Turizm batıb! - “Turist axını kəsildi, xidmət sektoru söndü”





“Bu gün mənə sual edilib ki, bu ilin yanvar-fevral aylarında Azərbaycana gələn xarici vətəndaşlar bank kartları ilə 50,5 milyon ABŞ dolları pul xərcləyib. Və bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,1 dəfə azdır. Cavab verirəm ki, xaricilərin bank kartları ilə ötən ilin eyni dövrü ilə müqayisədə az pul xərclədikləri təbii haldır”.
 Bunları iqtisadçı-ekspert Pərviz Heydərov deyib. 
 Ekspert “Sherg.az”a açıqlamasında bunun səbəblərini izah edib: 

“Bir ildən çoxdur ölkədə pandemiya şəraiti hökm sürür və bütün iqtisadi fəaliyyət sahələri dondurulmuş vəziyyətdə idi. Hələ təzə-təzə bu vəziyyətdən çıxmağa çalışırıq. İqtisadiyyatda ən böyük zərbə turizm və xidmət sektoruna dəyib. Sual edirəm, bunun müqabilində hansı xarici vətəndaşlar üzrə bank kartları sahəsində pul xərcləməsindən danışmaq olar ki?

Son bir il ərzində bütün aviareyslər dayandırılmış vəziyyətdə idi. Bura kimlər gələ bilirdi ki, bank kartları ilə də vəsait xərcləsinlər? İqtisadiyyat passiv vəziyyətdə idi.

Turizm ölü şəkildədir. Ümumiyyətlə, turizm bütün dünyada batmış durumdadır. Xatırladım ki, ölkəmiz 2018-2019-cu illər ərzində turistlərin gəlişi sahəsində rekord göstəricilər əldə etmişdi. Turizm sektoru yüksək templə inkişaf etməkdə idi. Ölkəyə ərəb ölkələrindən güclü axın var idi.

Bu, ölkəyə valyuta gətirirdi, alış-verişi və ticarət dövriyyəsini sürətləndirmişdi. Bütün bunlara keçən ilin mart ayından başlanan pandemiya şəraiti son qoydu.

Turist axını kəsildi. Xidmət sektoru söndü. Gəlib-gedənlərin sayı sıfıra endi, ticarət və pul dövriyyəsi daraldı. Bu vəziyyət hələ də, demək olar ki, davam etməkdədir”.
Tarix: 3-04-2021, 15:23
Xəbəri paylaş



Xəbər lenti