“Bu yolla guya büdcənin proqnoz göstəricilərini artırmaq istəyirlər”
“Artımın qarşısının alınmasının yeganə yolu Dövlət Gömrük Komitəsinin ləğv edilməsi və onun İqtisadiyyat Nazirliyinə birləşdirilməsindən keçir”Son günlər mağazalardakı müxtəlif ərzaq məhsullarının qiymətində ciddi artım müşahidə olunur. İnsanlar bir həftə əvvəl aldıqları məhsulun yeni qiymətini görüb heyrətlənməyə bilmirlər. Vətəndaşların, necə deyərlər, “qəpiyə güllə atdıqları” bir vaxtda niyə qiymətlər 30-40 faiz bahalaşır?! Məsələn, bir neçə gün əvvələdək 6 manat 45 pəpiyə təklif olunan “Zalatoy Solniska” qarğıdalı yağının qiyməti birdən-birə üç manat bahalaşıb. Bu isə, az qala, yarı qədər, daha dəqiq desək, 47 faiz artımdır. Yaxşı, bəs niyə?!
İqtisadçı- ekspert Nazim Bəydəmirli “Sherg.az”a açıqlamasında məsələyə təsir edən məqamlardan danışdı:
“Müxtəlif ölkələrdən bizə idxal olunan bəzi məhsullar vətənlərində ucuz olsa da, bizdə qeyri-adekvat dərəcədə bahadır. Bu isə süni qiymət artımı deməkdir. Süni qiymət artımının səbəbkarı isə sahibkarlar yox, müvafiq dövlət qurumları, xüsusilə Dövlət Gömrük Komitəsidir.
Bu yolla guya büdcənin proqnoz göstəricilərini artırmaq istəyirlər.
İkinci bir tərəfdən, müxtəlif ölkə məhsullarının çıxışına qadağa qoyulması və tələblə təklif arasında yaranan ziddiyət də səbəb kimi göstərilə bilər. Lakin, məncə, birinci fakt daha ağlabatandır”.
N.Bəydəmirli, həmçinin çıxış yolunu da göstərdi:
“Nəqliyyat xərclərinin, kommunal xərclərin bahalaşması da ümumi qiymət artımına təsir göstərə bilər. Lakin uzaqbaşı 5 faiz. Daha bu qədər yox. Dediyim kimi, ciddi qiymət artımının qarşısının alınmasının yeganə yolu Dövlət Gömrük Komitəsinin ləğv edilməsi və onun İqtisadiyyat Nazirliyinə birləşdirilməsindən keçir. Nəticədə vergi- gömrük siyasəti vahid mərkəzdən idarə olunacaq”.
Tarix: 8-02-2021, 20:17