İnam Kərimov bu sahəyə müdaxilə etməsə... - PROBLEM

İnam Kərimov bu sahəyə müdaxilə etməsə...
Son həftələr Azərbaycanda payızlıq kənd təsərrüfatı məhsullarının aktiv toplanması dövrünün başlanması ilə xarakterizə olunur. Bu baxımdan, hazırda ən qızğın işlər üzüm sahələrində gedir. Ölkə üzrə mövcud 16 min hektara yaxın üzüm bağlarında məhsulun toplanmasına start verilib. Lakin yerlərdən əldə etdiyimiz məlumatlar, həmçinin bazarlardakı müşahidələrimiz göstərir ki, üzümün həm topdan, həm də pərakəndə satış qiymətlərində ötən ilə nisbətən kəskin azalma var.

Üzümçülüklə məşğul olan fermerlər xüsusilə şərab istehsalçıları tərəfindən texniki üzümün alınmasında qiymətlərin kəskin aşağı salındığını deyirlər. Belə ki, ötən il şərab zavodları məhsulun tonunu 340-400 manata alırdılarsa, hazırda bu məbləğ 200 manata qədər endirilib.

Məhsulun qiymətində bu kəskin azalma istehsalçı sahibkarları böyük çətinliklərlə üzləşdirib. İl ərzində bağlara qulluq xərclərini cibindən ödəyən sahibkarlar indi məhsulun satışından əldə olunan vəsaitlə bu xərcləri qarşılaya bilmirlər. Onlar faktiki olaraq, qazanclarının çəkdikləri xərcləri belə ödəmədiyini deyirlər.

Qeyd edək ki, üzümçülük və üzüm emalı son illərdə Azərbaycanın aqrar sektorunda diqqət mərkəzində olan sahələrdən biridir. Xüsusilə şərab istehsalının stimullaşdırılması üçün son illər bir sıra tədbirlər həyata keçirilir. Belə ki, Prezidentin “Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” 2015-ci il tarixli Fərmanı ilə şərab və şərabçılıq məhsullarının istehsalına, idxalına və satışına xüsusi icazə (lisenziya) alınması tələbi ləğv edilib. Eyni zamanda, “Qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il tarixli Fərmana uyğun olaraq Nazirlər Kabinetinin 2016-cı il tarixli qərarına əsasən ixrac olunan şərab və şərabçılıq məhsullarının qlobal rəqabət qabiliyyətinin artırılması və ixracatçıların dəstəklənməsi məqsədilə ixrac dəyərinin 6 faizi miqdarında ixrac təşviqi ödənilir.

Bundan əlavə, Azərbaycanda “2018-2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Proqramı” qəbul edilib. Proqrama əsasən 19 əsas istehsalçı rayon üzrə potensial məhsuldarlığın 20 faiz yüksəldilməsi, üzüm bağlarının isə 2,5 dəfə genişləndirilməsi, 18 min hektar yeni üzüm bağlarının salınması planlaşdırılır. Həmçinin 2026-cı ilədək şərabçılıq məhsullarının ixrac həcminin 1,875 milyon dekalitrə çatdırılması hədəflənir.

Azərbaycan “Bayanşirə”, “Mədrəsə”, “Şirvanşahı”, “Xindoqnı”, “Həməşərə”, “Mələyi”, “Xərci”, “Qara aldərə”, “Dəvəgözü” və s. kimi yüksək keyfiyyətli yerli (aborigen) texniki üzüm sortları ilə məşhurdur. Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, ötən il Azərbaycanda 201 842,4 ton üzüm istehsal olunub ki, bu da 2018-ci il ilə müqayisədə 34 251 ton və ya 20,4 faiz çoxdur.

2019-cu ildə ölkə üzrə üzümün məhsuldarlığı hər hektara görə 104,8 sentner təşkil edib ki, bu da 2018-ci il ilə müqayisədə 12 sentner və ya 12,9 faiz çoxdur.

Ötən il üzüm istehsalı artsa da, şərabçılıq məhsullarının istehsalı və ixracında azalma qeydə alınıb. Statistik məlumatlara görə, 2019-cu ildə Azərbaycanda 702,2 min dekalitr şərab və üzüm suslosu istehsal edilib ki, bu da 2018-ci ilin göstəricisindən 53,2 faiz azdır. İstehsal həcminin azalması ixrac tədarüklərinin həcmində də azalmaya səbəb olub. 2019-cu ildə 7 milyon 309 min dollar dəyərində (azalma 5 faiz) 531,72 min dekalitr şərab və üzüm suslosu (azalma 19 faiz) ixrac edilib.

Şərabçılıq məhsullarının əsas ixrac həcmi Rusiyanın payına düşüb. Ötən il bu ölkəyə 5 milyon 795,24 min dollar dəyərində (azalma 9,5 faiz) 487,68 min dekalitr (azalma 21,2 faiz) şərabçılıq məhsulları ixrac edilib.

1 yanvar 2020-ci il tarixinə istehsalçıların anbarlarında 1 milyon 106,3 min dekalitr şərabçılıq məhsulları olub.

Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkənin üzüm üzrə özünütəminetmə səviyyəsi 92,5 faiz təşkil edir. 2018-ci ildə adambaşına 10,2 kiloqram üzüm istehlak olunub. Müqayisə üçün deyək ki, dünya üzrə ortalama göstərici 20 kq-ya yaxındır.

Koronavirus pandemiyasına görə tətbiq olunan sərt karantin tədbirləri Azərbaycandan şərabçılıq məhsullarının ixracına mənfi təsir göstərib. Belə ki, bu ilin birinci yarısında tutumu 2 litr və ya daha az həcmli qablarda digər təbii üzüm şərablarının ixracı 56,3 min dekalitr(ötən ilin eyni dövründə 99,74 min dekalitr), üzüm suslosunun ixracı 54,2 min dekalitr(131,15 min dekalitr), üzüm çaxırının və ya üzüm puçalının distillə edilməsindən alınan spirtli içkilərin (konyak, qrappa, brendi və digərləri) ixracı isə 120,8 min dekalitr(244,71 dekalitr) təşkil edib. Göründüyü kimi, ixrac həcmlərində çox böyük azalma var.

İqtisadçı-ekspert Rövşən Ağayev bildirir ki, üzüm istehsalçılarına yaranmış problemdən çıxış üçün dəstək göstərilməlidir: “Fermerlərdən gələn məlumat göstərir ki, hazırda ən pis durumda olanların önündə üzüm təsərrüfatları gəlir. Şərab zavodları ixracın azalmasını əsas gətirərək məhsul qəbulunu ya ümumiyyətlə dayandırıblar, ya da son dərəcə aşağı qiymətə məhsul alırlar. Ötən il hər tonunu 300 manata aldıqları texniki (şərablıq) üzüm sortlarına hazırda ən yaxşı halda 200 manat təklif edirlər.

Bu bazarda yüksək inhisarçılıq var: şərab məhsullarının istehsalı 3-5 iri istehsalçının diqtəsi və hökmranlığı altındadır, onlar da bu imkandan maksimum soyğunçuluq və istismar üçün bəhrələnirlər.

Müqayisə üçün deyim ki, qonşu Gürcüstanda fermerlər üzümün növündən asılı olaraq zavodlara təhvil verdikləri hər ton üçün 100-200 manat aralığında hökumətdən subsidiya da alırlar".

Ekspert çıxış yolunu da təklif edir: “İndi görüləcək işlərdən ən vacibi Kənd Təsərrüfatı və İqtisadiyyat Nazirliklərinin birgə qərargahlarının yaradılması, fermerlərin məhsulunun qəbulu üçün zavodlarla səmərəli əməkdaşlığın qurulması, məhsulun qəbulu üçün maliyyə resursları olmayan zavodlara dövlət dəstəyi kanallarının işə salınmasıdır. Əgər fermerin hər hektar üzüm bağında 8-10 min manatlıq məhsulu batırsa, hökumətin üzüm sahələrinin hər hektarı üçün verdiyi 240 manat subsidiya heç kimə lazım deyil. Bu gün üzümçülük təsərrüfatlarının ən çox ehtiyac duyduğu dəstək mexanizmi ”müqaviləli fermerçilik" mexanizminin yaradılmasıdır. Necə ki, pambıq zavodları səpindən əvvəl qiymət şərtləri də razılaşdırmaqla fermerlərlə müqavilə bağlayır, eyni yanaşmanı şərab zavodları da üzümçülərə tətbiq eləməlidirlər.

Aqrar və iqtisadi inkişafa məsul qurumlar subsidiya verməklə işlərini bitmiş sayırlarsa, çox böyük yanlışlıq var. Büdcədən pulu götürüb kiməsə yönəltmək peşəkar və effektiv idarəçilik deyil. Bu, hər kəsin bacara biləcəyi işdir. Fermerin məhsulunun dayanlıqlı və əelverişli qiymətə satışı üçün bazar kanallarının, əlavə dəyər zəncirinin yüksək səviyyədə inkişafını təmin etmək əsas vəzifədir.

Yeri gəlmişkən, Azərbaycanın şərab zavodları pandemiya ilə əlaqədar ixrac imkanlarının kəskin azalmasını bəhanə gətirib fermerin əlindən su qiymətinə çıxarmağa hazırlaşarkən kiçik bir statistik araşdırma apardım. Doğrudur, bu ilin 7 ayında ixrac kəskin azalıb - təxminən 2,5 dəfə. Amma iş orasınddır ki, daxili istehsalın maksimum 5 faizi ixraca yönəldiyi üçün ixracdakı kəskin azalma şərab zavodlarının xammal qəbulunda bu səviyyədə qiymət manipulyasiyasına səbəb olmamalı idi. Daxili istehsala gəldikdə, rəsmi statisitka 7 ayın nəticələrinə görə 5 faizə yaxın bir azalma göstərir".

İqtisadçı-ekspert Elman Sadiqov hesab edir ki, məsələ aktual və vacibdir: “Bu, həm də bir tədarük sənciri məsələsidir. Bunun öz qanunları, sistemləri var, amma monopoliyanın yaratdığı gözqamaşdırıcı imkanlar bu sistemləri tətbiq etməyə imkan verməz. Rəqabət olduqda müəssisələr fermerlərlə fermerlər üçün daha uyğun şərtlərlə forvard müqavilələri bağlayırlar. Fermer də bilir ki, məhsulunu kimə və neçəyə satacaq. İkincisi, şərab xarab olan məhsul deyil. Üzüm də 365 gün bitmir. Üzümü qəbul edib şərabı hazırlayıb illərlə də saxlamaq olar. Üçüncüsü, bu sahəni bilənlər oradakı marjanın yüksək olduğunu inkar etməzlər. Yəni hətta şərab qiymətləri 30-40 faiz ensə də (bu ehtimal da çox aşağıdır), yenə zərər olmayacaq. Dördüncüsü, başqa ölkələrin indiki təcrübələrini öyrənmək kifayət etməz, gərək onların bu sahədə (ümumiyyətlə, iqtisadi inkişaf tarixləri də daxil olmaqla) keçdikləri yollar incəliklə öyrənilsin. Çatışmayan cəhətlərdən biri də budur... nəhayət, vəziyyət statistik məlumatların əks etdirdiyindən daha fərqlidir”.

Qeyd edək ki, yalnız texniki üzüm növlərinin deyil, süfrə üzümlərinin satışında da qiymət azalması müşahidə olunmaqdadır.

Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Elçin Mədətovun “Yeni Müsavat”a dediyinə görə, hazırda şərab istehsalçılarının bütün çənləri doludur: “Bildiyiniz kimi, şərabın əsas bazarı ictimai iaşə və turizm sektorlarıdır. Pandemiya ilə əlaqədar 6 aydır Azərbaycanda bu sektorlarda fəaliyyət ya tamamilə dayandırılıb, ya da çox məhdud formada davam edib. Ölkədə kütləvi şənliklərə, mərasimlərə qadağa qoyulub. Eyni zamanda pandemiya bizim ixrac bazarlarımız olan ölkələrdə də tələbatı azaldıb - ixracımız 60 faizədək aşağı düşüb. Əsas ixrac bazarımız olan Rusiyada rublun dəyəri 25 faiz ucuzlaşıb. Bundan əlavə, Rusiyada qəbul olunmuş qanuna əsasən iyundan etibarən xammal şərabın idxalında məhdudiyyət tətbiq edilib. Nəhayət, yüksək spirt tərkibli mayelərin Azərbaycandan ixracına qadağa qoyulmuşdu. Nəticədə bizim istehsalımız kəskin azalıb. Elə müəssisə var ki, istehsalı 70 faiz azalıb. Çənlərimiz hazır məhsulla doludur. Bu şəraitdə yeni məhsulu baha qiymətə alıb saxlamaq böyük risk yaradır”.

Assosiasiya rəhbərinin sözlərinə görə, koronavirus pandemiyasının bir çox ölkələrdə yenidən artması bütün sahələrdə biznes üçün qeyri-müəyyənlik yaradır: “Qeyri-müəyyənlik risklərin artması deməkdir. Bir çox ölkələr yenidən restoran-kafeləri bağlayırlar. Bu gün heç kim zəmanət vermir ki, Azərbaycanda da bir müddətdən sonra eyni məhdudiyyətlərə gedilməyəcək. May ayında biz artıq ikinci dəfə məhdudiyyətlərə getmişik. Azərbaycanda evdə spirtli içki içmək ənənəsi yoxdur. Belə içkilər toylarda, şənlik məclislərində, restoranlarda içilir. Toy, şənlik yoxdursa, restoranların yenidən qapanmaq təhlükəsi varsa, biz neynəyə bilərik? Bütün bunları nəzərə alaraq, biz xammalı əvvəlki qiymətə almağa risk etmirik. Əvvəllər fermerlərə əvvəlcədən də pul ödədiyimiz çox olub. Keçən il üzümün tonunu 340-400 manata alırdıq. İndi isə buna imkanımız çatmır. Özü də ucuzlaşma yalnız texniki üzümlə bağlı deyil, süfrə üzümü də ucuzlaşıb. Çünki toylar, şənliklər yoxdur, turist gəlmir. Biz yenə də məhsulun fermerlərin əlində qalmaması üçün ucuz qiymətə də olsa alırıq. Yəqin ki, bağlarda olan bütün məhsul alınacaq, heç kimin üzümü yerdə qalmayacaq”.
“Yeni Müsavat
Tarix: 12-09-2020, 09:22
Xəbəri paylaş



Xəbər lenti