GİRİŞ 5 MANAT, MAŞIN SAXLAMAQ VƏ ŞƏLALƏYƏ BAXMAQ 1 MANAT... - Oğuzda meşəyə girişi kim pullu edib? + VİDEO
Azərbaycanda rəsmi şəxslər daxili turizmin inkişafı iə bağlı hər nə qədər ağız dolusu danışsalar da, yerlərdəki mənzərə acınacaqlı olaraq qalır. Qiymətlər baha, xidmət və keyfiyyət isə aşağıdan da aşağı. “AzPolitika.info” xəbər verir ki, son günlər sosial şəbəkələrdə Oğuz Rayonu Xal-xal kəndi ərazisindəki istirahət mərkəzində baş verən özbaşınalığa dair kadrlar geniş yayılıb. Həmin kadrlardan məlum olur ki, Xal-xal meşəsinin şəlalə olan hissəsinə girişdə həmin ərazidə restoranı olan şəxs əməlli-başlı “post” quraşdırıb. Kadrlardan da göründüyü kimi, xüsusi turniket qoyularaq, əraziyə daxil olanlardan pul yığılır – meşəyə giriş 5 manat, maşın saxlamq və şəlaləyə baxmaq isə ayrı-ayrılıqda 1 manatdır. Restorandakı qiymətlər də ki, od tutub yanır.
Bu cür haqq yığılmasının nə dərəcədə qanuni olduğunu bir tərəfə qoyaq –bunun adını “qoçuluq”, “yolkəsənlik” və s. qoya bilərsiniz. Söhbət həm də müvafiq dövlət orqanlarının bu biabırçılığa nəyinsə qarşılığında göz yummasından gedir. Belə bir mənzərənin fonunda hansı daxili turizmdən və onun inkişafından söz gedə bilər? Yeri gəlmişkən, kadrda adı çəkilən “İsgəndər müəllim” Makedoniyalı İsgəndər yox, rəsmən istirahət mərkəzinin sahibi sayılan İsgəndər İsgəndərzadədir. Ancaq orada əsas söz sahibinin Yunis İsgəndərov adlı sahibkar olduğu bildirilir.