatları aparmaqla vəsaitləri nağdlaşdıraraq mənimsəyiblər.


 
İlkin araşdırmalarla həmçinin o da müəyyən olunub ki, dəstə üzvləri tərəfindən yaradılan “High Agro”, “Rövşənoğlu Agro” MMC-lər və digər 6 fiziki şəxs vasitəsilə cari ilin 3 ayı ərzində Respublikanın ayrı-ayrı bölgəsindən 2.000-dən artıq fermerə məxsus subsidiya kartları toplanılıb. Daha sonra kartlardakı pul vəsaitləri saxta sənədlər əsasında formal şəxslərin adlarına yaradılmış şirkətlərin bank hesablarına köçürülüb və 25-40% ödəniş müqabilində nağdlaşdırılıb. Bu qanunsuz maliyyə əməliyyatları nəticəsində ümumilikdə 5.000.000 manata yaxın subsidiya üçün ayrılmış maddi vəsait təyinat üzrə istifadədən yayındırılaraq dəstə üzvləri tərəfindən mənimsənilib”.
 
Maraqlı yanaşmadır, deyilmi? Birbaşa KTN-nin nəzarəti altında olan kreditlərin verilməsində 30 nəfərlik çete tutulur. Çete başı kimi bütün məsuliyyət Quba rayon sakini Elnur Haxtari və İmişli rayon sakini Hümmət Həsənov, eləcə də əlaqədar şirkətlərin vəzifəli şəxsləri kimi heç bir rəsmi vəzifə daşımayan mücərrəd insanların üzərinə qoyulur. KTN-dən bir nəfərin belə adı, bu cinayətkar qrupun arasında çəkilmir. Halbuki, KTN rəhbərliyinin razılığı alınmadan bu qədər böyük həngamənin törədilməsinin mümkün olmayacağı uşağa belə bəllidir. Görünən budur ki, həmin əməliyyatdan KTN rəhbərliyi süddən ağ qaşıq kimi çıxmış, yaxalanan kərtələ kimi quyruğunu əməliyyatçıların əlində buraxıb gözdən itməyi bacarmışdı. Bütün günahlar isə  30 nəfərlik “günah keçiləri”nin üzərinə yüklənmişdir.
 
Üstəlik, bu çete vasitəsilə mənimsənilən vəsait hansı məqsədlə ayrılsa yaxşıdır? Məlum əməliyyatı keçirən rəsmi qurumlar yaydıqları birgə açıqlamada bu suala belə aydınlıq gətirir: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” fərmanından irəli gələrək cari ilin əvvəlindən fermerlərə dövlət yardımlarının vahid mexanizm vasitəsilə çatdırılması prosesinə başlanılıb. Lakin həmin vəsaitlərin təyinatı üzrə istifadə olunmaması və bir qrup mütəşəkkil cinayətkar dəstə halında birləşən şəxslər tərəfindən mənimsənilməsində əsaslı şübhələr olduğundan bu istiqamətdə Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun əməkdaşları, Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssislərinin iştirakı iləbirgə xüsusi əməliyyat tədbirləri keçiriblər”.


 
Rəsmi qurumların birgə açıqlamasından aydın olur ki, əslində bu maxinasiya prezident İlham ƏliyevinAqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” fərmanından irəli gələrək cari ilin əvvəlindən fermerlərə göstərilən dövlət yardımlarının öz hədəfindən yayınması üçün həyata keçirilib. Başqa sözlə, məqsəd təkcə qaz vurub qazan doldurmaq da deyilmiş. Böyük ehtimalla, Prezidentin ərzaq təhlükəsizliyi proqramını sabotaj etmək məlum cinayət hadisəsinin başlıca məqsədlərdən biri olub. Dərindən araşdıranda bu maxinasiyaların izi gedib “5-ci kolon”un məqsəd və məramlarına çıxır. Yəni başlı-başına siyasi bir cinayətdən söhbət gedir. Bəs istintaq bu ehtimalı nəzərə alıbmı? Rəsmi açıqlamadan belə anlaşılır ki, yox; istintaq araşdırmaları sadəcə 30 nəfərlik çetenin üzərində qurulub. Zənnimizcə, o da mümkündür ki, həmin vaxt 44 günlük savaşın astanasında olan Azərbaycan hakimiyyəti “5-ci kolon”un xarici hamilərini daha artıq qəzəbləndirməmək üçün məsələni böyütmək istəməyib. Mənzərəyə bu məntiqlə nəzər salanda hüquq mühafizə orqanlarının problemə səthi yanaşmasını hardasa anlamaq mümkündür. Əgər belədirsə, xarici təhlükələr sovuşduqca KTN-nin bu əməlləri daha dərindən araşdırılacaq. Bəlkə də, üzərindən 1 ilə yaxın zaman keçəndən sonra Azərbaycan Respublikası Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında” hesabatının ortaya çıxması KTN-nin məşhər ayağına çəkiləcəyinə işarədir.
 
Yeri gəlmişkən, 2 ay əvvəl yayılan həmin hesabatda təkcə ötən il Kənd Təsərrüfatı Nazirliyində və nazirliyə aid olan qurumlarda ümumilikdə 79 nöqsanın aşkarlanması barədə rəsmi məlumarlar da KTN-dəki korrupsiya hallarının təkcə saxta kredit kartları ilə məhdudlaşmadığını göstərir. Belə məlum olur ki, KTN mütəmadi olaraq bu saxtakarlıqla məşğul olub və tərkibində cinayət əməli elementləri daşıyan korrupsiya hallarına yol veriblər. Bir də bu faktlara bizə təqdim olunan “ölü canlar” siyahısını əlavə etsək, KTN-də korrupsiya iddiaları yeni çalar və keyfiyyət qazanır. 
 
Bütün bu ifşa olunan həngamələrə baxmayaraq, İnam Kərimov hələ də öz postundadır. Vəzifəyə təyin olunduğu 21 aprel 2018 tarixindən bu yana keçən 3 il 2 ay ərzində onun KTN-ə gətirdiyi “yeniliklər” isə dəftər-kitaba sığmaz. Azərbaycanın “innovasiyalar allahı” kimi özünü təqdim edən bu adamın ən böyük xidməti KTN-də “damazlıq” kimi gözə təpiləcək kənd təsərrüfatı mütəxəssisi qoymaması, əksəriyyətini çıxarıb yerinə öz tarixçi, hüquqşünas, iqtisadçı, hətta ilahiyyatçı kimi qohum-əqrəbalarını, dost-tanışlarını doldurmasıdır. Bir sözlə, İnam müəllimin 3 illik xidməti nəticəsində KTN-nin abreviaturasının açılışını Kərimovun Tayfa Nazirliyi kimi də oxuya bilərsiniz.
 
Prezidentin böyük etimad göstərib Azərbaycan iqtisadiyyatının ən mühüm sahəsini tapşırdığı, ərzaq təhlükəsizliyi kimi strateji hədəflərinin əsas bazası olaraq gördüyü bir nazirliyi özünün qohum-əqraba klubuna çevirən İnam Kərimovun tayfabazlıq fəaliyyətini dərindən araşdıracaq və onun yanında işləyən qohumlarının soy şəcərəsini diqqətinizə çatdıracağıq. Hələlik isə onu xatırlatmaqla kifayətlənirik ki, “Korrupsiyaya qarşı mübarizə haqqında” və “Vəzifəli şəxslərin fəaliyyətində maraqlar toqquşmasının qarşısının alınması Haqqında” Azərbaycan Respublikası Qanunları yaxın qohumların bir yerdə işləməsini qəti qadağan edir. İnam Kərimov üçün isə Prezidentin strateji hədəfləri kimi, qanunlar da topuqdan aşağıdır. Atalar demişkən, “biz ki deyilik rəiyyət, bizlərə nə şəriət?”.
 
Heydər Oğuz



Tarix: 26-06-2021, 23:04
Xəbəri paylaş



Xəbər lenti