Azərbaycanda bəlkə də ən ciddi korrupsiya və dələduzluq faktları tikinti sektorunda yaşanır. Təsadüfi deyil ki, təkcə 2018-ci ildə Prezident Administrasiyasına vətəndaşlardan 100-dən çox tikinti şirkətinin qanunsuz fəaliyyəti barədə şikayət məktubları ünvanlanmış və bu, Administrasiyanın Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov tərəfindən “AzərTac”-a verilən açıqlama ilə rəsmən etiraf olunmuşdu. Dövlət rəsmisinin etirafına görə, vətəndaşlar əsasən, dələduz şirkətlər tərəfindən “çoxmərtəbəli yaşayış binalarının inşasında müvafiq norma və qaydalara, həmçinin müqavilə şərtlərinə riayət edilməməsindən, bəzi şirkətlərin mənzilləri 2 və daha artıq şəxsə satmasından, razılığa gəlinmədən, kompensasiyalar verilmədən söküntü işlərinə başlanılmasından, binaların təhlükə törədəcək dərəcədə yaxın məsafədə tikilməsindən” şikayət etmişlər.
Süleyman İsmayılov: PA Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri
S.İsmayılov yazılı açıqlamasında ən çox şikayət edilən həmin şirkətlərin adını açıqlamış və onlar barəsində ciddi ölçü götürüləcəyini vəd edərək bildirmişdi: “İnanırıq ki, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, eləcə də digər qurumlarda vətəndaşların müraciətlərinə, xüsusilə şikayətlərinə daha çox diqqət yetiriləcək və şikayətlərin sayı getdikcə azalacaq”.PA-nın məsul şəxsinin məlum açıqlamasından da göründüyü kimi, o belə, tikinti dələduzluğunun tam qarşısının alınacağına şübhə ilə yanaşır və sadəcə şikayətlərin azalacağına ümid edirdi. Görünür, cənab Süleyman İsmayılov bu dələduz şirkətlərin “dabbaqda gönünə bələd” olduğundan qəti fikir bildirməkdən çəkinmişdi.Ovqat.com-a bəzi Bakı sakinlərinin etdiyi şikayətlərdən belə anlaşılır ki, Süleyman İsmayılov heç də haqsız deyilmiş. Çünki “Konstra” MTKadlı tikinti şirkətinin dələduzluq yolu ilə aldatdığı vətəndaşların sayı 169, ələ keçirdiyi vəsaitin miqdarı isə milyonlarla manatdır. Üstəlik, bütün bu dələduzluqlar PA-nın sözügedən məsul şəxsinin dövlət informasiya agentliyində dərc olunan yazılı açıqlamasından sonra baş vermişdi. Görünən budur ki, PA belə, bu cinayətlərin qarşısını almaqda acizdir.
Şikayətçilərin bildirdiyinə görə, onlar 2018-2019-cu illərin müxtəlif vaxtlarında “Konstra” MTK tikinti şirkətindən mənzil alıblar. Aldıqları mənzillər Tibb Universitetinin qarşısında tikilən çoxmərtəbəli binada yerləşəcəkmiş. “Konstra” MTK öz “qurban”larına tikintinin 2020-cu ildə başa çatacağına dair söz verdiyindən hər kəs səbirsizliklə şəhərin ən gözəl məkanlarından birində məskunlaşacağı günü gözləyiblər.Faktların analizi göstərir ki, “Konstra” MTK-ıniki il aldatdığı qurbanların sayı 169 olub. Bu qurbanlardan bəzilər hətta tikintinin fundamenti qazılmamış “tora salınıb”. Bəziləri isə inşa edilməmiş “xəyali” mənzillərinin pulunu ödəməyə başlayıblar. Böyük xəyallarla yeni mənzilə köçəcəyi günü gözləyiblər.
2019-cu ildə isə şirkət sözün həqiqi mənasında “qurbanlar”ına sürpriz edir: tikinti işləri dayandırılır, binanın üzərinə yapışdırılmış reklam və satış lövhələri sökülür. Gözlərinə inanmayan müştərilər (indiki halda dələduzluq qurbanları) şirkətdən bunun səbəbini soruşurlar. Aldıqları cavaba isə inana bilmirlər. Sən demə, onlara verilən həmin möhürlü-imzalı sənədlər saxta imiş. Bu tikinti obyektinin ümumiyyətlə “Konstra” MTK-ya aidiyyəti belə yox imiş. Daha doğrusu, tikintinin əsl sahibi “Orxan TİT” MMC imiş, “Konstra” MTK isə sadəcə podratçıymış. Podratçıyla bağlanan müqavilədə isə ona ev satmaq səlahiyyəti verilməyib. Tərəflər arasında imzalanmış №0507/01-18 saylı Müqaviləyə əsasən, “Konstra” MTK sadəcə “Orxan TİT” MMC-nın “tapşırığına uyğun olaraq, layihəsi “Azərdövlətlayihə” DBLİ tərəfindən imzalanmış, Bakı şəhəri, Möhsin Sənani küçəsi 13/15 ünvanında yerləşən 3 bloklu, 21 mərtəbəli yaşayış binasını” tikməklə yükümlü imiş. Binanın satışına sifarişçi baxmalı və podratçıya gördüyü işin müqabilində xidmət haqqı verməli imiş.
Müqavilə 8 vərəqdən ibarətdir Podratçı şirkət “Konstra” MTK isə sifarişçidən xəbərsiz öz qurbanlarına mənzil satıb və bütün pulları isə öz cibinə qoyub. Bir sözlə, həm müştərilər, həm də sifarişçi tərəf aldadılıb.Sual oluna bilər: “Konstra” MTK kimə məxsusdur ki, bu qədər cəsarəti göstərə bilsin? Özü də PA-nın tikinti şirkətləri ilə bağlı “mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, eləcə də digər qurumlara” müvafiq göstəriş verdikdən sonra. Faktiki ölkə başçısının göstərişi sayıla biləcək təlimatı heçə sayan bu tikinti şirkətinin əsl sahibi belə bilinmir. Sənədlərə görə, “Konstra” MTK-in qanuni təmsilçisi Bəsrət Abbaslıdır. Amma qurbanlarla o yox, atası Bəhram Abbasov danışıb, sövdələşib. Bəsrət Abbaslı bu müəmmanı özünün “azyaşlılığı” ilə izah edib. O, media orqanlarına verdiyi açıqlamada eynilə belə deyir: “Mən özüm cavan olduğuma görə, sakinlərlə görüşdə atam da iştirak edib. Çünki o əvvəllər bu işlərdə olub. Narazı vətəndaşlar yaşım az olduğuna görə düşünürlər ki, məsələlərdən başım çıxmır. Ona görə də ağsaqqal kimi atamı danışıqlara çağırmışam. Ancaq onun bu şirkətlə qanuni bağlılığı yoxdur”.Prinsipcə, Bəsrət Abbaslı atasının bu şirkətlə sadəcə “qanuni bağlılığı”nı inkar edir. “
Atam əvvəllər bu işlərlə məşğul olub” deməklə isə bu şirkətə faktiki Bəhram Abbasovun rəhbərlik etdiyini gizlətməyib. Bəhram Abbasova gəldikdə, onun Hesablama Palatasının Dövlət İnvestisiyalarının Auditi şöbəsinin müdiri olduğu bildirilir. Hesablama Palatasının ən mühüm şöbəsinə belə bir adamın rəhbərlik etməsi Azərbaycan iqtisadiyyatının illər boyu nə qədər ciddi təhlükə ilə üz-üzə qaldığını da təsdiqləyir. Hələlik mövzumuzdan kənar məsələ olduğundan bu barədə gələcək yazılarımızda danışmağa çalışacağıq.Bu yazıda isə Hesablama Palatasının öz oğlunu belə, qanunsuz əməllərinə qurban verməyə hazır olan yetkilisi Bəhram Abbasovun ev tikmək əvəzinə şeytana papış tikmək məharətindən və qurduğu korrupsiya mexanizmindən bəhs etmək istəyirik. Maraqlıdır ki, atasının qurduğu bu mexanizmin sirlərinə onun oğlu Bəsrət Abbaslı
Qafqazinfo.az saytına verdiyi açıqlamada kifayət qədər aydınlıq gətirir: “
Şirkətə təyin etdiyim Dilafir Rəsulov adlı icraçı direktor var idi. Satış hüququ tamamilə mənə aid idi, sənədlərə imzanı və möhürü mən qoya bilərdim.Ancaq möhür ofisdə olduğu üçün icraçı direktorD.Rəsulov bundan istifadə edərək limitdən artıq ev satıb, qanunla əvəzimdən satış edə bilməzdi. O, vəziyyətdən sui-istifadə edib”.Yəni bütün günahlar Bəsrət Abbaslı və onun dövlət məmuru olan atasında yox, həmin şirkətə icraçı direktor təyin edilən Dilafir Rəsulovda imiş.
Bəs, bu dələduz indi hardadır? Bəsrət Abbaslı bu suala belə cavab verir: “
Hazırda məni aldadan şəxs heç ölkədə deyil”. Başqa sözlə, “şir evdən qaçıb”. PA-nın Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun və ya Azərbaycan Baş Prokurorluğunun qabiliyyəti çatırsa, getsin, onu dünyanın bütün dəlmə-deşiklərində axtarsın.
Maraqlı yanaşmadır, deyilmi? Di gəl ki,
Əlahəzrət Faktlar tamamilə başqa mətləblərdən xəbər verir. Şikayətçilərin bizə təqdim etdiyi sənədlərdən aydın olur ki, Dilafir Rəsulov ölkədən qaçdıqdan sonra bağlanan ən azı
16 müqaviləyə şəxsən Bəsrət Abbaslının özü imza atıb. Üstəlik, onlardan 7-sı sifarişçi şirkətlə əməkdaşlığa xitam verdikdən sonra bağlanılıb. Belə ki, 2019-cu ilin oktyabrın 5-də şirkətlər arasında əməkdaşlıq müqaviləsinə son qoyulub, üzərindən bir həftə keçməmiş Bəsrət Abbaslı öz imzasıyla evlərdən birini
Bağırova Nailə Asif qızına satıb. Daha sonra əlavə 6 ev də ayrı-ayrı müştərilərin adına keçirilib. Bu faktlar sübut edir ki, evlərin qanunsuz satışından Bəsrət Abbaslının nəinki xəbəri yox imiş, əksinə bütün maxinasiyalara özü birbaşa rəhbərlik edirmiş. Şikayətçilərin təxmininə görə,
“Konstra” MTK şirkətinin icraçı direktorunun ölkədən qaçırılmasını təşkil edən də əslində Bəsrət Abbaslı və onun atasıdır. Məqsəd bütün günahları bu adamın üstünə yükləmək və sudan quru çıxmaqdır. Başqa sözlə desək, şikayətçilərin nəzərincə, icraçı direktor Dilafir Rəsulov əslində bu dələduzluq çetesinin günah keçisindən başqa bir şey deyil.Sənədlərin analizi onu da göstərir ki, qanunsuz ev satılan müştərilər iki kateqoriyaya bölünür. Bunlardan birini şərti olaraq vicdanlı alıcılar, digər qismini isə
mütəşəkkil dələduzluq çetesinin üzvləri adlandırmaqolar. Vicdanlı müştərilər həqiqət “Konstra” MTK-dən ev almaq istəyən vətəndaşlardır ki, onlar illər uzunu ailələrinin boğazından kəsərək topladıqları pula mənzil almaq arzusuyla dələduz çetesinin əlinə düşüblər.
Digər bir qrup isə “Konstra” MTK-ya müxtəlif zamanlarda xidmət göstərmiş, amma pulunu ala bilməyən iş adamları da ola bilər, sifarişçinin payını ələ keçirmək istəyən podratçının öz adamları da. Birinci halda, onlar həmin mənzillərin podratçı şirkətə aidiyyəti olmadığını bildikləri halda öz ölmüş pullarını diriltmək üçün şirkət təsisçisinə qanunsuz sənədi imzalatdırıblar. İkinci halda isə, hər şey bəllidir:
suçu günah keçisinin üzərinə yükləməklə nə qədər mümkündür, mənzil əldə etmək məntiqi, görünür, bu işdə də dələduzluq çetesinin iştahasını qabardıb. Sözsüz ki, bütün bunlar bizim jurnalist təxminlərimizin məhsuludur. Həmin müştərilərin niyyətini və hansı əsaslarla “Konstra” MTK ilə sövdələşməyə getdiyini istintaq orqanları müəyyənləşdirə bilərlər.Ən acınacaqlı vəziyyət isə ondan ibarətdir ki, “Konstra” MTK-nın mənimsədiyi iddia olunan vəsait gördüyü işlərin həcmindən dəfələrlə böyükdür.
Hər halda podratçı şirkətlə sifarişçi arasında bağlanan 07.01.2020-cı il tarixli “Təhvil-Təslim” Aktından və 21.01.2020-ci il tarixli “Mənzillərin bölgüsü” Aktından belə çıxır. Həmin aktlara görə, podratçı şirkətin gördüyü iş 62 mənzilin qiymətinə ekvivalentdir və bu dəyər ödənilib. Deməli podratçı şirkətin aldatdığı 169 vətəndaşdan cəmi 62-si evlə təmin olunacaq. Qalan 107 satışın dələduzluq mexanizminin qanunsuz yolla mənimsədiyi mənzil olub-olmaması isə bəlli deyil. Yəqin ki, bunu hüquq mühafizə orqanları müəyyənləşdirəcək.
Əlbəttə, müəyyənləşdirmək niyyətləri olsa.Məsələ burasındadır ki
, Baş Prokurorluq bu dələduzluq faktı əsasında 03 iyun 2020-ci il tarixində cinayət işi açıb. Üzərindən hardasa 4 ay vaxt keçməsinə baxmayaraq, hələ də bu cinayətə yol verənlər barədə hər hansı tədbir görülməyib. Bu da saytımıza şikayətlə müraciət edən vətəndaşları xeyli əndişələndirir. Onlar Baş Prokurorluğun niyə bu qədər
ləng tərpəndiyinin səbəbini anlaya bilmirlər.
Qeyd edək ki, Konstra” MTK-nin təsisçilərinin dələduzluqla məşğul olduğunu əslində Baş Prokurorluq da təsdiqləyib. Baş Prokurorluğun rəsmi saytının 03.06.2020-ci il tarixli
“Tikinti şirkətinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edilmişdir” sərlövhəli xəbərində deyilir: “Aparılmış araşdırmalarla “Orxan TİT” MMC-nin (hazırda “Şəhər İncisi Yaşayış Kompleksi”) sifarişçisi olduğu Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, 13/15 saylı ünvanda tikilməkdə olan çoxmərtəbəli yaşayış binasındakı 143 mənzil və 345 m2 qeyri-yaşayış sahəsi, eyni zamanda 13 qarajın podratçı “Konstra” MTK-nin təsisçiləri tərəfindən satış hüquqları olmadığı halda vəzifə səlahiyyətlərindən sui-istifadə edib rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə ayrı-ayrı şəxslərə qanunsuz sataraq əldə edilmiş pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilmişdir”.
Baş prokurorluğun məlumatında o da vurğulanır ki, sözügedən şirkətlə bağlı
Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb. Bu maddələrə görə, podratçı şirkətin təsisçilərini əmlakı müsadirə olunmaqla on iki ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Bəs, bu cəza aldadılmış vətəndaşın qəsb olunmuş hüquqlarını bərpa edəcəkmi? Ən əsası isə, cinayətin cəzasını kim çəkəcək – şirkətin qanuni sahibi, yoxsa öz oğlunu qurban kimi önə çıxaran həqiqi dələduz şübhəlisimi? (Məhkəmə qərarı olmadığından biz hələ ki dələduz ittihamı irəli sürə bilmirik).
P.S. Yazıda adı keçən hər kəsin mövqeyini işıqlandırmağa hazırıq.Sənədlər
Tarix: 22-09-2020, 15:24