Xəbər verdiyimiz kimi, bir neçə gün öncə ölkəmizdə "A-92" markalı benzinin və dizel yanacağının qiyməti artıb. Bu da dəllalların əl-qolunun açmasına şərait yaradıb və nəticədə gündəlik tələbatda istifadə edilən bəzi qida məhsullarının qiymətində artım olub.
Sosial şəbəkələrdə və internet resurlarında həmin işbazların bu addımları sərt qınanıb.
Bizim.Media olaraq paytaxt marketlərində aparğımız araşdırma zamanı bəlli oldu ki, deyilənlər doğrudur, xüsusilə, un, yağ, qənd və çayın qiyməti olsa da artıb.
İqtisadiyyat Universitetinin dosenti, Elsevər Fərzəliyev də saytımıza açıqlamasında Bakının marketlərində süni qiymət artımının olduğunu dedi.
Ekspert vurğuladı ki, hökümətin icazə olmadan hansısa qida şəbəkəsinin, marketin bunu etməyə ixtiyarı yoxdur:
“Ölkədə rəsmi olaraq qiymət artımı elan edilməyib. Xüsusi strateji əhəmiyyət kəsb edən məhsulların qiyməti artırılmamalıdır. Un məhsullarının istehsalına dövlət tərəfindən dəstək verilir. Onu niyə bahalaşdırırlar? Bəli, benzinin və dizel yanacağının qiyməti 10-20 qəpik artıb. Bu, ərzağın qiymətinin bahalaşması üçün əsas səbəb deyil”.
Ekspert hesab edir ki, belə halların qarşısını almaq üçün benzinin qiyməti daxili yox, xarici bazar üçün qaldırılmalı idi:
“Çünki, bu artım nəticəsində bizim çörəyimiz, unumuz bahalaşır. Bu ərəfələrdə ərzaq marketlərində reydlər aparılmalıdır. Və ciddi şəkildə tapşırılmalıdır ki, unun qiymətini dəhşətli şəkildə şişirtməsinlər. Onlar benzinin qiymətini əsas gətirərək belə artımlar edirlər”.
Bahalaşmaya alıcılar da etiraz edirlər. Şəhər sakini Sarıgül Məmmədova Binəqədidə evinin yaxınlığında olan marketdə həmişə 50 kq un kisəsini 27 AZN-ə, indi isə 33 AZN-ə aldığını deyir.
Digər sakin Göyçək Məmmədova isə bildirir ki, 2 manat 33 qəpiyə aldığı yağı yaxın günlərdə 2.98 manata əldə edib.
Alıcı Vüqar Quliyev vurğulayır ki,10 kiloluq “Karmen” markalı unu 6 manata alıb. İndi isə 6 manat 50 qəpiyə satılır. Yəni unun qiyməti 8 faiz qalxıb.
Süni qiymət atrımına nəzarət edən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən müraciətimizə əsasən bildirdilər ki, tarif dəyişikliyindən sui-istifadəyə və əsassız qiymət artımına yol verilməsinin vaxtında müəyyən edilməsi və qarşısının alınması məqsədi ilə mütəmadi aparılan monitorinqlərin intensivliyi artırılıb.
Dövlət Xidməti qeyd edir ki, nəzarət tədbirləri zamanı qanun pozuntusu halları aşkar edilərsə, qanunvericilikdə nəzərdə tutulmuş ciddi məsuliyyət tədbirləri görüləcək.
Bu hallar üzrə cinayət tərkibli əlamətlər müəyyən olunduqda isə, toplanmış materiallar aidiyyəti üzrə hüquq mühafizə orqanlarına göndəriləcək.
Neqativ.com
Tarix: 12-01-2021, 12:46