Son günlər mətbuatda yazılar gedir ki, ev-mənzil satışları azalsa da, qiymətlər artır – yəni, məntiqlə, satış olmayanda nə olur, bəli, qiymət düşməlidir, bizdə isə satış yoxdur, qiymət artır, bu birbaşa primitiv iqtisadi modelin “meyvələridir”.Əsas problemlərdən biri odur ki, bizim bəsit iqtisadi modelimizdə yatırım sahələri və alətləri yox dərəcəsindədir. İqtisadi aktivlik zəifləyib, iqtisadiyyat boğulur deyə, biznesə də yatırım edən azalıb – zatən işləməyə imkan vermirlər, vergi-rüsum-cərimə-tənzimləmə iş mühitini ifliç edib. Qiymətli kağızlar bazarı da yox dərəcəsindədir, investor ora yatırım edə bilmir, ya da etmir.
Qalır mənzil, ev almaq, onu kirayəyə vermək, bu primitiv biznes növünü doğuran, bəsit iqtisadi modeldir. Amma, burda da problem var – Bakıda mənzilin kirayə elə qiymətinin geri dönüşü, ortalama, 18-22 il arasıdır, o da, mənzil-ev daim kirayədə olsa. Təsvvür edin ki, 200 minə ev-mənzil alırsız, 800 manata kirayə versəniz, 20,8 ilə mayasını çıxardırsınız, yəni, qazanmırsınız ha, mayası çıxır. İndiki depozit faizləri ilə 200 min manatı banka qoysanız, 10 ilə 200 min qazanırsız, öz pulunuz da yerindəcə qalır. Yəni, mənzil-ev uğurlu yatırımdımı – Bakı üçün, o qədər də deyil, sadəcə, primitiv iqtisadi modeldə başqa seçənək qalmır, yatırım aləti kimi daşınmaz əmlak əsas istiqamətlərdən biri kimi qalır.
Yaxşı, qiyməti yüksəldən bir tək kirayə üçün ev-mənzil alanlardımı?! Təbii ki, yox. Bizim bəsit iqtisadi modeldə böyük tikinti şirkətlərinin arxasında duranların əsas qazancı mənzildən-evdən deyil. Pul zatən gəlir, tikir, satılmırsa, vecinə də deyil, Anadolu qardaşlarımız demiş, əsl “müteahhit” deyillər axı, kredit götürüb bina tikmirlər ki, tez satıb borcdan çıxmaq haqqında düşünsünlər.
Belə, çox bəsit, primitiv (özüm qəsdən bu sözü yazıda dəfələrlə işlətdim) iqtisadi model qurub yerimizdə sayırıq, qonşuların bizi ötməsinə tamaşa edirik...
Natig Jafarli