Ekspert Vahid Məhərrəmov Yüzlərlə kəndli müflis oldu. Kimdir günahkar? Keçən ilin yekunlarına həsr olunmuş müşavirədə İlham Əliyev Rusiyanın bir ay əvvəl Azərbaycandan pomidor ixracına qoyduğu qadağanı yada salaraq demişdi: “Xatırlayıram, bir neçə il bundan əvvəl Rusiya tərəfi bizə müraciət etmişdi ki, – o vaxt sanksiyalar tətbiq olunmuşdu, – Azərbaycan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracını artırsın”. Bundan əvvəl isə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda İlham Əliyev demişdi: “Deməliyəm ki, Rusiyaya pomidor ixracında Azərbaycan birinci yerdədir. Biz çalışmalıyıq ki, bu birinciliyi saxlayaq”. Həmin ilin (2018) dekabr ayında ASTNA.biz saytında “İstixana bumu nə ilə nəticələnə bilər?” başlığı altında gedən yazıda hökuməti də, pomidor istehsalı, ixracı ilə məşğul olan sahibkarları da ciddi xəbərdar etmişdik. Yazmışdıq ki, hələ ki gec deyil, pomidor istehsalı, ixracı ilə məşğul olan sahibkarlar məhsulun realizasiyası ilə bağlı problemlərlə qarşılaşmamaq üçün ciddi düşünsünlər. Əsaslandırmışdıq ki, son zamanlar Rusiya Federasiyasında istifadəyə verilən müasir istixana təsərrüfatlalarının sayı get-gedə artmaqdadır. Və onu da qeyd etmişdik ki, Rusiya yaxın zamanlarda idxal etdiyi pomidorun həcmi qədər məhsulu ölkə daxilində istehsal etməyə nail olacaq. Pomidor ixracı ilə məşğul olan Azərbaycanlı sahibkarlara məsləhət bilmişdik ki, yaxın müddətdə istixana məhsulları ixracı üçün yeni bazarlar axtarsınlar. Həmçinin istixanalarda məhsul yetişdirən sahibkarlardan məhsuldarlığı artırmağı, məhsulun keyfiyyətini yaxşılaşdırmağı, istehsal xərcini azaltmaq və məhsulun rəqabətqabiliyyətliyini yüksəltməyi tövsiyyə etmişdik. Rusiya tərəfinin müraciəti ilə kəndlilərə pomidor becərməyi təklif edənlər, Rusiyaya pomidor ixracında Azərbaycanı birinci yerdə saxlamaq istəyənlər pomidor istehsalçılarını çox ciddi zərbə altında qoydular. Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti 10 dekabr 2020-ci ildən etibarən Rusiyaya Azərbaycan mənşəli pomidor və alma idxalını qadağan etdikdən sonra yüzlərlə azərbaycanlı sahibkarlar ziyana məruz qalmışlar. Sahibkarlar ixrac məqsədi üçün istehsal etdikləri məhsulun bir hissəsi anbarlarda xarab olmiş, bir hissəsi isə daxili bazarlarda maya dəyərindən ucuz satılmışdır. Yüzlərlə istixana təsərrüfatlarda yetişdirilən pomidor şitilləri tələb olunmadığı üçün zibilliyə atılmışdır.