Unikal.org sabiq nazirlərin, məmurların və millət vəkillərinin nə qədər təqaüd almasını dəqiqləşdirib. Sabiq baş nazir Novruz Məmmədov 1500 manat pensiya, Baş nazirin sabiq müavini, Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbov 4000 manat, Baş nazirin sabiq müavini Abid Şərifovun 3500, Baş nazirin sabiq müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sabiq sədri Əli Həsənov 4000 manat, Baş nazirin sabiq müavini Elçin Əfəndiyev 3500 manat, Baş nazirin sabiq müavini, sabiq Kənd Təsərrüfatı naziri İsmət Abbasova 3500 manat, Sabiq Təhsil naziri, Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov 2300 manat, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov 4000 manat, Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədov 3640 manat, sabiq millət vəkili Ağacan Abıyev 2500 manat pensiya alır.
Dövlət qulluqçularına, o cümlədən sabiq nazirlərə pensiya təyinatı “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsi əsasında, yəni sığorta göstəriciləri nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr hesablanmaqla həyata keçirilir. Qulluq stajına münasibətdə onlara təyin olunmuş pensiyanın məbləğləri fərqli ola bilər.
40 il sürücü işləmiş Mehdi Rəsulov 65 yaşında 140 manatla pensiyaya çıxıb, illər ərzində pensiyası arta-arta 200 manata çatıb. Lakin Rəhim kişiyə bu pensiyanı alıb qocalıq keçirmək qismət olmayıb. Ölümündən sonra onun pensiyası 2-ci dərəcəli əlil olan xanımı Hünər Rəsulovaya yönləndirilib. 16 illik əmək stajı olan Hünər Rəsulovanın hazırda 62 yaşı var və pensiyası saxta əlillərin siyahısına qatılaraq kəsilib. Bax belə!
Ölkədə vəzifədə olarkən adı hər cür qanunsuzluqda hallanan keçmiş məmurların aldıqları bir aylıq pensiya 40 il əmək stajı olan əlləri qabarlı sürücünün bir illik pensiyasından qat- qat çoxdur.
İqtisadçı Asif İbrahimov hesab edir ki, müxtəlif təbəqələr arasında pensiyada yaranan bu yüksək fərq əslində əmək haqqının verilməsindəki yüksək paradoksla da əlaqədardır. Bir müəllimin maaşı dövlət məmurunun maaşından ən az 10 dəfə azdırsa, təbii ki, pensiyada bu qədər böyük fərq olacaq.
“Bu barədə ciddi düşünmək lazımdır. Azərbaycanda bazar iqtisadiyyatına tam keçid edə bilmədiyimiz üçün sosial təminatımızda da çatışmazlıqlar, qüsurlar özünü göstərir. Xaricdə insanlar özəl təşkilatlarda çalışmağa çalışırlar. Çünki oturaqlaşmış bazar iqtisadiyyatı şəraitində özəl təşkilatlarda insanların gəlirləri daha yüksək olur. Gəlir yüksək olanda sosial fondlara ödənişlər də çoxalır. Bu baxımdan Avropa Birliyində özəl şirkətlərdən təqüdə çıxanların təqaüdü dövlət qurumlarından təqüdə çıxanların təqüdündən daha yüksək olur.
Azərbaycanda bir nazir, deputat 3000 manat maaş alırsa, ondan tutulmalar da maaşına müvafiq olur. Özəl şirkətlər deyək ki, sürücünü işə alanda ona 500 manat verirsə, minimum əmək haqqı ilə qeydiyyata salır. Müqavilə bu məbləğlə bağlanır. Yəni 280-300 manatla. 300 manata qeydə alınmışsa, ona uyğun da sosial tutulmalar olacaq. Buna görə də 3000 manatla 300 manatın sosial tutulmaları arasındakı fərq də pensiyada özünü bu şəkildə anormallıqla göstərir. Hər iki maaşın 21,5 faizi arasındakı fərqi hesablamaq heç də çətin deyil. Bu kimi haqsızlığı aradan qaldırmaq üçün bazar iqtisadiyyatının tələblərinə uyğun həmlələr etməliyik. Bazar iqtisadiyyatı inkişaf etdikcə sadə vətəndaşlar dövlət qurumlarında deyil, özəl təşkilatlarda işləməyə üstünlük verəcəklər. Bizdə universiteti bitirən tələbələrə sual verəndə əksərən dövlət müəssiələrində çalışmaq istədiklərini bildirilər. Bunu hədəfləyirlər. Müvafiq qanunverici sənədlərdə ciddi düzəlişlər edilməlidir ki, bizim sadə vətəndaşımız da avropalı həmyaşıdları kimi normal pensiyalar ala bilsinlər”,- deyə ekspert bizimyol.info-ya bildirib.
Avropalı yaşlılarla öz ağbirçək və ağsaqqallarımızı müqayisə edəndə yadıma bir fakt düşdü. Bir neçə il öncə Azərbaycana turist səfərinə gəlmiş və burda vəfat etmiş 92 yaşlı yapon qadının cənazəsinin öz vətəninə qaytarılması ilə bağlı bir xəbər işləmişdik, həyat sığortasının önəmini vurğulamışdıq. Sosial şəbəkə izləyicilərinin bu xəbərə reaksiyası isə belə olmuşdu.
“Bu yaşda nə işi var səfərdə”, “Ver kartını nəvələrin dolansın”, “Nə qədər pensiya alırlar ki, hələ bir dünyanın o biri başına səfərə də gedirlər bu qocalar?”
İçərişəhərdə 70 yaş, 80 və 90 yaş qruplarına bölünərək gəzən fransalı, yaponiyalı, almaniyalı turistləri tez-tez görürdüm və hər görəndə açıqca həsəd aparırdım. Ömrünün son illərini qayğısızca səyahətə həsr etmələri, arzularını gerçəkləşdirmələri, ən önəmlisi də arzularını gerçəkləşdirmək üçün maddi imkanlarının olmalarına... Bizim ömrünü sadə əməkçi kimi keçirmiş pensiyaçımız nəinki xaricə səfərə, heç canı ağrıyanda xəstəxanaya da getməyə imkan tapmır. 200 manat pensiya ilə ancaq yaşlılıq zamanı artan tələbata çevrilmiş dərmanını da almaq mümkün deyil. Hörmətli cənablar, insan bəsləyirsiniz, yoxsa smitlə qidalanan göyərçin?..
Tarix: 1-04-2021, 23:50