Yanacağın qiymətlərinin qaldırılması əsasları ciddi deyil



Iqtisadçı İlham İsmayıl
Dünən gecə saatlarında Tarif şurasından sadə Azərbaycan vətəndaşları üçün növbəti, xoş olmayan bir qərar açıqlandı: ən çox istehlak olunan 92 markalı benzinin qiyməti 11,1%, dizelin qiyməti isə 33,3% artırılsın(!).
Fikrimcə bu qərarın əsaslandırılması da ciddi deyil: qonşu ölkələrdəki qiymətlərin yüksək olması və keçən ilin ölkəyə nisbətən çox avtomobil gətirilməsi və s.
Əvvəla, əhalinin marağına toxunan belə ciddi qərarları qəfil və gecə vermirlər. Qərardan öncə ictimai müzakirələr keçirilir, ictimai rəylər öyrənilir və sonra məqsədəuyğun hesab olunan qərar verilir.
İkinci, ölkəyə daha çox avtomobilin gətirilməsi əlavə tələb yaradır ki, bu da qiymətlərin bahalaşmasını deyil, əksinə, bir qədər ucuzlaşmasını diqtə edə bilər .
Üçüncü, böyük neft istehsalçısı olan 3 qonşu ölkədən biri olan İranda neftin 1 litrinin qiyməti 0, 06 dollar, Rusiyada isə 0,58 dollar, Qazaxıstan da isə 0,41 dollar təşkil edir.
Bu ölkələr həm də, əhalisinin sayı baxımından da böyük ölkələrdir,yəni, daha çox istehlak yarada bilən ölkələr. Deməli,bu arqument də əsaslı hesab edilə bilməz.
Qiymətlərin artımına nisbətən təsir edə bilən ciddi bir arqument ev təsərrüfatlarının pul gəlirləri və əhalinin orta aylıq əmək haqqlarının səviyyəsində baş verən ciddi artım ola bilər. Bu istiqamətdə də, ölkəmiz yaxın qonşularımızdan əhəmiyyətli dərəcədə geri qalır.
Belə ki, orta aylıq əmək haqqı qardaş Türkiyədə 961, Rusiyada 733, İranda 450, Türkmənistanda 470, Qazaxıstanda isə 484 ABŞ dolları səviyyəsində müəyyənləşdirilib.
Hətta, heç bir resursu olmayan düşmən Ermənistan belə bu göstərici üzrə bizdən irəlidədir: 380$
Məlumat üçün bildirək ki, orta aylıq əmək haqqı ölkəmizdə 374 ABŞ dollarına bərabərdir.
İstərdim daha maraqlı olması üçün neft istehsalçısı olan digər bir neçə ölkənin bu göstəricilər üzrə vəziyyətini diqqətinizə çatdırım.
ABŞ- da orta aylıq əmək haqqının məbləği 3921, Qatarda 4000, Bəhreyndə isə 1426 ABŞ dolları olduğu halda, 1 litr benzin ABŞ-da 0,6, Qatarda 0,31, Bəhreyndə isə 0,53 ABŞ dollarına satılır.
Etiraf edim ki, əslində mən bu il hökumətdən qalib Millətimiz üçün daha xoş sürprizlər gözləyirəm: ciddi qiymət endirimləri, kommunal xidmətləri üzrə mövcud limit hədlərinin ləğv edilməsi,bəzi sosial təbəqələr üçün borclarıın ləğvi,tələbələrin təhsil haqqlarından azad edilməsi və s.
Tarix: 6-01-2021, 23:47
Xəbəri paylaş



Xəbər lenti