
Tərtərdə yeni Dövlət Proqramının icrası ilə əlaqədar kənd təsərrüfatı və emal sahələrinin inkişafı üzrə layihələrə baxış keçirilib
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin aqrar sektorun inkişafına göstərdiyi xüsusi diqqət və qayğıya uyğun olaraq, ölkəmizdə qeyri-neft sektorunun, xüsusilə kənd təsərrüfatının inkişafı və ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində müəyyən edilmiş vəzifələr Tərtər rayonunda da ardıcıl və məqsədyönlü şəkildə icra olunur.
Bu çərçivədə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və Prezident Administrasiyasının məsul əməkdaşı Ziya Məmmədov “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlər üzrə rayon sahibkarlarının təşəbbüsləri və sahələrdə görülən işlərlə yerində tanış olublar.
Səfər çərçivəsində heyvandarlıq təsərrüfatına, süd emalı müəssisəsinə, intensiv xurma bağlarına, pambıq tarlasına, müasir tipli istixana kompleksinə və ərzaqlıq buğda istehsalının artırılması istiqamətində həyata keçirilən layihələrə baxış keçirilib.
Baxış zamanı sahibkar Habil İbrahimov Almaniyadan 200 baş “Holşteyn-Friz” cinsli südlük boğaz düyələr aldığını və süd istehsalını artıraraq 5400 tona çatdıracağını bildirib. O, həmçinin “Tərtər Aqro Süd Emalı” MMC-də süd məhsullarının istehsalı üçün müasir avadanlıqların alınması məqsədilə danışıqlar apardığını, müəssisə yenidən qurulduqdan sonra illik istehsal gücünün 10 950 tondan 18 250 tona yüksəldiləcəyini diqqətə çatdırıb.
Fermer Vidadi Vəliyev hazırda 40 hektar sahədə pambıq becərdiyini, növbəti əkin ilində bu sahəni 10 hektar artıraraq 50 hektara, məhsuldarlığı isə hər hektardan 40 sentnerdən 50 sentnerə çatdırmağı hədəflədiyini qeyd edib.
Fermer Muxtar Orucov mövcud 98 hektarlıq intensiv xurma bağını 30 hektar genişləndirərək 128 hektara, Arif Orucov isə yeni salınmış 18 hektarlıq intensiv xurma bağını əlavə 20 hektar artıraraq 38 hektara çatdıracağını bildirib.
Fermer Zəfər Nəsirov müasir tipli istixana kompleksinin sahəsini 2 hektar artıraraq 3 hektara, məhsul istehsalını isə 200 tondan 600 tona çatdırmağı planlaşdırdığını bildirib. Qeyd olunub ki, quraşdırılması nəzərdə tutulan əlavə 2 hektardan 1 hektarında artıq işlər yekunlaşıb və əkin üçün hazırlıq aparılır, digər 1 hektarda isə quraşdırma işlərinə hazırlıq görülür.
Fermer Pərviz Həsənov 440 hektar sahədə ərzaqlıq buğda istehsalı üçün torpağın düzlənməsi işlərinin aparıldığını və 16 ədəd müasir pivot suvarma sisteminin alınması üçün danışıqların davam etdiyini vurğulayıb.
Baxış zamanı fermer və sahibkarlarla söhbətlər aparılıb, onların fəaliyyəti, gələcək planları və qarşılaşdıqları məsələlər öyrənilib, təklif və müraciətləri dinlənilib. Dövlət tərəfindən yaradılan geniş imkanlardan, o cümlədən subsidiyalar, güzəştli kreditləşmə və digər dəstək mexanizmlərindən səmərəli istifadə olunmasının vacibliyi vurğulanıb.
Tərtər rayonunun aqrar potensialından daha səmərəli istifadə edilməsi, ərzaqlıq buğda istehsalının artırılması, intensiv bağçılığın genişləndirilməsi, müasir istixana komplekslərinin qurulması və heyvandarlığın inkişafı istiqamətində tədbirlər bundan sonra da ardıcıl olaraq davam etdiriləcəkdir.
Səfərin davamı olaraq Tərtər Rayon İcra Hakimiyyətinin inzibati binasında kənd təsərrüfatı məhsullarının istehsalı və emalı ilə məşğul olan təsərrüfatların və emal müəssisələrinin rəhbərlərinin, aidiyyəti dövlət qurumlarının yerli nümayəndələrinin və “Əlaqələndirmə Qərargahı”nın üzvlərinin iştirakı ilə geniş tərkibli görüş keçirilib.
Görüşün əsas məqsədi zona müşavirəsində irəli sürülmüş təşəbbüslərin icra vəziyyətini, habelə Dövlət Proqramı çərçivəsində həyata keçirilən digər tədbirlərə dair məlumatları iştirakçıların diqqətinə çatdırmaq olub.
