"Benzinin və dizelin qiymətinin artırılmasının səbəbləri barədə göstərilən arqumentlər bundan ibarətdir ki, Aİ-92 markalı avtomobil benzininin AVRO-5 standartına tam uyğunlaşdırılması prosesi keçirilir. Dizel yanacağının yeni standarta keçirilməsi prosesi 2022-ci ilin iyun ayında, Aİ-92-nin AVRO-5-ə uyğunlaşdırılması prosesi 2023-cü ilin iyun ayınadək yekunlaşdırlacaq. Yeni standartların tətbiqinin başa çatmasından sonra qiymətlər tam olaraq yeni standartlara uyğun tətbiq ediləcək".
Yenisabah.az xəbər verir ki, bu barədə ekspert Müşfiq Ələsgərli bildirib.Onun sözlərinə görə, prosesin davam etdiyi dövrdə qiymətlərin mərhələlərlə artırılması bir tərəfdən istehlakçılara imkan yaradır ki, büdcələrini uyğunlaşdırsınlar, digər tərəfdən, əldə edilən vəsait modernləşdirməyə sərf edilir:
"Proses tamamlanandan sonra yanacaq məhsullarının keyfiyyəti yüksək avrostandartlara uyğun olacaq, ölkədə ekoloji mühitin yaxşılaşdırılmasına təsir edəcək. Ucuz yanacağın qonşu ölkələrə qanunsuz daşınmasının da qarşısı alınacaq".
Ekspert bildirib ki, tarif tənzimlənməsində konservativ yanaşma, enerji tariflərinin mümkün olan ən aşağı səviyyədə saxlanılması, əhalinin sosial müdafiəsi, istehsal subyektlərinin ucuz enerji ilə təmin edilməsi və sair kimi amillər nəzərə alınıb:
"Hazırda qonşu ölkələrdə Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün Rusiyada 1,0 manat; Ukraynada 1,72 manat; Belarusda 1,14 manat; Gürcüstanda 1,12 manat təşkil edir. Avropa ölkələrində isə yanacağın qiyməti olduqca yüksəkdir. Müqayisə göstərir ki, tarif dəyişikliyindən sonra da Aİ-92 markalı avtomobil benzininin Azərbaycanda pərakəndə satış qiyməti əksər MDB ölkələri ilə müqayisədə aşağı olacaq".
Tarix: 5-01-2021, 14:34