Fuad Qəhrəmanlı: “70 milyard pul xərclənən regionlarda işsizlik tüğyan edir”
“Normalda hökumət ağıllı təklifləri eşidib qəbul etməlidir”. JAMAZ.İNFO xəbər verir ki, bu sözləri AXCP funksioneri Fuad Qəhrəmanlı deyib. O hesab edir ki, bu təkliflərin gerçəkləşməsi, nəticədə onu verənin yox, hökumətin nüfuzunu artıra, sosial dayaqlarını möhkələndirə bilər. “Ancaq, bu baş vermir, əksinə, bu cür fikirlərə qarşı aqressiv münasibət göstərilir”. Qəhrəmanlı bunu iki səbəblə izah edir. Onun sözlərinə görə, ya bu cür rasional təklifləri gerçəkləşdirmək üçün səriştə, bacarıq çatmır. “Ya da məqsəd korrupsiya yolu ilə daha çox pul mənimsəmək olduğu üçün, işin səmərəsi kimsəyə maraqlı deyil”. O fikirlərini misalla izah edib: “Sadə bir misal deyək, 30 il ərzində dünyaya xam neft satmaq yerinə, neftin emalı ilə çoxsaylı məhsullar istehsal edib, həm gəlirləri 5-6 qat artırmaq olardı, həm də ölkədə işsizlik probleminin həllinə ciddi töhfə verilmiş olardı. Ancaq həm səriştəsizlik, həm də tamahkarlıq üzündən böyük bir fürsət itrildi və ölkə xammal bazası olmadan oyana gedə bilmədi. Bu problem bütün sahələrdə var və bu iqtidarın dönəmində dünyaya bazarına bircə dənə də olsun texnoloji məhsul təqdim etməmişik”. AXCP funksioneri qeyd edir ki, 70 milyarddan artıq vəsait guya regionların inkişafına sərf olunub. “Bu gün, o regionlarda işsizlik kütləvi xarakter daşıyır və yerli istehsalat şəbəkəsi demək olar ki, yoxdur. Halbu ki, 70 milyard vəsait sadəcə hansısa banka depozit kimi qoyulsaydı, təqribən illik 3,5 milyard dolar gəlir olardı. Bu gün isə, büdcə gəlirlərində regionların payı heç 4 %-ə çatmır. Bu isə təqribən 600-700 milyon dollara yaxın bir vəsait deməkdir. Halbuki, səmərəli və korrupsiyasız idarə etmə olsaydı, hər il bundan ən azı 10 dəfə artıq vəsait büdcəyə daxil olar, yüz minlərlə yeni iş yerləri açılmış olardı. İqtisadiyyatın istənilən sahəsi üzrə itirilmiş fürsətləri əks etdirən çoxsaylı nümunələri çəkmək olar”. Qəhrəmanlı təəssüflə qeyd edir ki, Azərbaycan böyük fürsətləri və zamanı itirib.