İqtisadçı Rövşən Ağayev Bu gün Ermənistan seçki keçirir. Nəticəsi necə olacaq, bir yerdə yaxın saatlarda görəcəyik. Bir vacib məqamı deməyə ehtiyac duyuram. Paşinyanın hərbi məğlubiyyətinin demokratiya ilə, bu şəxsin demokrat olub-olmaması ilə yaxından-uzaqdan hər hansı bağlantısı yoxdur. Ona qalsa, Azərbaycanın torpaqlarının işğalı öz dövrü üçün demokrat sayılan Petrosyanın hakmiyyəti illərində baş vermişdi. Müharibə erməni toplumunun Paşinyandan çox-çox əvvəl – 30 il öncəki seçimi idi. O toplum ki, hikkəsi, nifrəti ağılla və rasional düşünmək qabiliyyətini əlindən alıb, iddiaları potensialından ağlasığmaz dərəcədə böyükdür. O toplum ki, bu müharibəyə özünün deyil, Kremlin birbaşa dəstəyinə və gücünə arxayın olaraq girmişdi. Və deyəsən bir zaman Kremlin onların üzərindəki əllərini bir azca kənara qoyacağı variantı heç bir hesab-kitablarına yazmayıblarmışlar da. Bu hikkənin qabağına Paşinyan çıxa bilməzdi. Əks halda onu inqilabla dəstəkləyib, demokratik yolla seçib hakimiyyətə də gətirməzdilər. Müharibədən əvvəl erməni toplumun xəyanət sayacağı hansısa razılaşmaya getsəydi, onu Dəmirçiyanın yolu ilə cəhənnəmə göndərərdilər. Amma bu günkü seçkidə aydın görünən bir məqam var: bütün siyasi oyunçular topa bülletenləri qutulara doldurmaqla, seçki saatı bitəndən sonra protokol yazdırmaqla deyil, səsləri saymaqla qutudan çıxa biləcəklərinə daha çox ümid edirlər. Yəni müharibə kimi şər əmələ kollektiv düşüncə ilə qərar verən toplum seçkiyə də öz iradəsi ilə gedir, öz seçimini edir. Fərdlər kimi toplumlar da yanlış əməllər törədə, səhv seçimlər edə bilirlər. Amma doğru seçimlərin mükafatını rifah dolu həyatla aldıqları kimi yanlış seçimlərin də bədəlini faciələrlə ödəyirlər. Necə ki, son 100 ildə alman xalqı, indi isə ermənilər bu bədəli ödədi. Amma bütün hallarda yanlış seçimlər demokratik dəyərlərin, davranışların dəyərini zərrə qədər azalda bilməz. Dünyada bütün xoşbəxt və firavanlıq içərisində yaşayan toplumlar öz nəsiblərini demokratik sistemdən alıblar. Bütün bədbəxt xalqlar da diktatura və avtoritar sistemlərdən qismətini alanlardır…