Hər kəs təəccüb içində: Bu pula 15 min köçkün ailəsi ev sahibi olardı...


Hər kəs təəccüb içində: Bu pula 15 min köçkün ailəsi ev sahibi olardı...
Mərkəzi Bankın yeni inzibati binasının tikintisi geniş rezonans yaradıb
 
Azərbaycan Mərkəzi Bankının (AMB) yeni binasının inşası geniş ictimai qınaqlara məruz qalıb. Mövcud məlumatlara görə, AMB-nin Heydər Əliyev prospektindəki yeni 32 mərtəbəli binasının dəyəri 450 milyon manat (218 milyon avro) olacaq. Türkiyənin “Tekfen-İnşaat” şirkəti layihə çərçivəsində dizayn, avadanlıq və logistika, tikinti və quraşdırma ilə məşğul olacaq. Bu barədə müqavilə yanvarın 13-də Bakıda AMB sədrinin birinci müavini Alim Quliyev və “Tekfen-İnşaat” nümayəndələri Levent Qafqaz və Mustafa Kopuz tərəfindən imzalanıb.
 
Binanın hündürlüyü 160 metr, ümumi sahəsi 67.926 kvadratmetrdir. Binada bir xəzinə mərkəzi, texniki otaqlar, parkinq, konfrans və təlim otaqları, kitabxana, restoran və açıq mənzərəli ofis sahəsi olacaq. Tikintinin müddəti 36 aydır. Bu, həmin türk şirkətinin paytaxtımızda ilk belə layihəsi deyil. Əvvəllər onlar Bakı Olimpiya Stadionunu yenidən qurub və indi Vergilər Nazirliyinin binasını tikir.
 
Müstəqil iqtisadçılar bu xərcləri əsassız hesab edirlər, çünki müharibədən sonrakı dövrdə pandemiya böhranı və bir neçə yüz milyonluq neft gəlirlərinin azalması dövründə daha aktual hədəflər var. Bu, iqtisadçı-alim Qubad İbadoğlunun fikridir. O, öz “Facebook” səhifəsində layihə smetasının həddən artıq qiymətləndirilməsi təxminlərinə diqqət çəkib: “144,5 milyon əhalisi olan Rusiya Mərkəzi Bankı iki mərtəbəli, 45 milyon əhalisi olan Ukrayna Mərkəzi Bankı dörd mərtəbəli, 9,5 milyonluq Belarusun Mərkəzi Bankı beş mərtəbəlidir. İsveçrə Mərkəzi Bankının binası 4 mərtəbəni keçmir və 1 trilyonluq aktivləri olan Norveç Mərkəzi Bankı üç mərtəbəlidir”.


10 milyon əhalisi olan Azərbaycanda, hündürlüyü 160 metr olan 32 mərtəbəli inzibati binanın inşasına 450 milyon manat xərclənəcək. Bir kvadrat metrinin qiymətinə görə, ölkənin ən bahalı binalarından biri olacaq. Eyni zamanda, “Böyük Bərpa” proqramı çərçivəsində azad edilmiş ərazilərdə tikiləcək mənzillərin kvadrat metrinin təxmin edilən dəyəri 350 manatdır, yəni göstərilən vəsaitlə Qarabağda 1 milyon 287 min 714 kvadratmetr yaşayış sahəsi və hər biri 85 kvadratmetr olan 15 min 149 ədəd ev tikmək olar”, - İbadoğlu vurğulayıb.
 
İqtisadçı-ekspert Neymət Əliyev də AYNA-ya şərhində sözügedən layihəni lazımsız xərc kimi dəyərləndirib: “Pandemiya şəraitində iqtisadiyyatın vəziyyətini nəzərə alaraq, bu cür vəsaiti kənd yerlərində təsərrüfat subyektlərinin inkişafına yönəltmək və ya zəifləmiş bank sistemini dəstəkləmək məqsədəuyğundur. Hesab edirəm ki, bu vəsaiti on il müddətinə faizsiz, uzunmüddətli kredit şəklində fermerlərimizə paylamaq məqsədəuyğun olardı. Məsələn, bu məbləği, hərəsinə 4500 manat olmaqla, 100 min kəndli təsərrüfatına vermək mümkündür, qalan 3 milyon manatı isə bank sektorunu dəstəkləmək üçün istifadə etmək olar”.
 
“İndiki çətin vəziyyətdə bu cür vəsait ölkəmiz üçün artıq deyil. Onu əhaliyə və iqtisadiyyatın xeyrinə yönəltmək, Azərbaycanın işğal olunmuş ərazilərinə qayıdacaq insanlara güzəştli kreditlər vermək olardı. Axı, on ildən sonra bu pullar əhalinin gəlirlərini artıracaq, yeni iş yerlərinin açılmasına və kənd təsərrüfatının inkişafına xidmət edərək, geri qayıdacaq. Belə olan halda ölkə üçün daha faydalı hansıdır - iqtisadiyyatın, kənd təsərrüfatının inkişafı, yoxsa Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovun 160 metrlik bir ofis binasında oturması? Bunları müqayisə edib, cavab vermək lazımdır”, - ekspert bildirib.
 
İqtisadçı-analitik Natiq Cəfərli də AMB binası üçün belə böyük məbləğin sərf olunacağından təəccüb keçirir. “Əvvəllər hökumətin, dövlət şirkətlərinin, dövlət qurumlarının bu cür qərarlarını birtəhər başa düşmək olurdu, çünki neft qiymətləri yüksək səviyyədə idi və valyuta gəlirləri artırdı. Bunu 2005-2006-cı illərdən başlayaraq on il ərzində müşahidə etdik - 2016-cı ilədək. Devalvasiyadan sonra iştahlar azaldı. Ancaq indi valyuta gəlirlərinin azalması, xərclərin artması vəziyyətində, işğaldan azad edilmiş torpaqları bərpa etmək lazım olduğu üçün, pandemiya ilə bağlı problemlər, özəl sahibkarlıq sahəsindəki çətin vəziyyət fonunda, bu cür hadisələr daha çox qəribə görünür”, - deyə o, AYNA-ya söyləyib.
 
“Bütün dünyada mərkəzi bankların kiçik və orta sahibkarlıq subyektlərini dəstəkləməyə, sahibkarlara kömək üçün genişmiqyaslı proqramlar hazırlamasına baxmayaraq, ölkəmizdə Mərkəzi Bank nəinki buna qatıldı, əksinə 450 milyon manata öz bahalı binasını tikdirməyə qərar verdi. Qeyd edək ki, bu rəqəm cari məzənnə ilədir. Sabah nə olacağı bilinmir. Axı, milli valyuta dəyər itirsə, onda bu məbləğin də manat ifadəsində dəyəri artacaq. Heç bir texniki ehtiyacı olmayan, tamamilə anlaşılmaz bir qərardır. Mərkəzi Bankın binası nisbətən təzədir, Bakının mərkəzində yerləşən bu bina 1998-ci ildə istifadəyə verilib. Mərkəzi Bankın işçilərinin sayı 600-dən azdır və onlar bu binada çalışmağa davam edə bilərlər. Nə hökumət, nə də Mərkəzi Bank hələ belə bir qərarın qəbuluna hansı ehtiyac olduğunu izah edib. Və bu da təəccüb doğurur”, - Cəfərli əlavə edib.
Tarix: 17-01-2021, 12:38
Xəbəri paylaş



Xəbər lenti