Eyyub Kərimli: “Ortada sahibkarların suni qiymət artımı müşahidə edilir” Eyyub Hüseynov: “Yarmarkaları elə yerlərdə və vaxtda təşkil edirlər ki, vətəndaş ora gedib çıxa bilmir” Koronavirus pandemiyası hökuməti qapanmalara getməyə məcur etməklə iqtisadiyyata zərbə vurmuş oldu. Bunun da əziyyətini ən çox xalqın sadə nümayəndələri çəkir. Uzun müddət yolların bağlı olması, məclislərin keçirilməsindəki qadağa bir çox insanın cibinə təsir edib. İnsanlarda pul yoxdur, bazarda da qiymətlər od tutub yanır. Qiymət artımı da insanları bir tərəfdən sıxışdırır.
AYNA günbəgün artan qiymətlərin səbəbi və bu vəziyyətin nə vaxta qədər davam edəcəyi ilə bağlı ekspertlərlə həmsöhbət olub.
İqtisadçı ekspert Eyyub Kərimli qiymət artımının həmşəki kimi bayramərəfəsi xarakter daşıdığını deyib: “Bizdə həmişə bayramöncəsi qiymətlərdə artım müşahidə olunur. Dünya praktikasını isə müşahidə etdikdə görürük ki, bayramöncəsi bir çox sahibkarlıq və ticarət subyektləri qiymətləri endirir, daha çox dövriyyənin artmasına üstünlük verir və beləcə daha çox gəlir əldə edirlər. Təəssüf ki, bizdə əks proses baş verir. Hesab edirəm ki, bu, həm mövsümi xarakter daşıyır, həm də sahibkarların suni qiymət artımına getmələri ilə bağlıdır. Düzdür, yanacağın, suyun qiyməti artıb, amma sahibkarlıq subyektləri üçün belə artım olmayıb. Burada daha çox sahibkarların suni qiymət artımı müşahidə edilir”.
Ekspert hesab edir ki, qiymət artımı mart ayının sonuna kimi dayanacaq: “Hazırda çoxlu sahibkarlıq subyektlərinda endirim kampaniyaları var. Bəzi marketlərdə ərzaq məhsullarına xeyli endirimlər müşahidə etdim. Eyni zamanda ət məhsullarının da qiyməti enib. Hesab edirəm ki, qiymət artımı martın sonuna kimi dayanacaq və qiymətlər tələb-təklif əsasında formalaşacaq”.
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynovun dediyinə görə, onlara qiymət artımı ilə bağlı gün ərzində 4-5 zəng daxil olur: “Bayramda tələbat artan məhsullarda 20 gün əvvəldən 10%-dən artıq bahalaşma istehlakçıların narazılığına səbəb olub. Qiymət artımı keçən ilki kimi olsa da, bu il əhalinin alıcılıq qabiliyyəti aşağı düşüb. Lakin nə etmək olar, azad bazar iqtisadiyyatıdır, hər kəs malını istədiyi qiymətə sata bilər”.
Həmsöhbətimiz bildirib ki, belə vəziyyətdə əhalinin dövlət tərəfindən təşkil olunan yarmarkalardan da narazılığı var: “Yarmarkalar şənbə-bazar günləri, şəhərdə üç yerdə təşkil olunur. Həmin günlərdə isə şəhərdə ictimai nəqliyyat işləmir. Belə olduqda əhali yarmarkaya ya şəxsi maşını, ya da taksi ilə gəlməlidir. Bu xərcləri də əlavə edəndə elə bazardan aldığı qiymətlə eyni xərci çıxmış olur. Bir sözlə, hökumətin təşkil etdiyi yarmarkalar bütün istehlakçılar üçün əlçatan və ədalətli şəkildə təşkil olunmayıb”.
Bu səbəbdən AİB sədrinin fikrincə, hökumət ya yarmarkaların dislokasiyasını genişləndirməlidir, ya da şəhərin müəyyən yerlərindən insanları təmannasız olaraq yarmarkalara daşımaq üçün xüsusi avtobuslar ayrılmalıdır: “Əks halda satıcılar da narazıdırlar. Alıcılıq aşağı olanda satıcılar da məcburdurlar ki, əllərindəki malı geri qaytarmamaq üçün zəzərinə satsınlar. Belə bir narazılıq şəraitində - yəni alıcı da narazı, satıcı da - güman edirəm ki, dövlət bunları etməsə, satıcılar da bundan imtina edəcəklər”.
“Bizə məlumatlar gəlir ki, icra nümayəndələri satıcıları yarmarkalarda iştiraka məcbur edirlər. Əlbəttə ki, bazar inzibati təzyiqi sevmir, o, tələb-təklif əsasında işləyir. Düşünürəm ki, belə gedərsə, yarmarkalar iflasa uğraya bilər. Keçən il Novruz bayramı ərəfəsində “28 May”-da təşkil olunan yarmarkadan üç nəfər satıcı yaxınlaşıb bildirdi ki, çadırları onlara vermək üçün külli miqdarda pul alıblar onlardan. Belə olduqda onlar da həmin pulu satış etdikləri malın üzərinə pul qoymaqla çıxarırlar. Buna görə də işi elə qurmaq lazımdır ki, tam şəffaflıq olsun, hansısa kənar amillər malların qiymətinə təsir etməsin”, - deyə Hüseynov vurğulayıb.
Onun sözlərinə görə, bazarda tələbin artması ilə keyfiyyətsiz məhsullar da ortaya çıxa bilir: “İstehlakçılar çox diqqətli olmalıdırlar, xüsusilə də balıq və balıq məhsullarında, qoz-fındıqda. Aflatoksin göbələyi ola bilər, insanlar zəhərlənə bilərlər. Şübhəli bir hal olduqda vətəndaşların 1003 “qaynar xətti” ilə Qida Təhülkəsizliyi Agentliyinə (AQTA) zəng vurmalarını tövsiyə edirəm”.
Ekspert “suni qiymət artımı” ifadəsini də düzgün hesab etmir: “Çünki hər bir istehsalçı malını istədiyi qiymətə sata bilər, bunu bazar özü tənzimləyir. Hökümət orqanlarının əli ilə “suni qiymət artımı” adı altında satıcılara təzyiq göstərmək yolverilməzdir, bu, yanlışdır. Hökumət müəyyən tənzimləmə addımı kimi bir sıra mallar üçün yuxarı qiymət həddi müəyyən edə bilər. Nazirlər Kabinetinin qərarı ilə yuxarı qiymət həddi təsdiqlənsin. Hazırda isə belə bir qərar yoxdur. Məndə olan məlumata görə, hökumət çörəyin qiymətini təzyiq altında saxlayır. Çörək istehlakçıları “qırımızı xətt”in üstündə dayanıblar. Belə gedərsə, çörək istehsalı böyük çörəkbişirmə müəssisələrinin əlində cəmləşəcək və təmərküzləşmə baş verəcək. Əlbəttə, biz bunun tərəfdarı deyilik”.
“Suni qiymət artımından danışarkən marketlərdə taxçaların təchizatçılara satılması hallarının da rolunu qeyd etmək yerinə düşər. Marketlərdə taxçalar mal gətirənlərə satılır. Hər taxçanın da öz qiyməti var. Bunun qarşılığında mal gətirənlərdən külli miqdarda pul alınır. Bu pullar da vergidən yayınaraq nağd alınır. Nəticədə də həmin rüşvət satılan malların qiymətinə əlavə edilir. Eyni zamanda marketlər xarici məhsullar üçün piştaxtalarda daha çox yer ayırır, yerli məhsullara az yer verir. Yerli istehsalçıdan da, xarici istehsalçıdan da taxçalar üçün pul alınır. Market sahiblərinin bu cür siyasəti yerli istehsalçıların stimullaşdıdırılmasının qarşısını alır. Bu da suni qiymət artımı yaradır. Düşünürəm ki, marketlər üçün Nazirlər Kabinetinin bu istiqamətdə qərarı olmalıdır və bu məsələlər tənzimlənməlidir. İqtisadiyyat Nazirliyinin uyğun qurumu marketlər üçün qayda yaratmalı, təchizatçılardan pul alınmasının qarşısını almalıdır ki, onlar da həmin pulları malların üzərinə gəlməsinlər”, - deyə AİB sədri diqqətə çatdırıb.
Hüseynov onu da əlavə edib ki, dövlət qurumları bəzən suni qiymət artımı ilə mübarizə üçün, guya monitorinq aparır: “Qiyməti dövlət tərəfindən tənzimlənməyən malların qiymətinə heç kəs müdaxilə edə bilməz. Dövlətin borcu odur ki, bolluq və azad bazar iqtisadiyyatı üçün şərait yaratsın. Azad rəqabət mühiti olanda malların keyfiyyəti qalxacaq, bolluq olacaq, qiymətlər də aşağı düşəcək. Çox təəssüf ki, cənab Prezidentin bütün iqtisadi yığıncaqlarda dediyi kimi ölkədə kartel sövdələşmələri var. Uyğun dövlət qurumları bunun qarşısını almaq üçün ya iş aparmır, ya da bunda maraqlı deyil. Təsadüfi deyil ki, 10 ildən artıqdır Rəqabət Məcəlləsi Milli Məclisdə qəul olunmur. Bunlar monopoliya ilə məşğul olanların xeyrinədir. Düşünürəm ki, bu məsələlər həll olunmalıdır”.
Tarix: 23-03-2021, 21:57