
Dövlətin etimadından istifadə edərək korrupsiya və dövlət büdcəsinin talanması kimi cinayət əməllərinə imza atan icra başçılarının cəzası verildikcə, digərlərinin bu vəziyyətdən nəticə çıxarmaması təəssüf doğurur.
Bildiyiniz kimi, bir neçə gün əvvəl Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Balakən Rayon İcra Hakimiyyətində əməliyyat keçirilib.

Korrupsiya hüquqpozmaları və vəzifə cinayətləri ilə bağlı keçirilən əməliyyat çərçivəsində rayonun icra başçısı İslam Rzayev saxlanılıb Balakənin sabiq icra başçısı İslam Rzayev məhkəməyə çıxarılıb və istintaq orqanı külli miqdarda mənimsəmədə , həmçinin təkrar rüşvət almaqda təqsirləndirilən şəxsin həbs edilməsini istəyib.
Səbail Rayon Məhkəməsi cinayətin ağırlığını, həmçinin istintaqın gedişatına ehtimal olunan təsiri nəzərə alaraq vəsatəti təmin edib.
Qərara əsasən İ.Rzayev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. O, məhkəmədən birbaşa DTX-nin istintaq təcridxanasına aparılıb.
Əslində Rzayev belə bir cinayət əməli ilə həbs edilən ilk icra başçısı deyildi və ondan əvvəl həbs edilən icra başçılarının aqibətini yaşamaya bilərdi. Əgər məşhur təmsildə deyildiyi kimi “ gözü çıxmış qardaş”dan nələrsə öyrənsəydi, fürsətçil, korrusioner və acgöz olmasaydı…

Rzayev ən azından dost və həmkar olduğu Qaxın 15 illik sabiq icra başçısı Musa Şəkiliyevin aqibətini gözü qarşısına gətirməliydi. Yəqin ki, bunu da bilirsiniz ki, İslam Rzayev bu ilin iyun ayında qulluq mövqeyindən istifadə etməklə xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəmə cinayətində ittiham olunan Musa Şəkiliyev yaxın dost olublar və tez-tez görüşüb biznes layihələrini müzakirə edirmişlər. Yəni, bu iki dostun şərikli təsərrüfatda 15 min başdan çox xırdabuynuzlu heyvanın olduğu deyilirdi. İstintaq davam etdikcə hər iki dostun dövlətdən oğurladıqları varidatları ortaya çıxarılacaq və layiqli cəzalarını alacaqlar.
Elə Musa Şəkiliyevin də dostu İslam Rzayev kimi başı korupsiyaya elə qarışmışdı ki, o da özündən əvvəlki icra başçılarının həbsindən dərs götürməyib.
Məsələn, üst-üstə 15 il, onun 7 ilini isə İmişli rayon icra hakimiyyətinin başçısı olan Vilyam Hacıyevi yada salmaq lazım idi ki, bu gün cinayət əməllərin məhkəmə qarşısında üzünə çırpılmayaydı.

Xatırlayarsınız, 25 iyul 2022-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, 12 il müddətinə azadlıqdan məhrum edilən Vilyam Hacıyevin həbsindən sonra dövlətdən oğurladığı pullarla yığdığı sərvətin siyahısı onun necə acgöz olduğunu ortaya qoydu:
İstintaqın ilk günündə İmişli şəkər zavodundakı yataqxanada 124 manata kirayədə yaşadığını iddia edən icra başçısının, sən demə, Bakıda, Həsən Əliyev küçəsində villası, Bakı, “Sahil” metrosu üzərindəki çoxmərtəbəli binada 5 otaqlı mənzili, Bakı, Nərimanov rayonu, S. Rəhman küç. ev 45 ünvanında mənzili, Bakı, Teymur Əliyev küç. “Milyonerlər məhəlləsi”ndə qiyməti 25 milyon manat civarında olan villası, İmişli rayonunda, H. Əliyev küç. ev 126 ünvanında mənzili, Gəncə şəhəri, Yeni Gəncə küç. ev 53 ünvanında mənzili, Dubayda milyonluq biznesi, Qazaxıstanda tikinti biznesi, İmişli, Daşkəsən, Gəncə, Göygöl rayonu və Bakıda müxtəlif ticarət obyektləri, torpaq sahələri, şadlıq evləri, mülkləri mövcuddur.
Eyni zamanda avtomobil kolleksiyasında 10-PP-369 dövlət nömrə nişanlı “Bentley”, eyni nömrə nişanlı “Land Rover”, 90-AA-369 dövlət nömrə nişanlı “Mercedes S class”, həmçinin son model “Mercedes Gelandewagen” və.
Düzdür, qərara əsasən, V.Hacıyevin cəzası 12 ildən 8 il 6 aya endirilib, amma düşünün 8 illik həbsdən sonra “topdağıtmaz” mülkləri əlindən çıxmış, vəzifəsindən uzaqlaşdırılmış, cibi boş qalmış, həbsxanada tamahı müqabilində itirdiklərinə görə yetərincə travma almış xəstə, el arasında hörmətdən düşmüş qoca bir adam kimi görünmək xoşunuza gələcəkmi?

Hazırda özü həbsdə, varidatı müsadirədə olan icra başçılarının adını bir də xatırladırıq ki, iş başında olan icra başçıları “gözü çıxmış qardaşdan” dərs götürsünlər:
a) Biləsuvar Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Mahir Quliyev 11 il həbs cəzası alıb. Ötən il Ali Məhkəmə eks-icra başçısının şikayətini qismən təmin edib. Qərara əsasən, M.Quliyevin cəzası 11 ildən 8 il 3 aya endirilib.
b) Neftçala Rayon İcra Hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyev 10 il müddətində azadlıqdan məhrum edilib. 2024-cü ilin fevralında Ali Məhkəmədə keçirilən iclasda İsmayıl Vəliyevin cəzası 6 il 2 aya endirilib.
c) Cəlilabad Rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalova 12 il həbs cəzası verilib. 2023-cü ildə Şirvan Apellyasiya Məhkəməsində keçirilən iclasda Namiq Zeynalovun cəzası 11 il 9 aya endirilib.
ç) Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədov 2021-ci ilin aprel ayında DTX tərəfindən həbs olunub. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Alimpaşa Məmmədov vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə, mənimsəmədə, rüşvət almaqda və cinayət yolu ilə əldə edilmiş dövlət vəsaitini leqallaşdırmaqda təqsirli bilinərək 11 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə Alimpaşa Məmmədovun cəzası bir il azaldılaraq cəzası 10 il 6 aya endirilib.
d) Ağstafanın msabiq icra başçısı Nizaməddin Quliyev 9 il müddətinə azadlıqdan məhrum edilib. Nizaməddin Quliyev 2021-ci ilin sentyabrın 7-də Gəncə modul tipli xəstəxanasında COVID-19-dan vəfat edib.
e) Yevlax Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədov 7 il 3 ay həbs cəzasına məhkum edilib. 2023-cü ilin yanvar ayında Şəki Apellyasiya Məhkəməsinin qərarına əsasən, Q.Səmədovun cəzası 6 ilə endirilib. O, 2023-cü ilin iyul ayında azadlığa buraxılıb.
ə) Kürdəmir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Ceyhun Cəfərov 2020-ci ilin avqustunda saxlanılıb. Məhkəmənin hökmü ilə o, 8 il 6 ay müddətində həbs cəzasına məhkum edilib. Sonradan Şirvan Apellyasiya Məhkəməsi sabiq başçının cəza müddətini 6 ilə endirib, daha sonra Ali Məhkəmə qərarı ilə bu müddət 4 il 6 aya qədər azaldılıb. 2025-ci ilin fevralında Cəfərovun cəzaçəkmə müddəti başa çatıb. Eks-icra başçısı azadlığa çıxıb.

Hazırda işinin başında olan icra başçıları, çalışın, dövlətin sizə etimad etdiyi vəzifədən öz şəxsi mənafeyiniz üçün istifadə etməyin, xalqı incitməyin, səlahiyyətiniz daxilində olan işlərdə dövlət başçısına yalan hesabatlar ötürməyin! Yoxsa, bir gün hörmətli DTX komandasını iş otağınızda, başınızın üstə görəcəksiniz! Diqqətli olun!
Əntiqə Rəşid