“Neft-qazın bir gün tükənəcəyini məmurlara başa salmaq olmasa... - bizi çətin gələcək gözləyir”


Təhdidlərlə dolu dünyada özünü qorumaq üçün ölkə güclü olmalıdır, güc isə ilk növbədə iqtisadiyyatla ölçülür. Azərbaycan iqtisadiyyatının dayağını hələ də neft-qaz sənayesi təşkil edir. Müasur mərhələdə bu, çox gəlirli sahə olsa da, perspektivdə ciddi narahatlıq doğurur. Dünya iqtisadiyyatının üzü artıq başqa istiqamətədir. Müsahibimiz ən yaxın gələcəkdə inkişafımızın təmin edilməsi baxımından strateji əhəmiyyətə malik alternativ və bərpa olunan enerji mənbələri sahəsində azsaylı mütəxəssislərimizdən biri Ceyhun Xəlilovdur. Gənc mühəndis Bakıda anadan olub, Rusiya və Ukraynada ali təhsil alıb, AsUniSer MMC-nin təsisçi direktorudur. Alternativ mənbələr və bərpa olunan enerji sahəsi ilə 2014-cü ildən məşğul olur, nailiyyətləri var, amma biz onlardan yox, inkişafı buxovlayan və bir az da geciksək, tezliklə hər birimizin öz həyatında daha kəskin hiss edə biləcəyi problemlərdən gedəcək.

– Iki ay əvvəl saytımızda dərc olunmuş “Alternativ enerji sahəsində kəşflərimizi niyə xaricilərə hədiyyə edirik” adlı məqaləniz xeyli maraq doğurdu. Oxuculardan, əsasən xaricdə təhsil almış gənclərdən şərhlər, suallar aldıq. Dediyinizə görə, sizə də müraciətlər olub. Maraqlıdır, müraciət edənlər arasında problemlə birbaşa məşğul olan qurumlar varmı?

– Hazırda respublikada alternativ və bərpa olunan enerji sahəsində real fəaliyyət göstərən qurum yoxdur, bu sahə ilə maraqlanan qurumlar var. Ancaq bu maraq necə maraqdırsa, məsələ uzaqdan bəyənilən, lakin ona yaxınlaşmaq və öyrənmək mümkün olmayan bir müşkülə çevrilib: sanki, bu sahə ilə bir az dərindən məşğul olsaq, radiaktiv fəsad doğuracaq problemlə qarşılaşacağıq. Nə qədər ki, bu sahənin inkişafına yanaşma forması dəyişməyib, perspektiv imkanları da itirəcəyik.

Prezident İlham Əliyevin 1 iyun 2012-ci il Fərmanı ilə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi yaradılmışdı. Agentliyin qarşısına belə mənbələrdən istifadə sahəsində dövlət xidmətləri göstərmək, onların müəyyən olunmasını təşkil etmək və sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirmək kimi vəzifələr qoyulmuşdu. Lakin 2019-cu il 14 yanvar tarixində prezidentin başqa fərmanı ilə həmin agentlik ləğv olundu, əvəzinə 2020-ci ildə Energetika nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri üzrə Agentlik yaradıldı. Orada isə heç kimin qəbuluna düşmək mümkün deyil.

Şəxsən mən 2018-2019-cu illərdə DSX-nə yazılı müraciət etmişəm. Qəbul olunmuşuq və nailiyyətlərimiz barədə məlumat vermişik, konkret yerlərdə testdən keçirilə biləcək layihələr təqdim etmişik. Təkliflərimiz bəyənilib, amma onların icrasının bu təşkilatın imkanları xaricində olduğu bildirilib. Həmin illərdə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinə dəfələrlə müraciət etmişik. Eynilə uğurlarımızı bəyəniblər, lakin laboratoriya və texniki imkanlarının olmaması səbəbindən layihələrin işlənməsində kömək göstərə bilməyəcəklərini bildiriblər. Sonda isə açıq-aşkar deyildi ki, bizim özümüzün bir qurum kimi fəaliyyətimiz sual altındadır. Energetika nazirliyinə də müraciətimiz olub. Cavab almamışıq. Axırda 2019-cu ildə Prezident İlham Əliyevə bu sahəyə diqqət ayrılması barədə xahiş məktubu ünvanladım, yazdım ki, müraciət ediləcək qurum yoxdur. Sizin saytda gedən məqalədən sonra hörmətli bir millət vəkili bizim problemlə maraqlandı. Vəziyyəti izah etdik. O, isə bizi Milli Məslisdə təbii ehtiyatlar, energetika və ekologiya məsələləri üzrə Komitə ilə tanış etdi. Hal-hazırda ümidimiz bu Komitəyədir ki, bəlkə, onlar bizim kimi gənclərin qarşılaşdıqları problemlərin həlli yolunu tapsınlar.

– Siz 2012-ci ilin Fərmanını xatırlatdınız. Təxminən 10 il bundan əvvəl qəbul edilən dövlət sənədlərində deyilirdi ki, 2020-ci ildə ölkədə enerji istehsalında alternativ və bərpa olunan mənbələrin payı 20%-ə çatacaq. 2020 gəldi də, getdi də. Vədə nə dərəcədə əməl edilib? Biz bu yolun harasındayıq?

– Azərbaycanda bu yol yoxdur. Rəhbərliyə uğur kimi təqdim olunan lokal xarakterli stansiyalar görüntü yaratmaq məqsədi daşıyır. Müxtəlif vaxtlarda ayrı-ayrı bölgələrdə külək və günəş enerjisindən istifadəyə cəhd olunub. Lakin nəticəni 2018-ci il iyulun 3-də Mingəçevirdə ölkənin ən böyük elektrik stansiyası Azərbaycan İES-də partlayış zamanı gördük: həm alternativ enerji avadanlıqlarının öz enerji qidalanması kəsildi, həm də onlarda depolanmış enerjini şəbəkəyə qoşa bilmədilər. Əlbəttə, burada digər səbəblər də var. Bir daha şahidi olduq ki, yerli mütəxəssislərin tələb və təkliflərinə yox, xarici özəl şirkət mühəndislərinin tapşırıq planlarına uyğun iş görülüb. Görünən budur ki, risklər nəzərə alınmayıb və hansısa xarici şirkətin kommersiya maraqları bizim milli maraqlarımızı üstələyib.

Sənədlər qəbul olunan zaman respublikamızın imkanları və şərait öyrənilirdi. Bəs aidiyyatı üzrə yerli mütəxəssislərin yekun rəyi varmı? Yerli imkanların inkişaf perspektivi layihə şəklində hazırlanıbmı? Əgər belə layihə varsa və nəticə bugünkü şəkildə ortadadırsa, demək, verilən tapşırıqlar düzgün yerinə yetirilməyib. Qonşu dövlətlərə baxın: artıq bu sahədə institutlar işləyir, texnoparklarda alternativ və bərpa olunan enerji sahəsi üçün ən müasir imkanlara malik laboratoriyalar qurulur. Bizdə isə bəzi məmurlar hələ də alternativ enerji ilə bərpa olunan enerji anlayışlarını fərqləndirə bilmirlər. Son 10 ildə bu sahədə mütəxəssislərin yetişdirilməsi dövlət proqramına salınıbmı? Dövlət xətti ilə kimsə məqsədli olaraq xaricdə təhsil almağa göndərilibmi?

Bu sahəyə laqeydliyin əsil səbəbi mənə məlum deyil. Bir müddət sonra neft və qaz tükənəcək. Prezident İlham Əliyev neft sahəsindən gələn gəlirlərin qeyri-neft sahəsinin inkişafına yönəldilməsinə göstəriş verib. Bölgələrdən birində çıxışı zamanı yerli standartların yaradılmasının vacibliyini vurğulayıb. Bu çox ciddi tapşırıq və məsələlərdir. Çünki, dünyaya inteqrasiya birtərəfli olmur və bizim öz normativlərimiz yaradılmalıdır. Dediyim problemə daha detallı yanaşmaq olar, lakin mövzudan kənarlaşmaq istəmirəm. Hansısa ərəb və ya ingilis istehsalçı şirkəti öz məhsulunu bizə təklif etdiyi zaman avadanlığının ölkəmizdə tətbiqinin hansı nəticə verəcəyi barədə qabaqcadan öz üzərinə hərtərəfli öhdəlik götürə bilməz. Ortaya elə amillər çıxır ki, istismarçıya da, istehsalçıya da yeni təcrübə qazandırır. Çox misal gətirmək olar. Necə ki, avtomobil şirkəti eyni model avtomobili Amerika üçün bir formada, Yaponya və İngiltərə üçün başqa formada istehsal edir, bizim də hər sahədə öz standartlarımız olmalıdır.

– Bildiyimiz qədər, sizin də alternativ energetika ilə bağlı ixtiralarınız var. Onların taleyi necə olub? Siz də, məqalənizdə yazdığınız kimi, ixtiralarınızı “xaricilərə hədiyyə etməli” olmusunuz?

– Alternativ mənbələr və bərpa olunan enerji sahəsi ilə 2014-cü ildən məşğul oluruq. Bu günə qədər bəzi nailiyyətlərimiz var: invertorlu hibrid-stabilizator, şotkalı elektrik-generatoru, harmonik akiv invektor filtri, drayverli diod lampalar və s. Üzərində işlədiyimiz yeni ideyalarımız da var. İlk növbədə qeyd edim ki, bütün bunlar komanda işidir. Komandamıza yerli mütəxəssislər daxildir. Onların bəziləri işləmək və ya təhsilini davam etdirmək üçün artıq xaricə gediblər, bəziləri xarici şirkətlərin dəvətini qəbul ediblər, ancaq pandemiyanın bitməsini gözləyirlər. Mənə də, bir neçə digər həmkarıma da eyni əməkdaşlıq təklifləri gəlib, qəbul etməmişik. Əhatə dairəmizdə bu sahə üzrə çox az mütəxəssis qalıb.

Nailiyyətlərimizin özəlliklərini ayrı-ayrılqda izah etmədən onu deyə bilərəm ki, adı çəkilən avadanlıqların faydalılığını müəyyən etmək respublikamızın imkanları xaricindədir, buna görə onlar qonşu resbublikaların dövlət nəzarətində olan laboratoriyalarda təsdiqlənib. Hətta layihələrin inkişafı üçün lazımi maddi və texniki dəstək təklif olunub. Sualınıza cavab olaraq bildirməliyəm ki, bəzən belə hallarda özümüz də istəmədən texniki sirləri verməli olmuşuq; iş birliyindən imtina etsək də, sonradan onların özlərinin bizim ideyamızdan başqa formada istifadə etdiklərinin şahidi olmuşuq.

Bu sahənin inkişafına nəsə vermək məqsədi ilə 2019-cu ildə azyaşlı şagirdlər üçün proqramlaşdırma və robototexnika kursu təsis etdik. Hazırda həmin kursun fəaliyyəti az sayda şagirdlə davam etdirilir. İnnovativ uşaqların maraqlarını bu sahəyə cəlb etməyə çalışırıq, istəyirik ki, imkanlarımız daxilində yerli mütəxəssislər yetişdirə bilək.

– Məqalənizin sonunda sual vermişdiniz: “Alternativ və bərpa olunan enerji arasında fərqi anlamağa çətinlik çəkən bəzi rəhbər şəxslərimiz düşünmürlərmi ki, onların məsələyə yanaşma tərzi gənc nəslimizi hara aparır?” Sualınızı özünüzə ünvanlayırıq: hara aparır?

– Cavab göz qabağındadır. Texnoloji innovasiyanın nə demək olduğunu anlayan və texnologiyanın perspektivlərini 10 il irəlidən təsəvvür edə bilənlər bu sahənin inkişafının vacibliyini yaxşı anlayırlar. Alternativ enerji mənbələri getdikcə daha dərindən öyrənilir. Bərpa olunan enerjinin səmərəliliyinin artırılması üçün xaricdə institutlar işləyir. Bu sahəyə yanaşma formasının ölkəmizdə də dəyişməsi qaçılmazdır.

2020-ci ilin dekabrında Prezident Əliyev qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyasının tikintisi ilə bağlı pilot layihənin həyata keçirilməsi tədbirləri haqqında sərəncam imzaladı. Sərəncama əsasən, Nazirlər Kabineti bununla əlaqədar bir sıra müqavilə və razılaşmaların imzalanması üçün zəruri işlər görməli, hökumət adından imzalanmış sənədləri təsdiq üçün prezidentə təqdim etməlidir.

İrəliyə atılan hər addım alqışlanmalıdır. Sərəncamda göstərilən sənədlər arasında xüsusilə “Ötürücü şəbəkəyə qoşulma” və “Müstəqil mühəndis” müqavilələrinin kimlər tərəfindən hazırlanacağı mühüm əhəmiyyət daşıyır. Çünki ölkə qanunvericiliyində bu sahədə normativlər müəyyənləşdirlməyib. Bələ bir layihənin məsuliyyətini daşıyacaq şəxslər məhz bu istiqamətdə ixtisaslaşmış mütəxəssislər olmalıdır. Dediyim iki müqavilə işin kommersiya tərəfindən də vacib əhəmiyyət daşıyır. Məsələ təkcə sərəncamın 1-ci bəndində nəzərdə tutulan stansiyanın tikiləcəyi ərazilərdə küləkölçmə işləri ilə tamamlanmır. Qurğunun küləyin hansı maksimum və minimum nisbəti həddində işləməli olması, avadanlıqların hər həddə müvafiq hansı qaydada çalışmalı olması tələb şəklində sifarişçi tərəfindən bildirilməlidir. Proqram təminatının idarə olunması üçün yerli baza və texniki təhlükəsizlik məsələləri nəzərdən qaçırılmamalıdır. İş prosesi zamanı yarana biləcək risklər öncədən qiymətləndirilərkən onlar fors-major halı kimi deyil, müqavilədə digər tərəfin öhdəliyi kimi göstərilməlidir və s. Bu məslələlərin öz həllini düzgün tapması üçün, fikrimcə, sənədlər sahəni dərindən bilən şəxslər tərəfindən hazırlanmalıdır. Amma Energetika nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri üzrə Agentliyin bu yöndə heç bir təcrübəsi yoxdur. Ümumiyyətlə, həmin Agentliyin nə işlə məşğul olduğu, yəqin, heç Energetika nazirinin özünə də bəlli deyil.

– Axı demək olmaz ki, bizdə heç bir iş görülmür: texnoloji parklar, poliqon yaradılıb, qurumlar təsis olunub, pullar ayrılıb və xərclənib, startap müsabiqələri keçirilib, nə vaxtdır, bizdə də “Silikon vadisi” kimi elmi-təcrübi mərkəzin yaradılması zərurətindən danışılır. Amma dediklərinizdən belə anlaşılır ki, nəinki ciddi nəticə yoxdur, əksinə, digər ölkələrlə müqayisədə geriləmə artıb, “sürətli beyin axını” davam edir. Onun qarşısını almaq üçün nə etmək lazımdır?

– Sözdə çox iş görülüb, vəziyyət isə ortadadır. Alternativ və bərpa olunan enerji üzrə mütəxəssislər qalıb kənarda, ona aidiyyatı olmayan şəxslər qarşıda duran vəzifələrin icrasına çalışırlar. Bir düşünün: bu sahədə öz imkanları hesabına nəsə ortaya çıxarmış və ya öz hesabına xaricdə ali təhsil ala bilmiş bir vətəndaşımızın ölkəmizdə alternativ və bərpa olunan enerji sahəsi üzrə normal işi varmı? Yox.

İkinci Qarabağ Vətən müharibəsi başlayandan dövlətimizin qələbəsi ilə bitənədək onun hər gününü yaxından izlədik. Bəzi erməni postlarının elektrik və isti su təchizatı məni çox təəccübləndirdi. Naqillə elektrik enerjisinin çəkilişi əlverişsiz olan yerlərdə günəş enerjisindən istifadə olunurdu. Belə kadrları görəndə düşünürdüm ki, milli sərvətlərimiz olan neft və qazın bir gün tükənəcəyini bizim məmurlara hansısa yolla başa salmaq mümkün olmasa, qarşıda bizi çətin gələcək gözləyir.

“Beyin axını”nın qarşısının alınması üçün isə mütləq dövlət proqamı işlənib hazırlanmalıdır. Texnoparklarda bu sahənin inkişafı üçün lazımi imkanlar yaradılmalıdır. Xaricdə müvafiq təhsil alan, ya almış həmyerlilərimizlə koordinasiya əlaqələri qurulmalıdır, onların ölkəmizdə alternativ və bərpa olunan enerji üzrə perspektiv layihələrdə mütəxəssis kimi iştirakı üçün şərait yaradılmalıdır.

Dediyiniz kimi, bu gün ölkəmizdə “Silikon vadisi” tipli elmi-təcrübi mərkəzin yaradılması zərurətindən danışılır. Rusiya artıq 2010-2011-ci illərdə “Кремниевая Долина”, Türkiyə 2012-ci ildə 3 milyon m2-ə yaxın ərazidə “Bilişim vadisi” qurub. Biz hələ də belə bir zərurətdən danışırıq. Hətta onun Qarabağda yerləşdirilməsi kimi fikirlər var. ABŞ-da “Silicon Valley”-in 1971-ci ildə Kaliforniyada yaradılmasının məqsədi ilə oxucular internet üzərindən tanış ola bilərlər. Qarabağın nəqliyyat, kommunikasiya, optik və infrastruktur imkanları bunun üçün əlverişli deyil. Təbii ki, gələcəkdə oradakı yenidənqurma nəticəsində müəyyən imkanlar yaradıla bilər. Lakin indi bunun üçün Bakıya yaxın yer, məsələn, Ələt daha münasibdir. Dəniz, hava, avtomobil və dəmir yollarının da burada yerləşməsi böyük üstünlük verir.

“Silikon vadisi” Amerika büdcəsinə təkcə İT sahəsindən ildə azı 220 milyard dollar gəlir gətirir və bu məbləğ artır. Bura innovasiyalar mərkəzi olmaqla yanaşı, mühəndislər üçün həm də real ideyalar məkanıdır. Çünki hər hansı startap layihənin yaranışı sadəcə bir fikirdən və ya təklifdən doğa bilir. Burada müxtəlif sahələrin mütəxəssislərinin fikir mübadiləsi önəm daşıyır. Bir sözlə, bu gün bütün dünyada texnoloji innovasiyalar məhz belə konsepsiya üzrə qurulur.

– Yaranmış vəziyyəti nəzərə alıb gənc innovatorlara dəstək xahişi ilə prezidentdən kömək istədiyinizi dediniz. Konkret hansı köməyi nəzərdə tutursunuz?

– Biz dövlətimizin və xalqımızın gələcəyi naminə kömək istəyirik. Alternativ və bərpa olunan enerji sahəsinə diqqətin artırılmasını, bu sahə üzrə sərbəst, başqa qurumun nəzdində olmayan səlahiyyətli agentliyin yaradılmasını mühüm hesab edirik. Yerli mütəxəssislərin və xaricdə təhsil alan tələbələrin birgə platforması kimi “İnnovatorlara dəstək” ictimai birliyi yaratmaq təşəbbüsümüzə müsbət rəy verilməsinə kömək göstərməyi xahiş edirik.

Biz dövlətimizin bu sahədə gələcəkdə qazana biləcəyi uğurlarda iştirak etmək, süni intellekt, İT, nano-texnologiyalar, alternativ və bərpa olunan enerji sahəsində mütəxəssislərin koordinasiyasını qurmaq, ölkəmizdən “beyin axını”nın qarşısını ala bilmək üçün konkret təkliflər və proqramlar təqdim etmək istəyirik. Münasib bilinərsə, bu sahədə komandamızla birlikdə bütün səylərimizi cəmləşdirməyə və dünya azərbaycanlılarına müraciət etməyə hazırıq. Bu sahədə də bir olmaq vaxtı çatıb. Güc birlikdədir!
//pressklub.az//
Tarix: 8-01-2021, 09:14
Xəbəri paylaş



Xəbər lenti