Sabiq nazir hökumətlə razılaşmır: “1 ton kiviyə 150 faiz əlavə vergi alınır, bununla ucuzlaşma olar?”


Sabiq nazir hökumətlə razılaşmır: “1 ton kiviyə 150 faiz əlavə vergi alınır, bununla ucuzlaşma olar?”

İstehlak məhsullarının bahalaşması günbəgün daha çox müşahidə olunur. Dövlət bu istiqamətdə sahibkarlara müəyyən güzəştlər etsə də, qiymət artımının qarşısını almaq üçün subsidiyalar verilsə də, bu, problemi həll etmir.
Məsələyə Baş nazir Əli Əsədov da 16 martda Milli Məclisdəki çıxışında münasibət bildirərək, qiymət artımının hökumətin nəzarətində olduğunu bildirib. Baş nazir qiymət artımının bəzən hökumətdən asılı olmadığını da qeyd edib. “Bizim ticarət partnyorumuz olan ölkələrdə də qiymətlərin artımı gedir”, - deyən Baş nazir bu istiqamətdə tədbirlərin görüləcəyini də vurğulayıb.
Hələlik hansı tədbirlərin görüləcəyi məlum olmasa da, hökumət bu istiqamətdə çalışır. Qiymət artımının qarşısını almaq üçün ilk növbədə hansı tədbirlər görülməlidir?
Sabiq maliyyə naziri, iqtisad elmləri doktoru Fikrət Yusifov Cebhe.info-ya açıqlamasında bildirib ki, qiymət artımının qarşısını almaq üçün praktiki olaraq 3 məsələ həllini tapmalıdır:

“Kənd təsərrüfatı məhsulları yarmarkalarının təşkilindən başqa hansısa gerçək addım atıldığını görmürəm. Təbii ki, bu da yetərli deyil, çox azdır. Şəxsən özüm apardığım araşdırmalara əsasən deyə bilərəm ki, yarmarkaları təşkil edənlərin 90 faizi vasitəçilərdir. Yəni məhsulun istehsalçısı deyil. Ona görə də vasitəçilər ilk günlər müəyyən qiymətlər yazıb məhsulun üzərində reklam etdikdən sonra qiymətləri dəyişirlər. Ona görə də bu, bir vasitə deyil. Bu yarmarkaların həqiqiliyi üçün istehsalçının özünün bazara girişini təmin etmək lazımdır ki, özü gətirib satsın, vasitəçi yox. İstehsalçıları dəvət etmək lazımdır ki, gəlin, biz sizə şərait yardacağıq. Beləliklə, vasitəçiləri ortadan çıxarmaq lazımdır. Bu, bir faktordur”.
Sabiq nazir bildirib ki, qiymət artımının, bahalaşmanın yaranmasının növbəti səbəbi gömrükdəki tarif və rüsumların həddən artıq çox olmasıdır:
Ölkəyə gələn mal və məhsula 35-40 faiz rüsum alınır. Bunun qarşısını almaq lazımdır. Bu tarifləri və rüsumları Nazirlər Kabineti müəyyənləşdirir. Hesab edirəm ki, Nazirlər Kabineti təcili olaraq bu rüsumların nizamlanması istiqamətində təxirəsalınmaz addımlar atmalıdır. Əks halda, qiymət artmının qarşısını heç cür almaq mümkün deyil. Gerçək olaraq, bu gün gömrükdəki özbaşınalıq, süründürməçilik halları və praktiki olaraq Azərbaycana məhsul idxal edən tərəflərin əldə etdikləri invoysların heçə sayılması, guya bazardakı real qiymətləri öyrənib, gətirilən malların qiymətlərinin bir neçə dəfə əsasız şəkildə artırılması nəticə etibarı ilə idxalçını məcbur edir ki, ödədiyi rüsümün qədərində malın qiymətini qaldırsın. Real mənzərə budur. Ona görə də hökumət bu işlə məşğul olmalıdır. Yalnız bəyanat verməklə məsələ həll olunmur. Qiymət artımı necə nəzarətdədir ki, 35-40 fazi rüsum alınır?
Bunlarla yanaşı, fiziki şəxslərin bir ay ərzində xarici ölkələrdən Azərbaycana gətirdiyi məhsulların həcminə qoyulan məhdudiyyət indiki dönəmdə təcili şəkildə aradan qaldırılmalıdır. Bu, əvvəl 1500 dollar idi, sonra 800 dollara endirildi. İndi də 300 dollar civarında müəyyənləşdiriblər. Bu da bazarda yoxsullaşmaya ciddi təsir edir. Əvvəl həmin məhsulları gətirən insanlar onların bir hissəsini özləri istehlak edir, qalanını satırdılar. İndi bu mümkün deyil. Bu da monopolistlərə meydan yaratdı ki, gedib həmin məhsulları gətirib, istədikləri qiyməti diktə etsinlər. Bu gün də monopolistlər istədikləri qiyməti diktə edirlər ki, bu da qiymət artımı şərtləndirir”.
Ekspert hesab edir ki, gömrük vergi tariflərinə təcili baxılmalı və bir neçə dəfə azaldılmalıdır:
“İrandan Azərbaycana gətirilən kivi meyvəsinin oradakı qiyməti 300 dollardır. Azərbaycan gömrüyünü keçəndə 1 ton kivi üçün 450 dollar rüsum alınır. Belə olanda, kivinin qiyməti bizdə nə qədər olmalıdır? Yəni 1 ton kiviyə 150 faiz əlavə vergi alınır. Bunu təsadüfi misal kimi demədim, konkret olaraq idxalçının özü ilə maraqlanmışam. Ona görə bu faktdır. Ona görə də kivinin bazarda 1 kiloqramı 2.80 manata başa gəlir. Pandemiya şəraitində immunitetini gücləndirmək üçün insanlara ən çox sitrus meyvə tükətməsi tövsiyə olunur.
Xüsusən də C vitamini olan meyvələr. Kividə olan C vitamini digər meyvələrdən 10 dəfə çoxdur. Gömrük vergi tariflərinə təcili baxılmalı və bir neçə dəfə azaldılmalıdır. Əks halda vəziyyət daha da pisləşəcək”.
Tarix: 17-03-2021, 14:21
Xəbəri paylaş



Xəbər lenti