Özbəkistanın Əlişir Nəvai adına Daşkənd Dövlət Universitetinin professoru, tanınmış alim Gülbahar Aşurova dünya analarına müraciət edərək 30 ildən çoxdur ki, davam edən Ermənistanın Azərbaycana təcavüzü, regiondakı zorakılıq, aqressiya, habelə Ermənistan qoşunlarının Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonuna artilleriya atəşləri ilə hücumu ilə əlaqədar dünya analarına müraciət edib. Musavat.com Gülbahar Aşurovanın dünya analarına müraciətini təqdim edir:"Əziz analar, dünyanın mütərəqqi, sülhsevər və gözəl varlıqları, bu günlərdə bizləri daha bir xəbər sarsıtdı. 30 ildir regionun qanayan yarası, müsəlman, türk irsinin təhqir olunduğu, bəşəriyyətin böyük dərdi - Qarabağın və Azərbaycan torpaqlarının işğalı, bir milyon azərbaycanlının öz vətənlərindən, yurd yuvalarından qovulması, min bir iztirablara düçar edilərək köçkünlük həyatı yaşaması azmış kimi qan tökməklə öyünən Ermənistan Azərbaycanla olan dövlət sərhədinin Tovuz rayonu istiqamətində artilleriya hücumları həyata keçirdi və yenidən silahlar danışmağa başladı.
Ermənistan işğalı nəticəsində Azərbaycanın 12 rayonu və onlarla şəhəri, yüzlərlə kəndi, ölkə ərazisinin isə 20 faizi işğal olunub. Bu işğal bütöv bir nəslin xəyallarının alt-üst olmasına, nə qədər ailələrin, gənclərin, uşaqların, anaların yurdsuz, ocaqsız, evsiz-eşiksiz, gözüşalı qalmalarına, yüz minlərlə insanın taleinin puç olmasına səbəb oldu.
Min illərlə qurulmuş bütöv şəhərlər, kəndlər dağıdıldı, dini ocaqlar, mədəniyyət abidələri məhv edildi. Analarımızın, balalarımızın xoşbəxt həyatının üzərində oyunlar quruldu. “Ədalət” adlı müqəddəs bir məfhum qətl edildi.
Azərbaycan dünyanın ən qədim insan məskənlərindən biridir. Qədim tarixi, zəngin mədəniyyəti, möhtəşəm poeziyası ilə dünyada seçilir. Böyük Nizaminin, Füzulinin, Nəsiminin, dahi Üzeyir Hacıbəylinin vətənidir bu məmləkət. Dünyanın ən nəhəng ədəbiyyatını yaratmış bu xalq sülhsevərdir, zəhmətsevərdir, qonaqpərvərdir. Evində olan son tikəsini də Özbək xalqı kimi qonağı ilə bölüşər, evinin ən gözəl hissəsini qonaq üçün ayırar.
30 ildir bu qədər məhrumiyyətlərə, faciələrə, işğal, etnik təmizləmə və müharibə vəziyyətinə baxmayaraq bu xalq yenə də sülh istəyir və bu təcavüzün sülh yolu ilə həllinə çalışır.
Azərbaycanı “Turan üzüyünün qaşı” adlandıran Əmir Teymur babamız yanılmamışdı. Bu məmləkətdən daim bütün dünyaya böyük mədəniyyət, elm, poeziya və xalqların dostluğu, qardaşlığı birgə hürr içində yaşayışına dair çağırışlar səslənir.
Amma durun, əziz Analar! Vətən həm də Anadır. Bu gün müqəddəs Vətənin bağrındakı o torpaqların yüzdə iyirmisi işğal altında inildəyir, yurd yerləri fəryad edir. Artıq terrorlara, müharibələrə, işğallara, köçkünlüyə, həsrətə "Dur" deməyin zamanıdır! Qadın ürəyi daha həssasdır, qadın Anadır, qadın sevgidir, qadın dəyərdir. Bütün bu zorakılıqlar, atılan bütün bu güllələr analara dəyir, onlara toxunur!Biz unutmadıq ki, 1992-ci ildə Ermənistan Silahlı qüvvələri tərəfindən törədilmiş Xocalı soyqırımında öldürülən azərbaycanlı 613 dinc sakinin 63-ü uşaq idi, 2011-ci ildə Ağdamda erməni əsgərləri tərəfindən öldürülən 9 yaşlı Fariz Bədəlovun, Tovuzda isə 13 yaşlı Aygün balamızın acısı hələ ürəyimizə xəncər kimi batıb və daim sızıldadır.
Bitsin bu işğal! Qoy dünya birliyi tərəfindən tanınmış Azərbaycan torpaqları, şəhər və kəndləri azad olunsun, bölgədə yenidən sülh nəğmələri səslənsin, sülh göyərçinləri uçsun. İnsanlar öz yurd-yuvalarına qayıtsınlar. Biz analar ədalətin bərqərar olmasını, insanların haqlarının özünə qaytarılmasını istəyirik.
Bu qanayan yara o zaman duracaq ki, haqq-ədalət öz yerini tapacaq. Həsrət və iztirablara son qoyulacaq. Beynəlxalq ədalət, hüquq bərpa ediləcək.
Mən bütün dünya analarına, ziyalılarına müraciət edirəm.
Ermənistanın bu işğalçı siyasətinə hamımız dur deyək. Yetər, 30 ildir vurduğunuz ziyanlar və çəkdirdiyiniz bu acılar, məhv etdiyiniz bu talelər. Dünya bu acıları, bu fəryadları eşitməlidir. Susmaq bizə haramdır, əziz analar. Yurdlarımız, şəhər və kəndlərimiz, abidələrimiz, məscidlərimiz də insanlarımız kimi şəhiddilər, yaralıdılar, param-parça olublar.
Biz torpağı işğal olunan və ərazi bütövlüyü pozulan Azərbaycanın yanında olmalıyıq".
Tarix: 6-08-2020, 07:33