Martın 16-da hökumət Milli Məclisdə hesabat verdi. Əslində “hesabat verdi” ifadəsi çox həşəmətli səslənir. Bəlkə də “hökumət Milli Məclisdə məruzə etdi” yazsaq, daha doğru olardı. Çünki hesab, hesab sorulan yerə verilir. Milli Məclisdə kimdənsə hesab soruşan deputat korpusu yoxdur. Olsa-olsa xahiş edən deputatlar dəstəsi var. O xahişlər isə təbii ki, fərdi qayğılar çərçivəsindən kənara çıxmır.Bizim deputatlar adətən tərif demək üstündə bəhsə girirlər. Problem qaldırmaq, xalqın dərdini söyləmək bizim deputatlar üçün yad məsələdir. Axı deputatlarımız kiməsə görə hansısa nazirlə və yaxud məmurla nəyə görə pis olmalıdır ki“El üçün ağlayan gözündən olar”, – deyiblər. Ona görə də bütün deputatlarımız ancaq öz qayğılarını, bir də qohum-əqrəbalarının problemlərini ağlayırlar. Xalq ancaq seçki günü yada düşür. Yalnız seçki ərəfəsində deputat olmaq istəyənlər xalq və hakimiyyət qarşısında ağlayırlar.
Bu səbəbdən də Milli Məclisdə keçirilən “hesabat” tədbiri qarşılıqlı anlaşma şəraitində keçdi. Heç bir deputat heç bir məmurun toyuğuna kiş demədi. Bir-iki deputat danışdı. O da protokol qaydasına əsasən. Danışan deputatlardan yalnız birinin-Fəzail Ağamalının çıxışı bir qədər diqqət çəkdi.
O dedi ki, “İllərdir 10 minlərlə Azərbaycan vətəndaşını zəlil günə qoyan, ölkədə ailə institutuna ağır zərbələr vuran, insanların evlərini, mülklərini əllərindən alan müasir, başabəla Azərbaycan bank sisteminin yaradıcısı olan Mərkəzi Bankın rəhbəri hələ də bu missiyanı davam etdirir. 100 faizli deyilən istehlak kreditləri ailə quranların faciəsinə çevrilib. 50-60 min manat kredit götürüb sahibkarlıqla məşğul olmaq istəyən iş adamları kiçik bir uğursuzluğa, kreditin ödənişini gecikdirdiyinə görə əlavə faizlərlə, cərimələrlə fantastik rəqəmə çevrilən kreditin əvəzinə girov qoyduğu 200-250 minlik daşınmaz əmlakı məhkəmələrin hökmü ilə müsadirə olunur. Bu cür yanaşma, yüksək faiz hansı ölkədə var?”.
Fəzail Ağamalı bir az da qabağa gedib bildirdi ki, “Mərkəzi Bankın sədri elan edir ki, 31 mərtəbəli 430 milyon manatlıq Mərkəzi Bankın yeni binasının tikintisi üçün tenderin qalibi müəyyən olunub: Baş bankirə xatırlatmaq istərdim ki, həmin pulla indiki bazar qiymətilə yüksək standartlara cavab verən 1 milyon 720 min m2 mənzil və yaxud 12 min 300 yaşayış evi, bir necə məktəb, xəstəxana, uşaq baxçası və digər sosial obyektləri tikib istifadəyə vermək olar”.
Fəzail Ağamalı deməyinə dedi. Amma yel qayadan heç nə aparmır. Elman Rüstəmov Azərbaycan maliyyə bazarının sal qayasıdır. 26 ildir ki, Fəzail Ağamalı kimi o qədər danışanları Baş bankirimiz yola verib ki…
Tarix: 18-03-2021, 14:34