Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanından keçərək məktəblərə təyin olunan müəllimlər arasında dərs saatlarının bölünməsi ilə bağlı narazılıqlar yaranıb.Bizimesr.media bildirir ki, mövcud qaydalara əsasən, məktəblərdə dərs saatlarının bölgüsü müəyyən edilmiş hüquqi prinsiplər və prioritetlər əsasında aparılmalıdır. MİQ və yerdəyişmə müsabiqəsi vasitəsilə vakant yerə təyin olunan müəllimə həmin vakansiya üzrə nəzərdə tutulan (18 saat) dərs saatlarının verilməsi məsələsi də bu çərçivədə nəzərdə tutulur.
Narazılıqlara səbəb olan əsas məsələlərdən biri vakant dərs saatlarının MİQ-lə yeni işə qəbul olunan müəllimlərə deyil, məktəbdə artıq çalışan müəllimlər arasında daxili əvəzçilik yolu ilə bölüşdürülməsidir.
Müəllimlər MİQ müsabiqəsində yüksək bal toplayaraq daimi əsaslarla işə qəbul olunsalar da, məktəbdə onlara gözlədiklərindən daha az dərs saatı verilir.
Digər problem isə vakansiyada göstərilən dərs saatları ilə məktəbdə faktiki bölüşdürülən saatlar arasında fərqin olması ilə bağlıdır. Müəllim müsabiqə zamanı müəyyən dərs yükü ilə elan olunan vakansiyanı seçir, lakin məktəbə təyin olunduqdan sonra həmin dərs yükünün tam verilmədiyini görür.
Məsələ ilə bağlı nəzarət mexanizmlərinin tətbiqi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin fəaliyyət istiqamətlərindən biridir. Amma görünür Agentlik rəhbərliyi, Eşqi Bağırov bu məsələnin tənzimlənməsinə nəzarət edə bilmir.
Bütün bunlar azmış kimi, müəllimlər arasında əsas narazılıq isə MİQ imtahanından yüksək bal toplayaraq məktəbə daimi əsaslarla qəbul olunan şəxslərin saatları "oğurlanır". Direktorlar istədiklərini etməklə gənc müəllimlərə təzyiq göstərir və səsini çıxarana gələcəkdə ciddi problemləır yaradılacağını bildirir. Bu əsasən Bakı məktəblərində çalışan, özünü "gestapo müdiri" kimi aparan direktorlara aiddir ki, konkret faktlarla belə direktorlarıən kimliyi açıqlanacaq.
Ədil Hüseynli