İdxal malları 23 faiz bahalaşıb



Nemət Əliyev, iqtisadçı ekspert, AXCP iqtisadi siyasət komissiyasının sədri
İdxal malları 22,7% bahalaşıb. Bazarların “od tutub yanmasının” əsas səbəblərindən biri də budur. Bu bahalaşmanın yaratdığı əlavə xərclər prezident sərəncamları ilə həyata keçirilən əmək haqqı, pensiya və sosial müavinət artırımlarını 1,4 milyard manat üstələyib.
Tam tərkibdə buraxmaq və yenidən təşkil etmək lazımdır Dövlət Gömrük Komitəsini. Yeni formalaşacaq tərkibə hazırkı heyətdən bir nəfəri də yaxın buraxmaq olmaz. Burada normal düzən yaratmağın alternativ yolları haqqında düşünmək sadəlövhlükdən başqa bir şey deyil. Dövlət Gömrük Komitəsinə gətirilən sonuncu sədrin fəaliyyətində ilk vaxtlar müəyyən qədər müsbət çalarlar diqqəti cəlb etsə də, sonradan hər şey köhnə hamam, köhnə tas səviyyəsinə düşüb.
Azərbaycana idxal olunan malların yüksək səviyyədə bahalaşması malların gətirildiyi xarici ölkələrdəki qiymət səviyyəsinin dəyişməsi ilə qəti şəkildə əlaqəli deyil. Bunun əsas səbəbini Dövlət Gömrük Komitəsində axtarmaq lazımdır.
Rusiya və Qazaxıstan da neft-qaz ölkəsidir. Bu ölkələr də Azərbayacan kimi əsasən qeyri neft-qaz malları idxal etməklə məşğuldur. Amma Qazaxıstanın idxal etdiyi mallar 2020-ci ildə vur-tut 4,1% bahalaşıb (aşağı bax: mənbə-1). Rusiya Federal Gömrük Xidmətindən verilən məlumata görə bu ölkənin idxal etdiyi malların orta qiyməti ötən il ərzində nəinki bahalaşmayıb, əksinə 3% ətrafında ucuzlaşıb (aşağı bax: mənbə-2). Azərbaycanın dövlət gömrük sərhəddində qiymətlərin başına hansı oyunların gətirilməsini üzə çıxarmaq baxımından Belarus nümunəsi də ibrətamizdir. Bu ölkədə idxal olunan malların orta qiyməti ötən il 8,7% ucuzlaşıb (aşağı bax: mənbə-3). İqtisadi potensialına görə Azərbaycandan çox-çox zəif olan Ermənistanda orta qiymət vur-tut 0,3% bahalaşıb (aşağı bax: mənbə-4). Qonşu Gürcüstanda isə bu göstərici cəmi 6% artıb (aşağı bax: mənbə-5). Azərbaycanda isə idxal olunan mallar 22,7% bahalaşıb (aşağı bax: mənbə 6).
Azərbaycan idxalının kəskin bahalaşmasının Dövlət Gömrük Komitəsi ilə əlaqədar olması qənaətinə gəlmək üçün bu məlumatlar və müqayisələr kifayət qədər yetərlidir. Çünki oxşar və ya eyni iqtisadi coğrafiyadan alış-veriş həyata keçirən ölkələrin alış qiymətləri arasında bu dərəcədə fərq ola bilməz, mümkün deyil.
Dövlət Gömrük Komitəsində nələrin baş verməsini anlamaq üçün dövlət başçısının ətrafında özünə yer etmiş iqtisadçılar, hüquqşünaslar ilk növbədə yuxarıdakı tapmacaların cavablarını tapmalıdırlar. Bu tapmacalar yalnız idxal sahibkarlığına deyil, yalnız yerli istehsala deyil, həm də əhalinin sosial vəziyyətinə ağırlaşdırıcı təsir göstərir. Bu gün bazarların “od tutub yanmasının” əsas səbəblərindən biridir idxaldakı bu bahalaşma.
Əgər ötən il idxalın həcminin 10,73 milyard dollar həcmində olmasını nəzərə alıb hesablasaq, məlum olur ki, bu məbləğin 2 milyard dolları bahalaşma hesabına yaranıb (10,73-10,73:(100+22,7)/100≈2,0) Deməli, ölkə daxilində yalnız idxal mallarının satınalınmasına çəkilən xərclər bahalaşma səbəbindən 3,4 milyard manat artıb.
Maliyyə Nazirliyinin açıqladığı rəsmi məlumata görə 2020-ci ildə əmək haqqı, pensiya və sosial müavinətlərin artımına dövlət büdcəsindən 2,040 milyard manat vəsait yönəldilib (bax: mənbə 7). Gəlirlərin 2 milyard, xərclərin isə 3,4 milyard manat artması şəraitində həyat səviyyəsinin yaxşılaşması haqqında danışmaq birmənalı şəkildə absurddur. Gömrük sərhəddində idxal mallarının kəskin dərəcədə bahalaşdırılması dövlət sosial müdafiə tədbirlərinin əhəmiyyətini heçə endirir. Bu yolla sosial həyatı heç zaman yaxşılaşdırmaq mümkün deyil. Belə vəziyyətdə həyat səviyyəsi ancaq pisləşə bilər. Əgər buraya yerli malların bahalaşmasının təsirini də əlavə etsək, ölkəmizədə həyat səviyyəsinin ağırlıq dərəcəsini tam şəkildə təsəvvür etmək olar. Odur ki, nə qədər geç deyil gömrük orqanlarının özbaşınalığına son qoyulmalı, qanunvericiliyin tələblərinin kobud şəkildə pozulmasının qarşısı alınmalı və idxal mallarının gömrük dəyərinin müəyyən edilməsinin qanunvericiliyin tələblərinə uyğunlaşdırılması istiqamətində təcili və təxirəsalınmaz tədbirlər həyata keçirilməlidir.
Mənbələr:
1)https://stat.gov.kz/edition/publication/month (bax: «Socio-economic development of the Republic of Kazakhstan, January 2021, Statistical bulletin»)
2)https://customs.gov.ru/folder/824
3)https://belstat.gov.by/o-belstate_2/novosti-i-meropriyatiya/novosti/ob_itogakh_vneshney_torgovli_tovarami_v_2020_godu/
4)https://www.armstat.am/ru/?nid=82&id=2359 (bax: «1.3. Цены и тарифы»)
5)https://www.geostat.ge/en/modules/categories/31/import-price-index#
6)https://www.stat.gov.az/news/macroeconomy.php?page=1
7)http://maliyye.gov.az/scripts/pdfjs/web/viewer.html?file=/uploads/static-pages/files/6024d93a7f106.pdf
Tarix: 17-02-2021, 15:50
Xəbəri paylaş



Xəbər lenti