Gəncədə ŞOK OLAY! Jurnalistlər "Perla"dan toyuq ləvəngisi aldı, içindən qurdlar çıxdı - VİDEOFAKT


Gəncədə ŞOK OLAY!
Gəncədə “Perla-kulinariya” adı altında fəaliyyət göstərən iaşə obyekti öz müştərilərini aldatmaqla, insan sağlamlığına zərərli olan qida məhsullarının açıq satışını təşkil etməklə məşğuldur. 
Hər gün yüzlərlə istehlakçının üz tutduğu ünvanda antisanitariya şəraitində müxtəlif növ şirniyyatlar, salatlar, xüsusilə də toyuq əti məhsullarından ləvəngi, qutab və sair haızrlanaraq öz istehlakçılarına təqdim olunur. İaşə obyektinin kənardan görünüşü və şəhər mərkəzində yerləşməsi xoş təəəssürat bağışlasa da, son zamanlar satdıqları qida məhsullarının keyfiyyəti alıcılarda əsaslı narazılıqlar və ağlasığmaz hallar doğurur.
“Demokratik.Az”-ın məlumatına görə, sentyabrın 20-də Gəncədə fəaliyyət göstərən jurnalistlər nahar etmək məqsədilə sözügedən ünvandan ləvəngi alıblar. Və yemək zamanı bəlli olub ki, ləvənginin içində ağ rəngli parazitar qurdlar var. Eyni zamanda, ləvəngi məhsulunda xoşagəlməz qoxu da olub.
Qarşılaşdıqları halla bağlı jurnalist Elxan Əhmədov ilk öncə ləvəngini aldıqları obyektə öz iradlarını bildirib. Sahibkar Pərvanə Bağırova ilə həmsöhbət olub. Lakin, qarşı tərəf jurnalistin əsaslı iradları ilə razılaşmadığı üçün işə yerli polislər də cəlb olunub.

P.Bağırova jurnalisti obyektinə dəvət edərək sübut üçün satdıqları ləvəngini ondan geri istəyib. Jurnalist deyilənləri etsə də, xanım sahibkar şikayətçini şantajçı və yalançı adlandıraraq təhqir edib.Sonda da DİN-in “102 - qaynar xətt” xidmətinə jurnalistlərdən əsassız şikayət edib.

“RegionTv”-nin rəhbərinin “Demokratik.Az”-a açıqlamasından o da aydın olur ki, zərərçəkmişlər faktla əlaqədar Qida Təhlükəsizliyi Agentliyinin Qərb regional bölməsinə həmin zərərli qidadan olan nümunə təqdim ediblər. Hazırda həm polis, həm də agentlik tərəfindən araşdırma aparılır.

Əhmədovun sözlərinə görə, qarşı tərəf qadın olduğundan, ilk əvvəl sahibkara qarşı humanist davranmağa çalışıb. Lakin, xanımın öz səhvlərini etiraf etməməsi, obyektdə sanitariya-gigiyenik tələblərə cavab verməyən şəraitin mövcud olması, “Perla”-dakı bütün növ qida məhsullarının satışında insan sağlamlığına laqeyid yanaşılması, problemin təhlilinə düzgün və obyektiv yanaşılmaması şikayəti məqbul edir. Jurnalist onu da bildirir ki, obyektdə karantin dövrü də nəzərə alınmır, Nazirlər Kabinetinin “COVİD-19” virusuna qarşı qəbul etmiş olduğu qərarların icrası həyata keçirilmir. İşçilər maska taxmır, obyektdə adi sanitar-gigiyena qaydalarına riayət olunmur, spirt və əlcəkdən istifadə edilmir.

Qısa araşdırma sayəsində onu da öyrənə bildik ki, sözügedən şirniyyat evi bir müddət əvvəl də Qida Təhlükəsizliyi Agentliyi tərəfindən pandemiya qaydalarının pozulması halına və antisanitar şəraitə görə cərimələnib. Bununla belə obyektdə ödəniş üçün post-terminala və kassa aparatının mövcudluğuna rast gəlinmir. Müştərilərə ödəniş qəbzinin yazılmaması obyektin vergi ödənişlərinin şəffaflığına da kölgə salır.

“Perla”dan alınan qida məhsulları üzərində istehsalçının adı və ünvanı, əmtəə nişanı, qida dəyəri, saxlanma müddəti və s. məlumatların da yer almaması ciddi araşdırma tələb edən haldır.

Ölkəmizin ikinci böyük şəhəri Gəncədə belə bir halın yaşandığına təəssüf edirik.
İnanırıq ki, yazılanlar aidiyyatı dövlət qurumları üçün də ciddi siqnal olacaq. Sözügedən olay qida istehsalçıları və satıcıları üçün də həyəcan təbili olacaq. İstehlakçıları isə diqqətli olmağa, bənzər qida məhsulları alarkən saxlanma şəraitinə və gigiyenik tələblərə daha ciddi riayət edən obyektlərdən alış-veriş etməyə çağırırıq.
Qarşı tərəfin də mövqeyinə sayqımızı ifadə edirik...


Tarix: 26-09-2021, 09:35
Xəbəri paylaş



Xəbər lenti