“Tarif şurası öz ənənəsinə sadiq qalaraq ötən gecə Aİ-92 markalı benzinin pərakəndə satış qiymətini 50%-ə qədər, dizel yanacağın və bir sıra dərman preparatlarının qiymətini qaldırıb.Yanacaq yeganə məhsuldur ki, ölkə daxilində əhalinin alıcılıq qabiliyyətini, sosial durumunu və ölkənin iqtisadi inkişaf tempini müəyyən edir. Deməli Şuranın qəbul etdiyi qərar ölkədə hər bir məhsulun qiymətinin artmasına, əhalinin alıcılıq qabiliyyətinin azalmasına və nəticə olaraq iqtisadi dövriyyənin zəifləməsinə əsas olacaq. Ancaq, Tarif Şurası SOKAR-ın göstərdiyi bəhanələri ölkənin faktiki sosial və iqtisadi vəziyyətindən vacib bilərək ölkə iqtisadiyyatına, əhalinin maddi durumuna, sosial vəziyyətinə olduqca mənfi təsir etmiş qərar qəbul edir.”
Bunu hüquqşünas, Qarabağ qazisi Vüqar Dadaşov deyib.
Hüquqşünas qeyd edib:
“Ən vacib məsələ isə odur ki, müharibədən çıxmış ölkədə nəhəng quruculuq işlərinin aparılmasına start verildiyi vaxtda, çoxlu hərbi yaralılarımızın müalicəsi dövründə, müharibənin vurduğu ziyanların aradan qaldırılması zamanında, müharibə iştirakçılarının, yaralıların və şəhid ailələrinin sosial və maddi durumunun yaxşılaşdılmasına yönəldilmiş tədbirlərin astanasında Tarif Şurasının qərarı heç bir məntiqə sığmayan və izahı olmayan, dövlətin və xalqın ancaq ziyanına olan qərardır. Təsəvvür edək ki, Ermənistan işğalından azad etdiyimiz ərazilərimizdə quruculuq işlərinə dövlət büdcəsindən ayrılmış 2.2 milyard manata görülə biləcək işin həcmi nə qədər azalacaq. Böyük qayıdış planı və məskunlaşma nəzərdə tutulmuş həcmə aparılması çətinləşəcək. Tarif Şurasının qəbul etdiyi qarar əsasında məcburən artmış xərclərimiz fonunda azad etdiyimiz ərazilərimizdə quruculuq, qayıdış, məskunlaşma məsələsində gecikməyimiz müəyyən əlavə siyasi çətinliklər də yarada bilər. Tarif Şurası bunu görə bilmirmi?!
Digər tərəfdən də, dünya neft bazarında 1 barl (159 litir) neftin təxminən 150 (yüz əlli) ABŞ dollardan ucuzlaşaraq 50 (əlli) ABŞ dollar civarına qədər düşməsi fonunda, neft ixrac edən ölkə kimi, daxili bazarda neft məsullarının (yanacağın) qaldırılması hansı iqtisadi göstəriciyə, normaya və məntiqə uyğundur. Bunu Tarif Şurası necə izah edir?
Görünən isə odur ki, Tarif Şurası dövlət, xalq maraqlarına deyil, Sokar-ın maraqlarına xidmət edir, heç bir iqtisadi zərurət olmadan, azad edilmiş ərazilərimizə böyük qayıdış planının həyata keçirilməsi üçün dövlət büdcəsinə əlavə xərclər yaradır, əhalinin maddi və sosial rifahının yaxşılaşdırılmasına yönəldilmiş dövlət proqramları və tədbirlərinin əhəmiyyətini azaldır, dövlətimizin sosial siyasətinə kölgə salır. Bu isə nə dövlətimizin və xalqımızın milli maraqlarına, nə də Cənab Prezidentimizin müəyyən etdiyi dövlət siyasətinə heç cürə uyğun deyil.
O ki, qaldı, Azərbaycanda yanacağın qiymətinin MDB ölkələri ilə müqayisəsinə, qeyd edim ki, həmin siyahıdakı dövlətlərə fikir versək görərik ki, o dövlətlərin heç biri neft ixracatçısı deyil təkcə Rusiyadan başqa hansı ki, Rusiyanın da daxili bazarında yanacağın qiyməti Azərbaycana nisbətdə ucuzdur. Rusiya əhalisinin maddi gəliri isə Azərbaycan əhalisinin maddi gəlirindən xeyli yüksəkdir. Bəs Tarif Şurası bunu niyə qeyd etmir, niyə nəzərə almır, daha doğrusu nəzərə almaq istəmir?
Dərman məsələsi isə daha geniş təhlilə ehtiyacı olan və xalqımızın sağlamlığının, fiziki və psixoloji durumuna təsir edən ən strateji sahələrdən biridir. Artıq gizlədiləsi heç bir şey yoxdur. Dərman monopolistləri (əsl həqiqətdə dərman mafiyası kimi fəaliyyət göstərirlər) dövlət qurucu xalqın, millətin sağlamlığına maddi gəlir mənbəyi kimi baxır, sonsuz iştaha ilə qanımızı soran zəlilərə çevriliblər. Tarif Şurası da o monopolistlərin dirijor çubuğudur.
Tarif Şurasının fəaliyyəti cəmiyyətimizdə çoxlu əsaslı suallar doğurur. Bu suaları isə tezliklə müvafiq orqanlar verəndə nə Tarif Şurası, nə Sokar, nə də digər monopolistlər ağlamasın...”
Neqativ.com
Tarix: 5-01-2021, 15:11