Yeni Fond fermerlərin problemlərini həll edəcəkmi? Azərbaycanda iki həftədən sonra məhsul yığımı başlayacaq. Ancaq heç də bütün fermerlər bol məhsul götürə bilməyəcəklər. Birində məhsulu dolu vurur, digərində çəyirtkə məhv edir. Sivil ölkələrdə fermerlər, bir qayda olaraq, zərərlərinin qarşısını almaq üçün məhsullarını sığortalayırlar.
Azərbaycanda da kənd təsərrüfatı sığortası sistemi tətbiq olunur. Nazirlər Kabinetinin qərarına əsasən, bitkiçilik sahəsində kənd təsərrüfatı sığortası məhsulları bunlardır: buğda, yulaf, qarğıdalı, kartof, şəkər çuğunduru, portağal, limon, naringi, çay, düyü, tütün, üzüm, fındıq və pambıq.
Heyvandarlıq məhsulları arasında kənd təsərrüfatı sığortası 1 ilə 7 yaş arası inəkləri əhatə edir. Bundan əlavə, kənd təsərrüfatı sığortası sistemi bütün növ balıq məhsullarını əhatə edəcək.
2019-cu ildə Azərbaycanda kənd təsərrüfatı sığortası üçün orta tarif illik 1500 manata yaxın idi. Ancaq Nazirlər Kabinetinin qərarına baxmayaraq, Azərbaycanda fermerlər hələ də məhsullarını sığortalamaqdan çəkinirlər. AYNA-nın həmsöhbətləri də belə fikirdədirlər.
Azərbaycanın ən böyük təsərrüfatlarından olan “Zəhmət”in rəhbəri Etibar Hüseynov sığortaçılara inamı olmadığını: “Əminəm ki, məhsulum məhv olsa, sığortapulu ala bilməyəcəyəm. Buna görə məhsulumu sığortalamıram”.
Fermer Nazim Məmmədovun sözlərinə görə, təsərrüfat heyvanlarını bir neçə il əvvəl sığortaladıb: “Sığorta haqlarımı dəqiqliklə ödədim. Ancaq heyvanlarımı canavar məhv edəndə, sığortanı ala bilmədim”.
Kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmov hesab edir ki, fermerlərin sığorta sisteminə inamsızlığının səbəbi ölkədə müstəqil məhkəmə sisteminin olmamasıdır: “Çünki, bir qayda olaraq, sığorta şirkətləri məhsul itkisi və ya heyvanların ölümündə fermerin özünü günahlandıraraq, onların zərərlərini ödəməkdən imtina edir. Fermer məhkəməyə müraciət edərsə, sığorta şirkətləri sadəcə sığorta şirkətinin lehinə qərar verən hakimlərə rüşvət verirlər. Buna görə fermerlər sığortada heç bir məna görmürlər”.
Kənd Təsərrüfatı Nazirliyi (KTN) fermerlərin kənd təsərrüfatı sığortasına olan inamını bərpa etmək üçün hansı tədbirlər görür? Və ən əsası: Məhsulları onlardan asılı olmayan səbələrdən, tutaq ki, Rusiya ilə sərhəddə saxlanılan və bu səbəbdən zay olan fermerlər sığortapulu alacaqmı?
KTN-in mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynovun dediyinə görə, həqiqətən, sığorta şirkətlərinin hərəkətləri bir çox fermerlərin kənd təsərrüfatı sığortasına etimadsız qalmasına səbəb olub: “Azərbaycanda dövlət kənd təsərrüfatı sığortası proqramı 2021-ci ildən tətbiq olunmağa başlayır. Bu proqrama görə, sığorta haqlarının yüzdə 50-si dövlət, yüzdə 50-si fermer tərəfindən ödənilir”.
“Prezidentin sərəncamına əsasən, Kənd Təsərrüfatı Sığortası Fondu yaradılır. Sığorta şirkətləri Fondla əməkdaşlıq edəcək. Fermerlər Fonda və ya bu şirkətlərə sığorta haqqı ödəmək seçimi əldə edəcəklər. O ki, qaldı Rusiya ilə sərhəddə saxlanılan və xarab olan məhsula, buna görə fermerlərə sığorta ödənişi verilmir”, - deyə nazirlik sözçüsü bildirib.
Sevindirici haldır ki, fermerlər üçün əhəmiyyəti olan bu məsələ həll olunur. Müəyyən bir müddətdən sonra həm fermerlər, həm də kənd təsərrüfatı sahəsindəki ekspert cəmiyyəti yeni Fondun işini qiymətləndirəcək. Əlbəttə ki, azərbaycanlı fermerin əməyinin boşa getməyəcəyinə tam əmin olması yaxşı olardı: söhbət yalnız hava şəraitindən deyil, həm də siyasi məsələlərdən gedir. Axı, Rusiya ilə sərhəddəki mallarla bağlı sualımızı boş yerə vermədik. Son zamanlar Rusiyanın müvafiq strukturları Azərbaycandan tədarük olunan pomidor və almanın içərisində tez-tez müxtəlif zərərvericilər tapmağa başlayıb...
Tarix: 26-05-2021, 22:21