“2006-cı ildən bu zülmün içindəyik. Qızım artıq 7-ci sinfə keçir, hər il payız-qış aylarında onu məktəbə bu şəkildə aparıram. Yollar normal olsa, məktəblə evimizin arası 400-500 metrdir. Hər gün buz kimi suyun içindən keçib qızımı məktəbə aparıram ki, oxuyub, savadlı insan olsun, gələcəkdə mən olmayanda əzab çəkməsin”.
Yeniavaz.com xəbər verir ki, bu sözləri oxu.az-a açıqlamasında sosial şəbəkələrdə qızını kürəyində məktəbə aparması görüntüləri ilə gündəmə gələn Astaranın Miki kənd sakini Fuad Salayev deyib.
O bildirib ki, sosial şəbəkədə yayılan videodan sonra hər kəs kömək etmək üçün əlaqə saxlayır, lakin mənə şəxsi kömək lazım deyil:
“Mənim 41 yaşım var. Həyat yoldaşımın səhhətində problem var, üç dəfə əməliyyat keçirib. Əslində məktəb bizim evdən çox uzaq deyil, 400-500 metr məsafədədir. Sadəcə körpü yoxdur. Qızım Aygün evin tək uşağıdır, istəyirəm ki, təhsil alsın. Onu məktəbə min bir əziyyətlə aparıram. Ayaqlarımı soyunub hər gün buz kimi suyun içindən keçirəm. Məktəbə gedən yolu kənddən Miki çayı ayırır. Çay üzərində bir dəfə özüm körpü kimi yol düzəltdim. Lakin, cəmi bir gün çəkdi. Səhər durub gördük ki, körpü yoxdur. Bizim qaldığımız tərəfdə başqa kənd sakinləri yoxdur deyə, qonşularla ortaya pul qoyub, nəsə etmək də olmur.
Aygün artıq yeddinci sinfə keçir. Özüm də o məktəbdə müəllim işləyirəm. Hər gün 5 saat dərs keçib, qayıdıram evə. Qazancımla ailəmi güclə dolandırıram. Özümün imkanım olsa, heç kimə söz demərəm, çayın üstünə bir körpü düzəldərəm. Astara Rayon İcra Hakimiyyətinə və Miki kənd bələdiyyəsinə dəfələrlə müraciət etsəm də, cavab ala bilməmişəm. Verdikləri cavab da o olub ki, büdcədə pul yoxdur. Qış qapıdadır. Soyuqda o suyu necə keçəcəm deyə düşünürəm. Mənim səhhətimdə problem yaransa, ailəni kim dolandıracaq deyə fikir çəkirəm”.