Moskvanın “pomidor diplomatiyası”: Bakını AİB-ə möhtac etmək istəyirlər?


Moskvanın “pomidor diplomatiyası”: Bakını AİB-ə möhtac etmək istəyirlər?
Rusiyanın iki məhsulumuzun idxalına qadağa qoymasının arxasında hansı məqsədlər dayanır…
 
Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) dekabrın 10-dan Azərbaycandan alma və pomidor idxalını qadağan edib. Qurum qərarını həmin məhsullarda zərərvericilərin aşkarlanması ilə izah edərək bildirib ki, Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinə dəfələrlə pozuntular haqda məlumat verilib. Söhbət bu məhsullarda Cənubi Amerika pomidor güvəsi və Şərq almaqurdunun aşkarlanmasından gedir.
 
“Bununla əlaqədar olaraq, fitosanitar vəziyyətin qorunması, Rusiya Federasiyası ərazisində həmin zərərvericilərin yayılmasının qarşısının alınması məqsədilə “Rosselxoznadzor” 10 dekabr, 2020-ci il tarixindən etibarən Azərbaycan mənşəli pomidor və almaların gətirilməsini qadağan etməyə məcburdur”, – deyə təşkilat bəyan edib.
 
Qadağanın müvəqqəti xarakter daşıdığı vurğulanır. Azərbaycan Qida Təhlükəsziliyi Agentliyindən (AQTA) bildirilib ki, bu məsələ ətrafında araşdırma aparılır və başa çatdıqdan sonra ictimaiyyətə geniş məlumat veriləcək.
 
Məsələni AYNA-ya şərh edən iqtisadçı-ekspert Rəşad Həsənov hesab edir ki, burda çox qlobal məsələdən söhbət getmir: “Əhalinin gəlirlərinə və dolanışığına təsir edəcək çox da dəhşətli məsələ deyil. Məsələyə bu səviyyədə baxmaq hələ tezdir. Bu, müddətdən asılı olacaq. Davamlı olaraq Rusiyanın aidiyyəti orqanları tərəfindən bənzər qərarlar qəbul edilir. Ümumiyyətlə, Rusiya xarici ticarətdə və iqtisadi münasibətlərdə etibarlı tərəfdaş deyil. Rusiya kimi, bir nəfərin iradəsi ilə idarə olunan ölkələr, adətən etibarlı tərəfdaş hesab oluna bilməz. Amma çox təəssüf ki, biz belə bir ölkədən kifayət qədər, xüsusilə də kənd təsərrüfatı təyinatlı məhsullarının ixrac bazarı baxımından aslılığımız var”.
Rəşad Həsənov: “Ciddi daxili islahatlara gediləcəyinə ümid edirəm”
“Azərbaycanın aqrar sektorunun istehsal etdiyi məhsulların əhəmiyyətli hissəsi Rusiya, xüsusilə də Moskva bazarına yönəlir və onların qəbul etdiyi qərarlar nəticədə Azərbyacanda sahibkarlıq subyektlərinə, eyni zamanda kənd təsərrüfatı sahəsində, yeyinti sənayesində istehsalat prosesinin dayanıqlığına əhəmiyyətli təsir göstərir. Bu, davamlı olaraq ortaya çıxan bir məsələdir. Bu, yeni və gözlənilməz, heç vaxt rastlaşmadığımız bir məsələ deyil. Hətta, elə olur ki, günlərlə texniki problem səbəbindən məhsulları gömrükdə saxlayırlar və həmin məhsullar artıq öz istifadə müddətini tamamlayır, yararsız hala düşür və beləliklə də sahibkarlar ciddi zərər çəkirlər. Təəssüf ki, kənd təsərrüfatında da Azəbaycanda hələlik sığorta mexanizmi işləmir və buna görə də dəymiş zərər istehsalat prosesinə neqativ təsir göstərir, təkrar investisiya imkanlarını məhdudlaşdırır, tsiklin pozulmasına gətirib çıxarır”, - mütəxəssis bildirib.
 
“Hazırda qəbul edilən qərar alma və pomidorla bağlı qərardır. Hərəsi üçün də müəyyən bir səbəb göstəriblər. Bu səbəbdən də idxala məhdudiyyət tətbiq ediblər. Nəzərə almaq lazımdır ki, hər iki məhsul Azərbaycanda aqrar məshulların ixracı baxımından əhəmiyyətli paya malikdir. Burada xüsusilə də pomidoru qeyd etmək lazımdır. Pomidor demək olar ki, qeyri-neft məhsulları arasında ən çox ixrac potensialı olan məhsul növü hesab olunur. Təxminən il ərzində 180 milyon dollarlı fərqli növdə bu adda məshul ixrac olunur.  Bu ilin ötən dövrü ərzində, təxminən 173 milyon dollarlıq məhsul ixrac olunub.  Ümumiyyətlə götürsək, Azərbaycanın qeyri-neft sektorunun ixracının, təxminən 9-10%-ni  və Azərbaycanın aqrar, meyvə-tərəvəz məhsullarının ixracının isə 30%-dən artığını pomidor təşkil edir”, - deyə Həsənov vurğulayıb.
 
Onun sözlərinə görə, qəbul edilən qərarlar faktiki olaraq bu məshaulların daxili bazara yönəldilməsinə gətirib çıxaracaq: “Çünki biz desək ki, həmin məhsulları alternativ xarici bazarlara yönəldəcəyik, bir qədər çox yuxarıdan getmiş olarıq. Bu, doğru deyil. Bizim sahibkarlar bu bazarlarla işləməyiblər. Mövcud infrastruktur və əlaqələr də yoxdur.  Buna görə də həmin məhsulların əsas hissəsi daxili bazar yönələcək”.
 
İqtisadçı məsələyə iki aspektdən baxmağın vacibliyini düşünür: “Birincisi, sahibkar aspektindən baxaq. Sahibkarlar əlbəttə ki, bu qəbul edilmiş qərardan zərər görəcəklər. Çünki məhsulu daxili bazarda satmaq istəyəndə təklif artacaq. Və beləliklə də alıcılıq gücünün azalması faktoru üzərində yaratdığı təzyiqlər nəticəsində qiymət aşağı düşəcək. Dolayısı ilə sahibkar bu məhsulların satışından gəlir götürə bilməyəcək, hətta zərər görəcək”.
 
Məsələnin ikinci aspetikinə gəldikdə, ekspertin fikrincə, burada fayda var: “Onsuz da pandemiya dövrüdür. Əhalinin gəlirləri əhəmiyyətli səviyyədə azalıb. İmmunitetin artırılması məqsədilə əhaliyə keyfiyyətli qida məhsulları ilə qıdalanmaq tövsiyyə olunur. Amma gəlirləri azalıb. Belə bir şərtlər daxilində qiymətin aşağı düşməsi çoxluğun - əhalinin əhəmiyyətli hissəsinin bu məhsulların istehlakı üçün daha əlverişli imkan yaradacaq. Pomidor və almanın Azərbaycanda əlçatanlığı arta bilər. Yəni azlıq təşkil edən biznes müəyyən qədər zərər görəcək, amma çoxluq təşkil edən əhali müəyyən qədər yararlana bilər. Bu, qısamüddətli dövrdə, pandemiya kimi fors-major hallarda müəyyən bir avantaj yaradır”.
 
Sözügedən qərarı Rusiyanın Azərbaycana təzyiqi kimi qiymətləndirənlər də var. Məsələyə R.Həsənovun yanaşması belədir: “Bunu hər bir formada qiymətləndirmək olar. Burda faktiki olaraq qərarın verilməsində laboratoriyanın nəticələri kimi izah olunur. Amma bunun nə dərəcədə real olub-olmadığını deyə bilmərəm. Rusiya kimi tərəfdaşlarla münasibətlərdə hər zaman bu kimi suallar ortaya çıxır. Əgər siyasi yönümdə təzyiq göstərilirsə, Rusiya bunu nə üçün etməlidir? Əksinə biz onlar üçün şərait yaratmışıq, ruslar Azərbaycanın bir hissəsinə gəlib giriblər və öz dədələrinin torpağı kimi gəzib dolanırlar. Niyə biz pislik etsinlər? Bir sual budur. Mən bu istiqamətdə hələlik ciddi nəsə görmürəm”.
Nəzakət Məmmədova: “İtaliya - Azərbaycan əlaqələri yeni inkişaf mərhələsinə  keçir” | 1news | Xəbərlər
Politoloq Nəzakət Məmmədova da AYNA-ya şərhində, qərarın siyasi təzyiq vasitəsi olub-olmaması barədə fikir yürütməyin tez olduğunu deyib: “Məsələnin iqtisadi, ticarət və s. problemləri ola bilər. Rusiya Azərbaycan kənd təsərrüfatı məhsullarının ən böyük ixrac bazarıdır və bu, ölkəmizin həmin məhsullardan əldə etdiyi gəlirlərin azalmasına səbəb olacaq. Doğrudur, Rusiya Ermənistandan idxal olunan bibərə də, xəstəlik tapılması səbəbilə qadağa tətbiq edib, lakin bu, yalnız Armavir vilayətində yetişən məhsullara şamil olunur. Ermənistan bibəri Rusiyanın idxal payında çox cüzi - cəmi 1 faiz təşkil edir. Bu da onu deməyə əsas verir ki, Rusiya iki ölkə arasında balansı məqsədli şəkildə qorumağa çalışıb. Rusiya 2014-cü ildə Moldovaya, 2018-ci ildə Ermənistana eyni qadağanı tətbiq etmişdi”.
 
Müsahibimiz xatırladıb ki, Azərbaycan pomidoru Rusiya bazarında çox böyük paya malikdir: “2019-cu ildə Rusiyaya ölkəmizdən 172 min ton pomidor göndərilib ki, bu da ümumi idxalın 30 faizi deməkdir. Bu ilin 9 ayı ərzində isə 153 min ton pomidor göndərilib. Belə bir şəraitdə idxalın dayandırılması, əlbəttə, ölkəmizə zərbədir”.
 
Onun fikrincə, bu məsələnin siyasi tərəflərinin olub-olmaması haqda konkret fikir söyləmək çətindir: “2014-cü ildə Krımın ilhaq edilməsindən sonra Rusiyaya sanksiya tətbiq edilməsinə cavab olaraq, Avropa ölkələrindən gətirilən kənd təsərrüfatı məhsullarına embarqo qoyan Rusiya, 2015-2018-ci illərdə istixanaların tikintisinə başladı. 2020-ci ilin 10 ayı ərzində Rusiya özü həmin istixanalarda 410 min ton pomidor istehsal edib. Qalanını isə Türkiyə, Çin, Qazaxıstan və Özbəkistandan gətirir”.
 
“Rusiya bu qərarın müvəqqəti olduğunu deyir. Düşünürəm ki, bu, Azərbaycanı Rusiyanın vahid bazara - Avrasiya İqtisadi Birliyinə cəlb etmək istəyi ilə də bağlı ola bilər. Rusiya Azərbaycanın heç bir qarşılıq vermədən onun bazarında mövcud olmasına son qoymaq qərarına gələrək, Avrasiya İqtisadi Birliyinə daxil olmağa məcbur etmək istəyir. Hər halda, bu variant istisna edilmir”, - Məmmədova vurğulayır.
Tarix: 12-12-2020, 21:32
Xəbəri paylaş



Xəbər lenti