Pandemiyanın digər ölkələr kimi Azərbaycana təsiri olsa da, Neft Fondundakı 40 milyard dollardan çox “təhlükəsizlik yasdığı” COVİD- 19-la mübarizəni nisbətən asanlaşdırıb.Amma pandemiyanın nə zaman bitəcəyi haqqında konkret fikir yoxdur. Vaksinasiya prosesi də istənilən səviyyədə deyil.
Dünya hələ üçüncü dalğa, pandemiyanın ilin sonuna kimi bitməyəcəyi barədə Ümumdüya Səhiyyə Təşkilatı rəsmilərinin bəyanatları narahatlığı daha da artırır.
Pandemiya ilə mübarizənin istənilən səviyyədə aparılması üçün Azərbaycanın iqtisadi və tibbi potensialının yetərli olması lazımdır.
Maraqlıdır, pandemiya ilə mübarizədə Azərbaycanın iqtisadi və tibbi potensialı kifayət edəcəkmi?İqtisadçı-ekspert Natiq Cəfərli
Cebhe.info-ya açıqlamasında deyib ki, Azərbaycanın pandemiya ilə mübarizə aparmaq üçün iqtisadi potensialı var və bunun sonadək çatması üçün zamanında iqtisadi qərarlar alınmalıdır:
"Azərbaycan hökumətinin pandemiya əlaqəli addımlarında həmişə gecikmələr olub. Sosial məsələlərin həlli ilə bağlı gecikmiş də olsa, bəzi addımlar atılır. İqtisadi məsələlərin həllində bu gün gecikmələr var. Məsələn, vergi güzəştləri, iş adamlarına dəymiş zərər, icarə məsələləri ilə bağlı addımlar gecikməkdədir. Yəni bu məsələlər hələ də öz həllini gözləyir. İqtisadi potensial olaraq, bizim ölkənin vəziyyəti digər region ölkələri ilə müqayisədə daha yaxşıdır. Çünki təhlükəsizlik yastığı nöqteyi-nəzərindən Neft Fondunun balansında olan 42 milyard dollara yaxın vəsait daha rahat davranmağa imkan verir. Lakin buna arxalanıb iqtisadi addımların alqoritmini gecikdirmək olmaz. Hazırda bizim potensialımız, digər ölkələrə nisbətən üstünlüklərimiz var. Lakin bu üstünlüklərdən düzgün istifadə etməliyik. İş adamlarının ən böyük problemi icarələr, ticarət dövriyyələri, biznes kreditləri, iş yerlərinin genişləndirilməsi ilə bağlıdır. İnsanlar daha çox ərzaq və tibbi ləvazimatlar alır, kommunal xidmət sahələrinə vəsait sərf edirlər. Yerdə qalan digər sahələrdə ticarət dövriyyəsi zəifləyir. Bu da iqtisadiyyata kifayət qədər mənfi təsir göstərən amildir. Ona görə də, düşünürəm ki, potensialımız və üstünlüklərimiz var. Amma o üstünlüklərdən istifadə və qərarların qəbulunun gecikməsi iqtisadiyyatda problemlər yaradır. Pandemiya ilə mübarizədə tibb sahəsində isə Azərbaycan çox yaxşı mübarizə aparır. Xüsusən sürətlə yaranan modul tipli xəstəxanalar bunu deməyə əsas verir".Tibb elmləri doktoru, professor Adil Qeybulla isə deyib ki, Azərbaycan səhiyyəsində müəyyən problemlər olsa da, pandemiya ilə mübarizə aparılır:
"
Pandemiya elə bir prosesdir ki, bütün dünya ölkələrində xəstə sayı artıq olduqda, birinci, ikinci dalğada İtaliya, İspaniya kimi ölkələrdə problemlər yarandı. Xəstələrin böyük əksəriyyətinin yerləşdirilməməsi, stasionar yerlərin çatışmazlığı, bəzi xəstələrə seçim edilərək ev şəraitində müalicə olunması halları yaşandı. Azərbaycanda da ikinci dalğa zamanı oxşar problemlər oldu. Əlbəttə, say çox olduğu üçün heç bir ölkə buna hazırlaşmayıb və bununla qarşılaşdıqları zaman müəyyən problemlər yaşanır. İkinci dalğa göstərdi ki, xeyli çətinliklər yarandı, amma bunun da öhtəsindən gəlindi. Azərbaycan səhiyyəsində müəyyən problemlərin olduğu göz önündədir. Bu, keçid dövrünün səhiyyəsidir və icbari tibbi sığorta yoxdur. Dünya səhiyyəsi bu problemlərin öhdəsindən gəldi. Avropa və Amerika səhiyyəsi bu nümunəni göstərdi. Arzu edərdik bizim də səhiyyəmiz həmin standartlara yüksəlsin. Amma hazırda müəyyən çətinliklər olsa da, pandemiya ilə mübarizə aparılır".
Tarix: 22-03-2021, 22:11