“Yaxın vaxtlarda “Gəlir deklarasiyası haqqında” Qanunun qəbul ediləcəyinin şahidi olacağıq”.Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib.
V.Əhmədov qeyd edib ki, ölkə başçısının yürütdüyü siyasət məhz həmin qanunun qəbuluna istiqamətlənib:
“Qanunun işləməsi üçün Nazirlər Kabineti tərəfindən normativ sənədlər təsdiqlənməlidir. O sənədlər təsdiq edildikdən sonra heç bir problem olmayacaq. Cənab Prezident tərəfindən aparılan islahatlar, yeni siyasi-iqtisadi modelə keçid göstərir ki, qanun qəbul ediləcək.Qanunun işlək hala gəlməsi üçün ortada olan problemlər ölkə başısı tərəfindən həll edilməkdədir. Dövlət başçısının apardığı islahatların da məqsədi şəffaflığın təmin olunmasına xidmət edir.Son vaxtlar korrupsiyaya qarşı həyata keçirilən tədbilər, həbslər göstərir ki, artıq “Gəlir deklarasiyası haqqında” Qanunun vaxtı yetişib”.Deputatın sözlərinə görə, ən azından 2021-ci ilin yanvarından qanunu tətbiq etmək olar.
Məlum olduğu kimi, bu məsələ uzun illərdir ki, dəfələrlə gündəmə gəlir. Amma hələ ki, qanun tətbiqi mümkün olmur. İqtisadi, idarəetmə islahatlarının aparıldığı indiki dövrdə qanunun tətbiqi mümkün olacaqmı?İqtisadçı Akif Nəsirli
Cebhe.info-ya açıqlamasında bildirib ki, əslində “Gəlirlərin bəyan edilməsi haqqında” Qanun Milli Məclisdə 2005-ci ildə qəbul edilib və Nazirlər Kabinetinə göndərilib. Bunun tətbiqi ilə bağlı Prezidentin sərəncamı da olub:
“Amma 15 ildir ki, Nazirlər Kabineti “Gəlir deklarasiyası haqqında” Qanunun tətbiqi ilə bağlı sənəd hazırlamır. “Gəlir deklarasiyası haqqında” Qanun tətbiq edilənədək, bu qanunun işləməsi üçün şərait yaradılmalıdır.Biz üzgüçülüyü öyrənsək belə, boş hovuzda heç nə edə bilmərik - hovuza su buraxılmalıdır. İndi Azərbaycanda “Gəlir deklorasiyası haqqında” Qanun tətbiq etsək, dövlət məmurlarının 90 faizi həbs olunmalıdır. Onların “bu əmlakı hardan almısan?” sualına cavabı yoxdur. Çünki onlar bunun hamısını oğurlayıblar. Hesab edirəm ki, qanunun tətbiq edilməsinə qədər ölkədə maliyyə amnistiyası verilməli, korrupsiya, rüşvətxorluq mühiti aradan qaldırılmalıdır. Normal bir idarəetmə mühiti olmalıdır. Bundan sonra sözügedən qanunun tətbiqindən danışa bilərik. Rəsmən qanun tətbiq edilsə də, o işləməyəcək. Qanunun işləməsi üçün mühit yoxdur. Hamının əmlakı oğurluqdur, imkan tapdıqca da, həmin oğurluq, çirkli pulu aparıb, xaricdə yuyurlar.“Çirkli pulun” formalaşması, “kölgə iqtisadiyyatı” dayandırılmalı, ikili mühasibatlıq, dövlət məmurlarına verilən “paket sistemi” aradan qalxmalıdır. Onlara normal əməkhaqqı verilməlidir. İndiki halda nazir 3-5 min maaş alır, amma onun aylıq gəlirləri milyonlala ölçülür. Belə bir şəraitdə “Gəlir deklarasiyası haqqında” Qanunun qəbul edilməsi mənasızdır. Bu qədər oğrunun içində gəlir deklarasiyasını tətbiq et və soruş ki, bu pulları hardan almısan? – Bu halda ya gərək oğurluqlara göz yumulsun, ya da onların hamısı haqqında cinayət işi qaldırılsın”.
Tarix: 26-09-2020, 20:48