"XALÇA ALTINA SÜPÜRÜLƏN” MİLYONLAR... - Vidadi Muradov "Azərxalça" ASC-də 114 milyonun "başına necə daş salıb?"



Tanınmış iqtisadçı Toğrul Maşallı "Azərxalça" ASC-nin 5 illik fəaliyyətini araşdırıb. Bu sahəyə yatırılan dövlət investisiyalarını, xərcləmləri, habelə nəzarəedici qurumların ASC barədə hesabatlarını təhlil edib.
Xatırladaq ki, yanvarın 9-da "Azərxalça" ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov külli miqdarda mənimsəmələrdə ittiham olunaraq həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin bir neçə maddəsi üzrə cinayət işi açılıb.
"AzPolitika.info" iqtisadçının həmin araşdırmasını oxuculara təqdim edir:
“Azərxalça" yaxın gələcəkdə rentabelli, ölkəmizə ciddi valyuta gətirən böyük quruma çevriləcək”. Bunu 2019-cu il, martın 5-də “Azərxalça” ASC İdarə Heyyətinin sədri Vidadi Muradov “Azərtac”a müsahibəsində demişdi.
2 il keçmədi, 2021-ci il, yanvarın 9-da, Baş Prokurorluğun Mətbuat Xidmətinin məlumatında V.Muradovun həbsi xəbəri verildi. “Azərxalça” isə nə rentabelli, nə də ölkəyə ciddi valyuta gətirən quruma çevrildi.
Rəsmi məlumata görə, V. Muradovun həbsi bir neçə faktla bağlı idi:
1) Xalça istehsalı üçün ipin formal müqavilələr üzrə alqı-satqısı. Ziyan: 1 149 000 manat.
2) Təsisçisi olduğu “Azər-İlmə” MMC-yə xalçaların ucuz satılması. Ziyan: 339 427 manat
3) Yun təmizləmə xəttinin sərf etməyən qiymətə alınması. Ziyan: 2 084 000 manat.

Beləliklə, İdarə Heyətin sədri vəzifəsində çalışdığı dövrdə (2016-ci il, dekabrın 6-dan fəaliyyətə başlayıb) V.Muradovun şirkətə vurduğu birbaşa ziyanın məbləği 3 572 427 manat təşkil edib.

Bəs şirkət barədə nə bilirik?

“Azərxalça” ASC Prezidentin 2016-ci il, mayın 5-də imzaladığı sərəncama əsasən yaradılıb. Sərəncama görə mövcud “Azərxalça” Elmi Yaradıcılıq İstehsalat Birliyi ləğv edildi və onun bazasında açıq səhmdar cəmiyyəti quruldu. 

Məqsəd, “Azərbaycan Respublikasında xalça və xalça məmulatlarının istehsalını, ixracını, onların ölkə daxilində və xaricdə satışının təşkilini, xalça və xalça məmulatlarının istehsalında yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə” yetirmək idi. Elə həmin ilin iyununda V.Muradov cəmiyyətin İdarə Heyətinin sədri təyin oldundu. Şirkətin nizamnaməsi və strukturu isə Nazirlər Kabineti tərəfindən 2016-ci ilin oktyabrında təsdiqləndi.

O zaman dövlət büdcəsindən şirkətə nizamnamə kapitalının formalaşması üçün 15 milyon manat ayrılmışdı. Sonrakı illərdə də “Azərxalça”ya dövlət büdcəsindən xeyli vəsait verilirdi. Şirkətin öz hesabatına görə, 2017-2018-ci illərdə investisiya məqsədlə “Azərxalça”ya 68 milyon manata kimi vəsait ayrılıb. 2019-cu ildə əlavə olaraq, 46,2 milyon manat verilməli imiş, amma niyəsə verilmirmiş.
Hesablama Palatası isə qeyd edir ki, 2019-cu ilin 9 ayı ərzində “Azərxalça” ASC dövlət əsaslı vəsait qoyuluşu üzrə ayrılmış məbləğin 38,1%-ini istifadə edib. Ancaq 2019-cu il, dekabrın 29-da prezidentin sərəncamı ilə Yunəyirici-boyaq fabrikinin tikintisi üçün 17,5 milyon manat ayrıldı. Nəticədə vəsaitdən istifadə faizi iki dəfədən çox artdı; 31,7 milyon manat təşkil etdi.
Rəqəmlər göstərir ki, 2016-2019-cu illərdə (2020-ci ilə dair məlumat yoxdur) –4 il ərzində “Azərxalça” dövlət büdcəsindən birbaşa olaraq, 114,9 milyon manat vəsait alıb.

114,9 milyon nəyə xərcləndi?

“Azərxalça”nın hesabatlarına baxırıq: 2019-cu il üçün maliyyə hesabatı yoxdur, amma 2017-2018-ci illərdə şirkət satışdan 486 388 manat qazandığını bildirir. Baş Prokurorluğun məlumatına görə məhz bu dövrdə “Azərxalça” ASC “Azər-İlmə” MMC-yə ziyanlı satış edib--xalçaları 339 min manat ucuz satıb. Ucuz satılmasaydı, satış, ən yaxşı halda, 1 milyon manata qədər olardı.
Ətraflı məlumat verilmir, amma açıqlanan rəqəmlər göstərir ki, ümumilikdə şirkət 2 ilə yarım milyon manata yaxın satış edib. Satışın maya dəyəri 647,5 min manat olub. İnzibati və əməliyyat xərcləri isə 2,2 milyonu üstələyib. Deməli, hər bir halda—hətta satış tam həcmdə həyata keçirilsəydi belə, zərəri örtmək mümkün olmazdı. Bəlkə satış ümumiyyətlə olmayıb?

Dövlət büdcəsindən “Azərxalça” ASC-yə ayrılmış investisiya vəsaitləriDövlət Statistika Komitəsinin (DSK) məlumatına görə heç istehsal da normal formalaşmayıb. V. Muradovun sözlərindən belə çıxırdı ki, hər bir filialın istehsal gücü illik 3 min kvadrat metr xalça təşkil etməlidir. Bu da 21 filial üçün illik 93 min kvadrat metr deməkdir. Reallıq bu rəqəmlərə yaxın getmir.
V. Muradovun 2020-ci il, martın 12-də verdiyi məlumata görə, şirkətin fəaliyyətə başladığı dövrdən 16 662 kvadrat metr xalça toxunub. Onun da 1919 kvadrat metri satılıb. 2019-cu ildə 21 filial 2555 ədəd xalça toxuyub. Bu xalçaların ümumi sahəsi isə 8836 kvadrat metr olub. Bu, 2018-ci il ilə müqayisədə bir qədər çoxdur (Novruz Məmmədovun Nazirlər Kabinetinin hesabatında səsləndirdiyi rəqəm 5,5 min kvadrat metr idi), amma Azərbaycan miqyasında çox azdır. 

Müqayisə üçün keçmişə baxaq: 2005-ci ildə Azərbaycan 630,6 min kvadrat metr xalça istehsal etmişdi. Sovet dövrü ilə müqayisə heç olmur, 3-4 milyon kvadrat metr xalça istehsal edilirdi.
Üstəlik, “Azərxalça”nın statistikası ilə DSK-nın verdiyi məlumat nəinki üst-üstə düşmür, çox fərqlidir. Şirkət 2019-cu 8,8 min kvadrat metr xalça toxunduğunu bildirirsə, DSK 3 min kvadrat metrdən danışır. Bütün bunlar bir yana, rəsmi məlumata görə, xalçaların yalnız 11,5%-i satılıb, təxminən daha 15%-i 2020-ci ilin birinci rübü üçün satışa hazırlanıb. Qalan xalçalar isə anbarlarda qalıb.

2016-cı ildə 4 xalça satılıb?

Xalçaların sayına gəldikdə, Azərxalça ASC-nin saytında “Xalçaların reyestri” adlı bir sənəd mövcuddur. Sənədə görə illər üzrə istehsal belədir:
2016 – 4 ədəd
2017 – 277 ədəd
2018 – 1442 ədəd
2019 – 2569 ədəd

Göründüyü kimi, “Azərxalça”nın satışı çox da geniş olmayıb. 2020-ci ilin martında 1919 kavdrat metr xalçanın satılmasə barədə məlumat verilib, əvvəlki il bu göstərici 1234 kvadrat metr olub. 2019-cu ildə istehsalın az qala 2 dəfə artmasına baxmayaraq, satış 2 dəfə azalıb. Şirkətin mətbuat xidmətinin rəhbəri də o zaman satışların rentabelli olmadığını bildirmişdi.

Qiymətlər barədə dəqiq məlumat verilmir. Xaricə ixrac olunan xalçaların dəyəri haqda məlumat var. Kimyəvi materiallardan istehsal olunan xalçaları hesablamasaq, digər materiallardan olan xalçaların 1 kvadrat metrinin qiyməti 27-58 dollar arasında dəyişir (bu rəqəmlər 2020-ci ilin 10 ayına aiddir). Məbləğin hansı hissəsinin məhz “Azərxalça” ASC-nin payına düşdüyü açıqlanmır.

“Azərxalça”, yoxsa “Azər İlmə”?

V. Muradov “Azərxalça”ya təyinatdan əvvəl xalça istehsalı ilə məşğul olan “Azər İlmə” MMC-nin direktoru, MMC-nin saytında verilən məlumata görə, həm də təsisçisi olub. Bu şirkət 1994-cü ildən fəaliyyət göstərir. Gəncədə, Abşeron, Qazax, Quba, Lerik, Şəki və digər rayonlarda emalatxanaları var.

Kommersiya hüquqi şəxslərin reyestrinə görə, şirkətin nizamnamə kapitalı 683,6 min manat təşkil edir. Maraqlısı odur ki, “Azər İlmə” MMC-nin rəsmi saytının “Əlaqə” bölməsində göstərilən ünvan -Bakı ş., AZ 1110, Şəmsi Rəhimov küçəsi, 2 “Azərxalça”nın 2019-cu ilə qədərki rəsmi ünvanıdır. 
“Azərxalça” ASC-nin rəsmi hüquqi ünvanı yalnız fabrikin tikintisindən sonra Sumqayıt şəhəri, Kimyaçılar küçəsi ev 1-ə keçib. 
2019-cu ilin yanvarın 23-nə kimi hüquqi ünvan qismində “Bakı şəhəri, Nərimanov rayonu, Şəmsi Rəhimov küçəsi 2, AZ1110” göstərilirdi. “Kommersiya hüquqi şəxslərin reyestrinə görə şirkətin hüquqi ünvanı “NƏRİMANOV RAYONU, AK. HƏSƏN ƏLİYEV, ev 99, m. 21”-dir.
Tarix: 19-01-2021, 14:56
Xəbəri paylaş



Xəbər lenti