Vasif Talıbova xan adı qoymuşdular, deyirdilər ki, Naxçıvanı çapıb-talayır. Bəs indikilər nə edir? Nə dəyişib? Demək olar ki, heç nə. Belə getsə, camaat Vasif Talıbova şükür edəcək. Çünki Naxçıvanın indiki vəziyyəti ürəkaçan deyil. Hansı sahəyə baxırsan, problem aşıb-daşır. Məsələn, səhiyyə. Bu sahədə məmurlar iş adamları ilə əlbir olub gizli sövdələşirlər. Ortada dövlətin külli miqdarda pulları mənimsənilir. Bu pulları tender maxinasiyası yolu ilə yeyib şəxsi qazanclarını artırırlar. Naxçıvan səhiyyəsində bu işin başında “Səhiyyə Müəssisələrinin Təminatı Mərkəzi” publik hüquqi şəxsin direktoru Rifat Məmmədovun durduğunu bildirirlər. Rifat Məmmədovun səyi nəticəsində səhiyyə ilə bağlı tenderlərdə həmişə demək olar ki eyni şirkətlər qalib gəlir. Bunlardan əsası “JBA Group” şirkətidir. Bu şirkət səhiyyə sahəsində bütün növ cihaz və ləvazimat təchizatı, planlanma, layihələşdirilmə işləri ilə məşğul olur. Nədənsə tək Naxçıvanda deyil, ölkənin hər yerində tibbi avadanlıqlar, tibbi təchizatla əlaqədar tenderlərdə “JBA Group” qalib gəlir. Deyilənə görə Naxçıvandakı tender maxinasiyası ilə təxmimən 4 milyon manat mənimsənilib. sövdələşmə ilə razılaşdırılıb təxminən 4 milyon manat civarında pullar mənimsənilir. Tenderdən gələn pulun 20 %-i Rifat Almurad oğlu Məmmədov və ondan yuxarıda oturan işbaz məmurlar arasında bölünür. Yuxarı dedim, Naxçıvan Səhiyyə Nazirliyinə aid xəbəri də qeyd edim. Saytların yazdığına görə, 2024-cü ilin aprelində Muxtar Respublikanın səhiyyə naziri Samiq Sadıxovun işə götürdüyü Kəngərli Rayon Mərkəzi Xəstəxanasının baş mühasibi Vüsal Həsənov sınaq müddəti bitməmiş 84 min manat məbləği mənimsəyib. Bu fakt Hesablama Palatasının sözügedən qurumda apardığı təftiş zamanı ortaya çıxıb.
Naxçıvandan verilən xəbərlərə əsasən Muxtar Respublikanın Nazirlər Kabinetində tender işlərinə işinin adı, vəzifəsi bilinməyən Tamir Yusifov adlı adam nəzarət edir. Bu adam “Dövlət satınalmarı haqqında" Qanununu vecinə almır. Bəlkə də heç qanundan xəbəri, anlayışı yoxdur. Onu konkret bir iş üçün gətirib orada otuzdurublar ki, düz-qoş, pulları yığıb ver. Tamir müəllimin dəstəsi dövlət büdcəsindən maliyyələşən müəssisələrə təzyiq edərək onların tenderə təqdim edəcəkləri şərtlər toplusu və digər məlumatı onlardan alıb sövdələşdikləri şirkətlərə ötürür, özlərinin yaratdıqları şirkətləri qalib etmək üçün şərait yaradırlar.
Ümumiyyətlə, tender məsələsində şəffaflıq yox dərəcəsindədir. Bu bütün ölkəboyu hər yerdə belədir. Bəzi məmurlar səlahiyyətlərindən sui-istifadə edib özlərinə məxsus şirkətləri tenderlərdə qalib çıxardırlar. Hərdən heç tenderi gözləmirlər. Hansısa iş görəndən sonra sənədlərə qol çəkdirirlər. Bir sözlə, bu çox dolaşıq məsələdir. Birbaşa iqtisadiyyatımıza zərbə vurur. Dövlət mütləq bu işləri nəzarətə götürüb hərc-mərcliyə son qoymalıdı.
Sima Babayeva
TEREF