Mətbudaşlar! Şuşaya yox, problemlərin üstünə gedin! — SAMİR FEYRUZOV JURNALİSTLƏRƏ SƏSLƏNDİ


 Samir FEYRUZOV
Diplomatların Şuşaya səfərinə blogerlərin və influencerlərin də cəlb olunması jurnalistləri ciddi narahat edib. Jurnalistlər açıq-gizli üsyan edirlər: onları niyə aparmayıblar? Sanki Şuşaya səfər jurnalistin peşəkar statusunun təsdiqi üçün verilən xüsusi imtiyazdır. Şuşaya səfər jurnalist üçün bu qədərmi əhəmiyyətlidir?
Mətbudaşlar! Azərbaycanda saysız-hesabsız problemlər, riskli mövzular, araşdırma tələb edən məsələlər var. Amma siz bu mövzulara yaxın getmirsiniz. Nə üçün? Çünki “mənə problem lazım deyil” devizi ilə risksiz, rahat və təhlükəsiz yaşamağı seçmisiniz. Bu seçimi siz etmisiniz.
Bəli, deyə bilərsiniz ki, bəs o məişət blogerləri hansı problemi qaldırıblar? Onlar da qaldırmayıb. Amma, bu, onlar üçün ayıb deyil. Sizin üçün isə başıaşağılıqdır, utancdır, peşə etikasından min kilometrlərlə uzaq düşməkdir. Belə səfərlər bəlkə də beş il əvvəl məni narahat edə bilərdi, indi kimi aparırlar, aparsınlar, qətiyyən narahat deyiləm, özləri bilər. Jurnalisti — Vətənin, ölkənin, mətbuatın taleyi narahat etməlidir. Siz öz taleyinizdən narahatsınızsa, bu başqa məsələ… Blogerlərin ora aparılmasının səhv-düz olduğunu da mübahisələndirmirəm, məni incidən odur ki, jurnalistlər səfər davası edirlər.
Şuşaya məişət blogerlərinin aparılması sizi incitməməlidir. Sizi ölkədəki problemlər incitməlidir. Onlar haqqında yazmalısınız, danışmalısınız, araşdırmalısınız. Amma bunların heç birini etmirsiniz. Çünki sizin üçün şəxsi rahatlıq əsasdır.
Ölkədə elə dövlət qurumları var ki, büdcəni talamaqla məşğuldur. Siz həmin qurumlarla müqavilələr imzalayıb sakit oturmusunuz, aylıq pulunuzu alırsınız. Bu oğurluqlardan siz də pay alırsınız, xəbəriniz olsun!
Həmkarlar! Deyə bilərsiniz ki, Şuşa səfəri siyasi yükü olan səfərdir, orada siyasi təfəkkürə malik insanlar iştirak etməlidir ki, dünyaya səsimizi daha yaxşı çatdıraq. Yaxşı, məişət blogerlərini yox, sizi apardılar. İnsafla danışaq: o qədərmi ciddi fərq olacaq? Siz özünüz bu yerə gəlib çatmamısınız, bilirsiniz ki, dövlətin verdiyi dəstək olmasa, nə sizi sayan olacaq, nə də saytınızı oxuyan tapılacaq.
Yox, əgər bunun əksini düşünürsənsə, maddi dəstəkdən imtina et, qır zəncirləri, atıl meydana! Medal, fəxri ad, ev, pul veriləndə öndəsiniz, bir dəfə güzəştə gedə bilmirsiniz? Dünənə qədər Çinin Avropa ölkəsi olduğuna inanan köhnə jurnalist var, o da etiraz edir – lənət şeytana, bu adam Çin səfirinə nəyi, necə izah edəcək, nə sual verəcək?
Hələ utanmadan peşəkar medianın məhvindən danışırsınız. Məgər bu vəziyyətin yaranmasında sizin heç bir günahınız yoxdur? Deyək ki, hakimiyyət tənqid istəmir, sizə pul verib dilinizi kəsib. Bəs vicdanınız? Mən inanmıram ki, jurnalistlərə deyilsin ki, gedin oturun yerinizdə, adi tənqid də etməyin. Heç olmasa arada bir “cəh-cəh” vurmaq lazımdır, elə deyilmi?
Jurnalist niyə məmurlaşmalıdır? Niyə özünü dövlət qurumunun əməkdaşı kimi aparmalıdır? Ümumiyyətlə, jurnalistin Şuşada nə iti azıb? Dəfələrlə getmisiniz. Məsələ Şuşaya kimin aparılması deyil, məsələ jurnalistin öz peşəsinə nə qədər sadiq qalmasıdır. Və unutmayın, o blogerlər də ciddi yaza bilmir — siz də, onlar da cəsarətsizdir — siz də. Onlar da hökumətdən pul umur — siz də. Daha fərq qalmadı ki… Sizi birləşdirən çox ortaq cəhət var, yazmıram. Heyf Vətənimə…
Tarix: Bu gün, 17:22
Xəbəri paylaş



Xəbər lenti