Londonda saxladığı milyonları Zamirə Hacıyevadan niyə ala bilmədik - SƏBƏBLƏR

“Bu pullar Azərbaycan dövlətinindir, amma...”

Özbəkistanın mərhum prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovaya qarşı cinayət işi ilə əlaqədar müsadirə olunmuş 130 milyon dollar Daşkəndə qaytarılacaq. Bu barədə İsveçrə ilə razılaşma əldə olunub. İsveçrə hökuməti qaytarılan vəsaitin “Özbəkistan xalqının rifahı üçün istifadə olunacağı”nı bəyan edib.
Bəyanatda deyilir ki, pulun qaytarılması üçün qoyulan tələblər sırasında şəffaflıq və monitorinq mexanizminin yaradılması yer alıb. 2012-ci ildə Gülnarə Kərimovaya qarşı cinayət təhqiqatı çərçivəsində İsveçrə 800 milyon İsveçrə frankını (880 milyon dollar) dondurub. 2019-cu ildə bu vəsaitin 131 milyon dolları müsadirə olunub. Qalan vəsait dondurulmuş vəziyyətdədir və bəyanatda vurğulanır ki, çərçivə razılaşması hazırda davam edən cinayət işi üzrə müsadirə olunan əlavə aktivləri də əhatələyə bilər. 2020-ci il mayın əvvəlində Özbəkistan hökuməti Fransadan Kərimovanın qanunsuz əldə etdiyi 10 milyon dollarlıq vəsaiti aldığını bildirib. Gülnarə Kərimova 2017-ci ildə həbs olunandan sonra Daşkənd xarici yurisdiksiyalardan 1 milyard dollardan artıq vəsaiti geri almağa çalışır. Vaxtilə atasının mümkün varisi sayılan Gülnarə Kərimova 2014-cü ildən, hələ atası ölkəni idarə edəndən ev dustağı edilib. İslam Kərimov 2016-cı ildə vəfat edəndən sonra Şavkat Mirziyoev onun yerinə keçib. İsveçrə, Birləşmiş Ştatlar, İsveç və Niderlandda aparılan cinayət təhqiqatı Kərimovanın bir neçə il çəkmiş nəhəng rüşvət sxemində iştirakını üzə çıxarıb. Həmin sxem çərçivəsində xarici telekommunikasiya şirkətləri cəlbedici özbək bazarına çıxış əldə ediblər. Gülnarə Kərimova 2017-ci ilin dekabrında 10 il həbs cəzasına məhkum edilib. Sonradan həbsi 5 ilə salınıb və ev dustaqlığına keçirilib. Amma 2019-cu ilin martında ev dustaqlığının şərtlərini pozduğuna görə yenidən həbsxanaya köçürülüb. Fevralda Şavkat Mirziyoevə məktubunda Gülnarə Kərimova ona qarşı cinayət işinin bağlanması əvəzində ölkə xəzinəsinə 686 milyon dollar qaytarmağı təklif edib. Ancaq 1 ay sonra pul qoparma, çirkli pulyuma və digər cinayətlərdə təqsirli bilinərək daha 13 il 4 ay həbsə məhkum edilib. 
Gülnarə Kərimovaya qarşı gedişat onu deməyə əsas verir ki, Azərbaycan yarıdan çoxu dövlətə məxsus Azərbaycan Beynəlxalq Bankını “xortumlamaq”da təqsirli bilinərək həbsə alınan Cahangir Hacıyevdən milyonları alıb ölkəyə qaytara bilər. Hazırda Cahangir Hacıyev həbsdə olsa da,  həyat yoldaşı Zamirə Hacıyeva azadlıqdadır. Belə iddialar var ki, Cahangir Hacıyev vaxtilə sədri olduğu Beynəlxalq Bankdan “xortumladığı” milyardları xaricə transfer edib. Pulların böyük hissəsinin onun Londonda yaşayan həyat yoldaşı Zamirə Hacıyevada olması haqda ittihamlar var.  
Zamirə Hacıyevaya Britaniyada 2017-ci ildən tətbiq edilən “İzaholunmaz Sərvət Sərəncamı”nın (UWO) ilk hədəfi olub. 55 yaşlı Zamirə Hacıyeva Britaniya mediasında lüks “Harrods” mağazasında 16 milyon funt xərcləməklə tanınır. Bu sərəncama əsasən o, Londonun Knightsbridge ərazisində yerləşən 15 milyon funtluq mülkünü və Berkshiredə təmtəraqlı qolf kursunu almaq üçün var-dövlətini hansı mənbədən əldə etdiyini açıqlamalıdır. Zamirə Hacıyeva gəlirinin qanuni mənbəyini açıqlaya bilməsə, Milli Cinayət Agentliyinə (NCA) mülkü və qolf kursunu müsadirə etmək üçün məhkəməyə müraciət edəcək. Onun əri Cahangir Hacıyev Azərbaycanda həbsxanadadır - o, bir vaxtlar idarə etdiyi dövlət bankından milyonlarla pulu mənimsəməkdə təqsirləndirilib.

Zamirə Hacıyeva bu dəfə 22 min dəyərində iti ilə dünya mediasının  gündəmində - Fotolar
Hacıyevlər onlara qarşı bütün ittihamları rədd edirlər və Britaniyada bu məsələ ilə bağlı Zamirə Hacıyevaya qarşı cinayət işi başlamayıb. Buna səbəb isə “İzaholunmaz Sərvət Sərəncamı” adlanan qanunun mülki xarakterli olmasıdır. Əmlakın mənimsənilməsinə baxmayaraq, Zamirə Hacıyevaya qarşı ittihamların irəli sürülməsini nəzərdə tutmur. Zamirə Hacıyevanın 2018-ci ilin noyabrında həbsi isə  Azərbaycanın Bakıya ekstradisiyası barədə xahişi ilə bağlı olub və sonradan o, girov qarşılığında azad edilib. O, Azərbaycana ekstradisiya edilməyəcək. Zamirə Hacıyeva 10 il ərzində Londonun məşhur dükanı “Harrods”da 21 milyon dollar xərcləyib. Bundan başqa, o, 2013-cü ildə Berkşir qraflığının Askot kəndində 10 milyon funt sterlinqə (12,15 milyon dollar) malikanə alıb. 57 yaşlı Hacıyevanın məhkəmə işi zamanı rəsmən işsiz olması, buna baxmayaraq, Hacıyevanın 42 milyon funta (55.24 milyon dollar) şəxsi istifadə üçün “Gulfstream G550 Jet” təyyarəsi aldığı da üzə çıxıb. Dükanlarda xərclənən vəsait hüquq-mühafizə orqanlarını və məhkəməni maraqlandırmasa da, “İzahedilməmiş Sərvət Sərəncamı”nın şərtlərinə əsasən o, on milyonlarla dollar hesabına Londonun Kinghtbridge səmtində və Askot kəndində aldığı on milyonlarla dollar dəyərində əmlakını hansı pullarla aldığını göstərə bilməyib. 
Aydındır ki, Gülnarə Kərimovanın işində olduğu kimi Zamirə Hacıyevanın işində də pullar  biznesdən əldə edilməyib. Bu halda pullar Azərbaycan büdcəsindən oğurlanaraq Londona ötürülüb. Bu gün Zamirə Hacıyevanın ixtiyarında olan, dəyəri on milyonlarla ölçülən varidat faktiki olaraq Azərbaycan dövləti, Azərbaycan xalqının vəsaitidir. 
Əkrəm Həsənov: “Regionlarımızda vəkillərə böyük ehtiyac var”
Əkrəm Həsənov
Bu pulların geri qaytarılması mexanizmindən danışan tanınmış hüquqşünas Əkrəm Həsənov “Yeni Müsavat”a deyib ki, Zamirə Hacıyeva istəsə belə, adına olan əmlakların mənbəyini ortaya qoya bilməz: “Çünki Zamirə Hacıyeva işsiz-gücsüz qadındır. Onun həyat yoldaşı uzun müddət Azərbaycan Beynəlxalq Bankına rəhbərlik edib. Həmin bankdan verilən 35 kredit kartı da Zamirə Hacıyevanın sərəncamında olub. O da həmin kartlardan istifadə etməklə Londonda 109 milyon manata bərabər alış-veriş edib. Bu pullar Azərbaycan dövlətinindir. Amma bunu sübut etmək lazımdır”. 
Zamirə Hacıyeva Londonda həbs edildi (VİDEO)
Hüquqşünas deyir ki, Azərbaycan dövləti iqtisadi maraqları nöqteyi-nəzərindən Zamirə Hacıyeva ilə əqd bağlaya bilər: “Əqddə Azərbaycan dövləti təsdiqləyir ki, əmlak qanunidir. Bunun müqabilində isə Zamirə Hacıyeva Azərbaycan dövlətinə əmlakın 60-70 faizini qaytarır. Bu əqdin bir bəndi kimi Cahangir Hacıyevin azad edilməsi də ola bilər. Bu gün Azərbaycanda yaşayan, İngiltərədə mal-mülkü olan çoxlu sayda insanlar var. Həmin insanlar gedib London məhkəməsində oradakı mal-mülkləri ilə bağlı suallara cavab vermək istəmirlər. Belə olsa, Cahangir Hacıyevin yanında yüzlərlə insan oturmalıdır. Bu gün Azərbaycan dövləti bu adamların razılığı olmadan bu məsələnin axırına çıxa bilmir. Həmin adamlar da Azərbaycan dövlətinin dəstəyi olmadan Londondakı mal-mülklərini ”İzaholunmaz Sərvət Sərəncamı"nın təsiri altından çıxara bilmirlər. Azərbaycan dövlətinə bu gün Cahangir Hacıyevin həbsdə qalması, Zamirə Hacıyevanın İngiltərədə əmlaksız qalması nəsə bir xeyir eləmir. Bu baxımdan Azərbaycan dövlətinə pul lazımdır, o qədər pulu da itirmək olmaz. Azərbaycan qanunları Zamirə Hacıyeva ilə dövlətimiz arasında əqd bağlanılmasını qadağan etmir"./“Yeni Müsavat” /


Tarix: 16-09-2020, 09:35
Xəbəri paylaş



Xəbər lenti