Abşeronda qanunsuz tender – Vergi borcu olan şirkətlə milyonluq müqavilə bağlanıb





Abşeron Rayon İcra Hakimiyyəti toplam maliyyə dəyəri 1 milyon 355 min 220 AZN olan iki müqavilə imzalayıb. Reportyor.info xəbər verir ki, müqavilələrdən biri “May-Ak İnşaat” MMC (156 380 AZN), digər isə “Enerji Tikinti Servis” MMC (1 198 840 AZN) ilə bağlanıb.
“May-Ak İnşaat” MMC Xırdalan şəhərində küçə işıqlarının, “Enerji Tikinti Servis” MMC isə yolların təmirini həyata keçirməlidir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vrgi Xidmətinin reyestr məlumatlarına görə, “May Ak-İnşaat” MMC 30 may 2019-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 159 010 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, ev 20, mənzil 38-də yerləşir. MMC-nin qanuni təmsilçisi isə Qənbərli Mətləb Mütəllim oğludur.

Açıq mənbələrdə nə şirkət, nə də onu qanuni təmsilçisi barədə məlumat var. Lakin dövlət satınalmaları ilə bağlı araşdırma apardıqda məlum olur ki, bu MMC icra hakimiyyətlərinin sevimli şirkətidir. Yarandığı qısa müddət ərzində bir neçə iri tenderin qalib olması “May-Ak İnşaat” MMC-nin əsasən şübhəli dövlət satınalmalarında iştirak etdiyini düşünmək olar.
“Enerji Tikinti Servis” MMC-yə gəlincə, şirkət 26 sentyabr 2018-ci ildə dövlət qeydiyyatına alınıb. MMC-nin nizamnamə kapitalı 10 AZN-dir. Hüquqi ünvanı Sumqayıt şəhəri, 26-cı məhəllə (Səməd Vurğun küçəsi), ev 3/7, mənzil 22-də yerləşən MMC-nin qanuni təmsilçisi Rüstəmov Dilqəm Asif oğludur.
Abşeron Rayon İcra Hakimiyyətinin 10 manatlıq şirkətlə milyonluq müqavilə imzalaması tenderin şəffaflığına şübhə yaradır. Digər tərəfdən, yerli mediada gedən məlumatlara görə, “Enerji Tikinti Servis” MMC-nin 135 991,39 AZN vergi borcu var. “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci tələbinə əsasən vergi borcu olan şirkətlərin tenderdə iştirakı mümkünsüzdür.
Bu ilin aprelində şirkət Göygöl Suvarma Sistemləri İdarəsinin 4 tenderini qazanmışdı.
Bu tenderlər aşağıdakılar idi:

Torpaqqazan mexanizmlər və avtomobil ehtiyat hissələrinin satın alınması – 197 min 217 manat;
Meliorasiya və irriqasiya sistemlərinin cari təmiri üçün material və avadanlıqların satın alınması – 190 min 747 manat;
Əsaslı təmir üçün material və avadanlıqların satın alınması – 167 min 200 manat;
Subartezian quyularının və nasos stansiyalarının təmiri üçün materialların və ehtiyat hissələrinin satın alınması – 100 min 290 manat.
Ümumi məbləği 655 min 454 manat məbləğində olan tender müqaviləsindən şirkətə 150,5 min manatı ödənildikdən sonra Göygöl Suvarma Sistemləri qəfil tenderə xitam verib.
Reportyor.info
Tarix: 23-12-2020, 13:59
Xəbəri paylaş



Xəbər lenti