Mənimsənilən 119 milyonluq kreditdə “AMAY” izi - Obyektlər girov qoyulub

Son vaxtlarda “AMAY” ticarət mərkəzində yerləşən bir sıra qeyri-yaşayış obyektlərinin hərraca çıxarılmasının səbəbi bəlli olub.


Xitab24.az-ın əldə etdiyi məlumata görə, bu tədbirlərin həyata keçirilməsi 40 fiziki şəxsin bankdan götürdüyü 118.838.628 manatlıq kredit və bundan irəli gələn borcla bağlıdır. 


Söhbət bir qrup sahibkarın kənd təsərrüfatına yönəldiləcəyi adı ilə dövlətə məxsus “Aqrarkredit” (Bank olmayan kredit təşkilatı) QSC-dən külli miqdarda götürdüyü, lakin öz xərclərinə sərf etdiyi milyonlarla kreditdən gedir.


Həmin borc üzrə tələb hüququna “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti sahibdir. 


Hazırda qeyd olunan fiziki şəxslərin kredit borclarının qeyri-yaşayış sahələri ilə əvəz edilməsi istiqamətində tədbirlər həyata keçirilir.


Qeyd edək ki,  qanunsuzluqla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməliyyat keçirib, cinayət araşdırması davam edir. 


“Aqrarkredit” QSC-nin sabiq rəhbəri, Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev barəsində də cinayət təqibi aparılır. İstintaq materiallarına əsasən, bu məsələ ilə bağlı həbs edilən şəxslər M.Musayevlə əlbir olaraq xüsusilə külli miqdarda dələduzluq cinayəti törədiblər.


Əməliyyat nəticəsində “Şurabad quşçuluq” MMC-nin direktoru Fuad Süleymanov, “Şurabad broyler”in direktoru Tofiq Musayev, “Salyansüd” MMC-nin qanuni təmsilçisi Fazil Rüstəmov və onlarla əlbir olan Faiq Rüstəmov, Süleyman İsmayılov və Yaşar Qurbanov saxlanılıb.


Xatırladaq ki, həbs edilələnlərdən Tofiq Musayev Məmməd Musayevin qardaşı oğludur.

Tarix: Bu gün, 10:37
Xəbəri paylaş



Xəbər lenti