“Allahım, mənə bahalı maşın, üzüyün qaşın, brilyantın daşın nəsib eylə…” - və yaxud ÖLMÜŞ MƏTBUAT ÜÇÜN AĞI


Müqəddimədən başlayım…
Efirlərin dar qapısı üzünə bağlanandan sonra YouTube genişliklərinə çıxan və elə 2-ci buraxılışında saatlar ərzində fantastik baxış sayı – 100000-ə qədər izləyici yığan Elgiz kameralara ilk xitabındaca adəti üzrə “quş” buraxdı. Sözə təxminən belə başladı ki, bu kanalı açmaqçün mənə kömək edənlərə və icazə verənlərə təşəkkür edirəm! Bir dəqiqə! Kömək edən sponsordursa, bəs onda icazə verən kimdir? Bəli, düz tapmısız, mən də eynisini düşünürəm.
Hələ səbr edin, reelslər bir azdan dünyanı tutacaq, hələ YouTube nədir bilməyən Gülbadam xala təcili internetə qoşulacaq, sevimli aparıcıları telefonla cibinə girəndə ürəyi yerinə gələcək...
Söhbəti burada CapCut edib keçirik diplomatların son Xankəndi səfərinə. Beynəlxalq Mediaforumda məşhur bloqerləri toplamaq ənənəsini davam etdirərək hörmətli Hikmət Hacıyev üzünü tutur təzələrə, hər selfidən sonra bloqerlərə kompliment edir ki, sizi izləyirəm.
Aha, bu cümləyə diqqət! Xarici siyasət məsələləri şöbəsinin müdiri “Allahım, mənə bahalı maşın, üzüyün qaşın, brilyantın daşın nəsib eylə…” deyə-deyə 1 milyondan çox izləyici toplamış Fatmanın paylaşımlarına niyə baxsın ki?
Bunları Xankəndidə qoyub efirlərə jurnalist əvəzinə aparıcıların – daha sonra şoumenlərin, tamadaların doldurulduğu vaxtları xatırlayardım, amma söhbət çox uzanar.
Əsas məsələ nədir? Nəzarət! TV və saytlara tətbiq edilərək medianı simasızlaşdıran nəzarət!
Yemək, geyim, makiyaj, bahalı həyat videoları ilə ölkə içində - yəni elə “öz məhəlləmizdə” milyonluq auditoriya yığan bloqerlər hələ ki, “isti-isti” hiss eləmirlər. Belə bir zənnə qapılırlar ki, möhtərəm qonaqlarla bir masa arxasında oturduqları məclislərdən selfilər çəkən onlardır. Personalarını iri planda, diqqət mərkəzində görüb sevinirlər, qeyri-rəsmi ortamda qəfil telefonu çıxarıb xarici diplomatlarla qucaqlaşırlar, yallı başlarını gicəlləndirib.
Özlərini hələ azad sosial media sayırlar.
Düzü, buna ciddi şübhəm var. Çünki xaricdəkilər bir yana, daxildə təhlükəli dərəcədə geniş auditoriya toplayanlardan baş açmaq asan məsələ deyil. Bloger müğənni deyil ki, fəxri ad verəsən, jurnalist deyil ki yaxasına medal taxasan. Hər story-si azı 3-5 min manat. Ona görə də yaxşısı blogeri yuxarı başa çəkib qələm əhlinin hirsləndirmək, sonra da o həngaməyə baxa baxa qeyri rəsmi ortamda məzələnməkdi. Axı bir vaxtlar “ciddi” sayılan media da gördüklərindən “ibrət alıb”yolunu dəyişəcək. Daha prinsipsiz, məzmunsuz, daha sarı olacaq.
Vəssalam. Elə bunu deməyə gəldim. Bəlkə də mən yanılıram. Bir az da yaşasaq, görərik. Dostumuz Elgiz demiş, “Şadlıq olsun!
.
Lalə Əliyeva - "DİA-AZ" 
Tarix: Bu gün, 08:39
Xəbəri paylaş



Xəbər lenti