
Avtomobillərdən yaranan səs-küyə qarşı ayrıca inzibati məsuliyyət müəyyən edilməlidir.
Bunu AXS.az-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev deyib.
O qeyd edib ki, şəhərdə problem yalnız gecə saatlarında yaranan səs-küylə məhdudlaşmır:
“Gün ərzində də avtomobillərdən yüksək səslə musiqi səsləndirilməsi və zərurət olmadan səs siqnalından istifadə edilməsi şəhər mühitində ciddi səs-küy yaradır.
Ona görə də hesab edirəm ki, İnzibati Xətalar Məcəlləsində ayrıca bəndlə:
• günün bütün saatlarında avtomobildən normadan artıq səslə musiqi səsləndirilməsi;
• zərurət olmadan və ya lüzumsuz olaraq səs siqnalından istifadə edilməsi inzibati xəta kimi müəyyən edilməli və buna görə konkret cərimə nəzərdə tutulmalıdır”.
R.Ağamirzəyev deyib ki, gecə saatlarında isə mövcud Məcəllənin 521-ci maddəsinin tələbləri ilə yanaşı, bu davranışlara nəzarət daha sərt həyata keçirilməlidir:
“Səs siqnalı təhlükə barədə xəbərdarlıq etmək üçündür, əsəb və narazılıq ifadə etmək üçün deyil.
Məqsəd sürücüləri cəzalandırmaq yox, şəhərdə sağlam və komfortlu səs mühiti yaratmaqdır”.
Plat.az