Devalvasiya təhlükəsi haqda açıqlama: " "İyun ayında..."



Xəbər verdiyimiz kimi, hərracda dollar satışı 40 faizə yaxın azalıb. Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) məlumatına görə, aprel ayı ərzində valyuta hərraclarında 509,9 milyon dollar vəsait satılıb ki, bu da ötən ilin aprel ayına nisbətən 4 faiz azdır. Cari ilin yanvar-aprel aylarında ARDNF 1 milyard 989,8 milyon dollar məbləğində valyuta satışı həyata keçirib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 40 faiz azdır. İqtisadçı Natiq Cəfərli valyuta satışındakı kəskin azalmanın səbəbini Teleqraf.com-a şərh edib. Ekspert ötən ilin mart ayında son dövrlərin ən kəskin valyuta satışı həyata keçirildiyini xatırladıb: “2020-ci ilin mart ayında 1,8 milyard dollara yaxın vəsait satılmışdı. Ötən il həm pandemiya elan edildi, həm də qlobal bazarlarda neftin qiyməti mənfi həddə qədər gerilədi. Mart-aprel aylarında Azərbaycan neftinin qiyməti isə 16 dollara qədər düşmüşdü. Buna görə də ajiotaj yaranmışdı, əhali və banklar dollar alışını kəskin artırmışdılar.
 
Ötən ilin 4 ayı ilə müqayisədə cari ilin analoji dövründə valyuta satışında azalmanın səbəbi məhz budur.
 
Bundan əlavə, sərhədlərin bağlı qalması, turist səfərlərinin olmaması yanvar ayından bəri dollara olan tələbatın azalmasında əsas rol oynayıb. Sadalanan amillər ötən il həm də devalvasiya gözləntilərini yüksəltmişdi. Ötən ilin mart ayı tarixə həcminə görə ən çox valyuta satışı kimi düşmüşdü. Ona görə də dörd ayın nisbətini götürəndə kəskin azalma müşahidə olunur”.
 
Natiq Cəfərli yay aylarında dollara olan tələbatın artmasının gözlənildiyini də vurğulayıb: “İyun ayından başlayaraq bəzi ölkələr arasında sərhədlərin açılması müzakirə olunur. Ən azından Rusiya, Gürcüstan və Türkiyə ilə uçuşların bərpa olunacağı ehtimalları yüksəkdir. Bu nöqteyi-nəzərdən indiki dövrə nisbətən yay aylarında valyutaya tələbat daha çox artacaq”.
 
Valyuta satışındakı azalmanın dolların məzənnəsinə birbaşa və dolayı təsirlərinə gəlincə, analitik ölkəmizdə dolların məzənnəsinin inzibati qərarla müəyənlləşdirldiyini deyib: “Artıq 4 ildir Mərkəzi Bank dolların məzənnəsini inzibati qaydada tənzimləyir. Yəni dünyada gedən proseslərlə ciddi korrelyasiyası yoxdur. Azərbaycanda valyuta birjası və bu birjalarda gündəlik alqı-satqı həyata keçirən şirkətlər olmadığı üçün Mərkəzi Bank həftədə iki dəfə hərrac keçirir. Bu hərraclarda nə qədər dollar lazımdır və nə qədəri satılacaq kimi məlumatlar öncədən bilinir.
 
Dolların kursu siyasi qərar və inzibati tənzimləmə ilə müəyyən olduğu üçün məzənnəyə birbaşa təsiri yoxdur. Amma təbii ki, valyutaya kəskin tələbat artanda devalvasiya təhlükəsi yüksəlir.
 
Hazırda Azərbaycan devalvasiya təhülkəsindən xeyli aralanıb. O mənada ki, neftin qiyməti 67 dollar civarındadır, valyutaya tələbat keçən illərə nisbətən sərhədlərin bağlı olması ilə əlaqədar daha azdır. Zənnimcə, kəskin şəkildə devalvasiya təhlükəsi gözlənilmir”.
Tarix: 4-05-2021, 00:08
Xəbəri paylaş



Xəbər lenti