“O təyyarələrdə tikinti materialı yox, hərbi avadanlıq olub” – “Şoyqunun açıqlaması həqiqətə oxşamır”


Tofiq Zülfüqarov: “Təyyarələrin uzaq marşrutdan istifadə etməsi də məhz bu amillə bağlıdır”
“Düşünmürəm ki, Rusiya Ermənistana müharibənin taleyinə təsir göstərən ciddi silahlar versin, çünki...”


“Baş verənlər hərbi məsələdən daha çox, təbliğati məsələyə yönəlib”

 

Xəbər verdiyimiz kimi, ölkəmizdə səfərdə olan Rusiyanın müdafiə naziri Sergey Şoyqu ölkəsinin Ermənistana silah verməsi ilə bağlı iddialara aydınlıq gətirib. Belə ki, Şoyqu Rusiyadan Ermənistana uçan təyyarələrdə heç bir silah olmadığını, bu təyyarələrin sadəcə tikinti materialları daşıdığını bildirib.

 

Maraqlıdır, Şoyqunun bu bəyanatı nə dərəcədə məntiqli və səmimi hesab edilə bilər? Həqiqətənmi Rusiya Ermənistan ərazisində hansısa tikinti işi aparmaq üçün bunca bahalı və uzunmarşurutlu uçuşlar həyata keçirib?

 

Moderator.az-a açıqlama verən sabiq XİN rəhbəri Tofiq Zülfüqarov, Şoyqunun məlum açıqlamasının inandırıcı olmadığını vurğuladı:

 

“Burada iki məqama diqqət yetirmək lazımdır. Birincisi, bu təyyrələrin tikinti materialı daşıması o qədər də həqiqətə oxşamır. Ələlxüsus ona görə ki, Gürcüstan qanun qəbul edib və bu qanuna əsasən Rusiyanın hərbi yüklərini öz ərazisindən buraxmır. Məhz buna görə də Rusiya uçuşların marşrutunu bu şəkildə təşkil etməli oldu. Yəni bu təyyarələrdə hərbi avadanlıqlar mövcud idi. Ona görə də bu təyyarələr qısa yolla uçmadı. Şoyqunun açıqlaması həqiqətə oxşamayan məsələdir.

 

Ikinci vacib məqam bundan ibarətdir ki, Rusiya Ermənistan verdiyi silahlarla bağlı Azərbaycanın narahatlığına aydınlıq gətirməyə məcburdur. Bu da onu göstərir ki, istər-istəməz onlar gələcəkdə bu məsələdə ehtiyat edəcəklər. Çünki Azərbaycan iki ölkə arasında olan əlaqələri Ermənistana göndərilən silahlarla əlaqələndirir. Bu, müsbət haldır”.

 

R.Zülfüqarov Rusiyanın Emənistana Qarabağ müharibəsinin taleyinə həlledici təsir göstərəcək müasir silahlar vermədiyini qeyd etdi:

 

“Rusiya heç vaxt Ermənistn ciddi silahlar verməz.  Əgər Ermənistanın müdafiə üçün imkanları kifayət qədər bəs etsə, müasir silsahları olsa, o zaman Rusiyaya ehtiyacı olmaz. Ermənistanın hərbi baxımdan zəifliyi onu Rusiyaya bağlayan ən mühüm amildir. Buna görə də Rusiyanın Ermənistna güclü silahlar verəcəyini güman etmirəm və belə bir gözlənti məntiqsizdir.

 

Verilən hərbi avadanlıqların miqdarının da böyük olmadığını düşünürəm. Hesab  edirəm ki, burada əsas məsələ təbliğat məsələsi idi. 2016-cı ildə Rusiyanın Ermənistana bir sıra müasir raketlər, eləcə də “İsgəndər” raketləri verməsi ilə bağlı məlumatlar yayılmışdı. Lakin sonra məlum oldu ki, bunlar Ermənistan üçün nəzərdə tutulmayıb.

 

Rusiya belə bir görüntü yaratmaq istəyir ki, guya Ermənistana ciddi şəkildə köməklik edir. Bu uçuşlar məhz belə bir görüntünün yaradılmasına xidmət edir. Ümumiyyətlə, hesab edirəm ki, baş verənlər hərbi məsələdən daha çox, təbliğati məsələyə yönəlib”.

 


Tarix: 27-08-2020, 22:21
Xəbəri paylaş



Xəbər lenti