İlham Şaban: “2046-cı ilədək Avropa bazarlarına qaz tədarük edəcəyik” Bir çoxları Azərbaycanın sözünün üstündə duraraq, Trans-Adriatik Boru Kəməri (TAP) ilə Avropaya ticari qaz tədarükünün 2020-ci ilin sonundan, 31 dekabr tarixindən əvvəl baş tutduğunun şahidi oldular. Ölkənin Energetika Nazirliyinin məlumatında deyildiyi kimi, “Avropa bazarına yanacaq tədarükünün başlanması Azərbaycanın qaz ixrac edən ölkə kimi inkişafında yeni bir səhifə açır. Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsində strateji bir hədəfə nail olundu”.
Bakı, ən azı 25 il ərzində Avropaya hər il 10 milyard kubmetrdən çox qaz tədarük edə biləcək. Bu həcmin, təxminən 8 milyard kubmetrini İtaliya, 1 milyard kubmetrini isə Yunanıstan və Bolqarıstan alacaq. “Deutsche Welle” xəbər verir ki, qazın qalan hissəsi qonşu bazarlara ixrac ediləcək.
Beləliklə, Azərbaycanın Rusiyadan yan keçərək Avropaya yanacaq tədarük edəcəyi Cənub Qaz Dəhlizi üçün 2019-cu ilin iyul ayında istismara verilmiş nəqliyyat infrastrukturu vasitəsilə Türkiyədə qaz doldurmalarına başlanıldı. Noyabr ayında TAP operatoru, dörd il yarım davam edən inşaat işlərindən sonra Avropa İttifaqı ərazisinə qaz tədarükünün başlandığını elan etdi.
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), öz növbəsində 1 iyul 2019-cu il tarixində Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) Xəzər dənizindəki “Şahdəniz-2” yatağından Avropaya qaz tədarük etməyə tam hazır olduğunu açıqladı. 1850 kilometrlik boru kəməri Azərbaycandan Gürcüstan ərazisi vasitəsilə gələn qazı qəbul etmək, Türkiyədən keçərək ölkənin qərb hissəsinə çatdırmaq və Türkiyə-Yunanıstan sərhədinə çatdırmaq üçün nəzərdə tutulmuşdu. Orada TANAP, Yunanistan və Albaniya ərazisindən keçən və Adriatik dənizinin dibi ilə son nöqtəsinə - İtaliyaya çatan Trans-Adriatik Qaz Boru Kəmərinə (TAP) qoşulur.
Qərb mətbuatı yazır edir ki, indi Avropa İttifaqı (Aİ) Rusiyadan asılı olmayaraq, Xəzər dənizi bölgəsindən qaz alacaq. Bu layihə Azərbaycana hansı fayda və risklər vəd edir? AYNA-nın sualını mütəxəssislər cavablandırıblar.
Almaniyalı professor, “WeltTrends” Beynəlxalq Siyasət İnstitutunun direktoru Aleksandr Rar:“Azərbaycan uzun müddətdir qazını Rusiyadan yan keçərək Qərbə satır, çünki Türkiyənin Ceyhan bölgəsinə aparan bir qaz kəməri işləyir. İndi Azərbaycan özü üçün ikinci bir yol açdı - birbaşa Türkiyə vasitəsilə Avropa İttifaqına. Ancaq Türkiyə ərazisində, Rusiyadan eyni qərb ölkələrinə, məsələn, İtaliyaya dəniz dibindən keçən boruları ilə tədarük olunan rus qazı ilə rəqabət edəcək.
Türkiyə həm Rusiya, həm də Azərbaycanla işlədiyi, əməkdaşlıq etdiyi müddətdə hansısa siyasi qarşıdurmalar olacağını düşünmürəm. Problemlər qaz bazarının süni şəkildə məhdudlaşdırıldığı Avropa bazarının özündə olacaq. 2050-ci ilədək Aİ ətraf mühitə “çirkli” karbohidrogenlərin atılmasını tamamilə dayandırmaq istəyir. Beləliklə, Avropada enerji bazarının inkişafını proqnozlaşdırmaq çətindir, xüsusən bu gün - pandemiya səbəbindən Aİ ölkələrinin iqtisadiyyatında tənəzzül baş verdiyi bir zamanda və Avropanın böyük həcmdə mavi yanacağa ehtiyacı olmadığı bir reallıqda.
Bununla yanaşı, bazarın sağalacağına və ssenarinin belə olacağına əminəm - əvvəlcə Aİ kömür və neftdən imtina edəcək və qaz 2050-ci ilə qədər bərpaedici (bərpa olunan) enerji mənbələri ilə əvəzlənənə qədər əsas enerji mənbəyi olaraq qalacaq. Beləliklə, Azərbaycan hələ daha 30 il Avropada pay sahibi olacaq.
Ancaq deyim ki, keçmiş SSRİ ölkələrindən qaz üçün yeni ciddi bir rəqib tezliklə ortaya çıxacaq: Amerikadan gətirilən maye qazı nəzərdə tuturam. Amerikalılar kovboy metodları - sanksiya və təhdidlərdən istifadə edərək digər rəqibləri ilə qaydasız mübarizə aparacaqlar. Onsuz da sanksiyalar təkcə Rusiyaya deyil, həm də Türkiyəyə qarşı yönəldilib”.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban:“Gəlin, ondan başlayaq ki, Azərbaycan, nəhayət “böyük qazını” böyük bazara ixrac etməyə başladı. Yəni, Avropa bazarına. Və Azərbaycan qazının alqı-satqısı ilə bağlı imzalanmış müqaviləyə əsasən, “Şahdəniz-2” yatağından qaz tədarükü başladıqdan sonar, 25 il ərzində, yəni 2046-cı ilədək Avropa bazarlarına tədarük edəcəyik.
Ümumiyyətlə, Azərbaycan hansı fayda əldə edir? Cənub Qaz Dəhlizi olmasaydı, biz “Şahdəniz-2” qaz yatağını inkişaf etdirə bilməzdik. Yəni, bu dərin dəniz qaz yataqlarını çıxara bilməzdik”.
Tarix: 10-01-2021, 20:42