Jurnalist Tamstore-dan narazı qaldı: “Bu artıq idarəçilik problemidir”

Jurnalist Tamstore-dan narazı qaldı: “Bu artıq idarəçilik problemidir”
Tamstore Marketlər Şəbəkəsinin filiallarından birində müştəriyə qarşı kobud davranış göstərildiyi iddia olunur.

Yenigun.Media xəbər verir ki, bu barədə jurnalist Gülnaz Nazimqızı sosial şəbəkə hesabında paylaşım edib.

Jurnalistin sözlərinə görə, qızı Dənizlə birlikdə marketdə olarkən kassalardan birini özünəxidmət kassası zənn ediblər. Qızı iki məhsulu skan edib və məhsullar sistemə düşsə də, ödəniləcək məbləğ ekranda görünməyib.

Məsələ ilə bağlı kömək istədikdə isə, onun iddiasına görə, market əməkdaşı vəziyyəti izah etmək əvəzinə kobud şəkildə “Təcili kassanın qabağından çəkilin” deyib.

Gülnaz Nazimqızı bildirir ki, həmin kassanın özünəxidmət kassası olduğunu düşündüklərini izah etməyə çalışsa da, əməkdaşın yenidən əmr tonunda “Çəkilin buradan!” ifadəsini işlətdiyi iddia olunur.

Paylaşımda mağaza administratorunun da hadisənin baş verdiyi vaxt yaxınlıqda olduğu, lakin müdaxilə etmədiyi qeyd edilir. Jurnalistin administratora iradından sonra isə ona “Hə, çağırıb izahat alacağam” cavabının verildiyi bildirilir.

Jurnalist paylaşımında bununla yanaşı, daha əvvəl də eyni market şəbəkəsində iki dəfə vaxtı keçmiş məhsulla qarşılaşdığını iddia edib.

Onun sözlərinə görə, əvvəlki hallarda market əməkdaşları işçilərin işdən çıxarılacağını bildirərək paylaşımın silinməsini xahiş ediblər və o da bu xahişləri nəzərə alaraq yazdıqlarını silib.

Gülnaz Nazimqızı bu dəfə isə məsələyə fərqli yanaşdığını bildirərək qeyd edib ki, problem bir dəfə baş verdikdə təsadüf kimi qiymətləndirilə bilər, lakin eyni halın təkrarlandığı halda bunun artıq idarəçilik və xidmət səviyyəsi ilə bağlı problem olduğunu düşünür.

Jurnalist müştərilərə qarşı münasibətin əsas xidmət prinsiplərindən biri olduğunu vurğulayaraq, belə hallarda istehlakçıların etiraz formasının boykot ola biləcəyini bildirib.

Yenigun.Media olaraq qeyd edirik ki, səsləndirilən fikirlər jurnalist Gülnaz Nazimqızının sosial şəbəkə paylaşımına əsaslanır.

Qeyd edək ki, “Tamstore” mağazalar şəbəkəsi “Avrora” Şirkətlər Qrupuna məxsusdur.

Tamstore Marketlər Şəbəkəsinin mövqeyini dərc etməyə hazırıq.
Tarix: Bu gün, 13:19
Xəbəri paylaş



Xəbər lenti