"Mən 2017-ci ildə Göytəpə şəhər 1 nömrəli tam orta məktəbə direktor təyin olunmuşam. Ailəliyəm, 4 övladım var. II qrup Qarabağ əlili olan hər iki valideynim mənim himayəmdə yaşayır".Bunu "AzPolitika.info"-ya müraciətində Xocalı sakini, Cəlilabad rayon Göytəpə qəsəbəsində yerləşən "N" saylı hərbi hissənin yaşayış şəhərciyində məskunlaşmış Ələkbərov Zaur Zakir oğlu yazıb. O, bildirir ki, 2014-cü ildə keçirilmiş “İlin ən yaxşı müəllimi” müsabiqəsində iştirak edərək qalib olduğu üçün Prezidenti İlham Əliyevin sərəncamı ilə “İlin ən yaxşı müəllimi“ fəxri adına layiq görülüb. Həmçinin, direktor olduğu müddətdə orta məktəbdə rüşvətin və başqa neqativ əməllərin kökünü kəsdiyinə görə yerli sakinlərin böyük hörmətini qazanıb.
Z.Ələkbərov adıçəkilən rayonun təhsil şöbəsinin müdiri Qərənfil Əhmədovanın fəaliyyətindən şikayətçidir. Bildirir ki, şöbə müdiri barəsində dəfələrlə Təhsil Nazirliyinə müraciət etsə də, heç bir tədbir görülməyib.
Şikayətçi iddia edir ki, Q.Əhmədova hələ direktor işlədiyi vaxtlar müxtəlif qanunsuzluqlara imza atsa da, onun vəzifəsi yüksəldilib: "Belə ki, o, Cəlilabad şəhər 8 saylı tam orta məktəbdə direktor işlədiyi zaman törətdiyi qanunsuzluqlara görə Təhsil nazirinin 10 sentyabr 2015-ci il tarixli, 11/952 nömrəli əmri ilə intizam tənbehi alıb". Z.Əələkbərov qeyd edir ki, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin 26 avqust 2015-ci il tarixli 113 nömrəli əmrinə əsasən 8 saylı tam orta məktəbdə yoxlama aparılıb. "Məlum olub ki, məktəbin fiziki tərbiyə müəllimi Anar Bəxtiyar oğlu Həsənov məktəbdə davamiyyətdə olduğu halda 25 nəfər şagirdin yarış və turnirlərə aparılmasının rəsmiləşdirilməsi hesabına onun plastik kartına 4300,00 manat, fiziki tərbiyə müəllimi Elnur Xudaşükür oğlu İbişiov məktəbdə davamiyyətdə olduğu halda 2012–ci ildə 2 halda 50 nəfər şagirdin yarış və turnirlərə aparılmasının rəsmiləşdirilməsi hesabına onun plastik kartına 3851,04 manat, fiziki tərbiyə müəllimi İlham Tofiq oğlu Mahmudov məktəbdə davamiyyətdə olduğu halda 8 halda 189 nəfər şagirdin yarış və turnirlərə aparılmasının rəsmiləşdirilməsi hesabına onun plastik kartına 32058,00 manat ezamiyyə xərci köçürülüb. Bununla bağlı ümumtəhsil məktəbinin direktoru və müəllimlərin izahatları alınıb, onlar həqiqətən işdə olduqlarını, şagirdlərdən ibarət qrupların müxtəlif regionlara yarış və turnirlərə aparmadıqlarını, plastik kart hesablarına əsassız ezamiyyə xərclərinin köçürüldüyünü təsdiq ediblər".
Şikayətçi daha sonra bildirir ki, yoxlama zamanı pedaqoji işçilər tərəfindən eyni gün və saatlarda əsas dərslər və fakultativ dərslərin deyildiyi aşkarlanaraq, 4 pedaqoji işçiyə 5 saat dərs üçün 754,11 manat ödənildiyi məlum olub. "Bundan başqa siniflərdə şagird sayı 20 nəfərdən az olduğu halda siniflər yarımqruplara bölünüb, 47 saat üçün 2269,08 manat artıq əməkhaqqı ödənilib. Təsdiq olunmuş tarifikasiya siyahılarında pedaqoji işçilərin adlarına siniflərin yarımqrupa bölünməsinə görə dərs yükü tarifləşdiyi halda, faktiki olaraq 12 sinifdə yarımqrupa bölünmə aparılmadan 1564,90 manat artıq əməkhaqqı ödənilib. Uşaq Yaradıcılıq Mərkəzinin 8 saylı tam orta məktəbdə 1 dərnəyinin, Uşaq Gənclər Şahmat Məktəbinin 3 qrupunun dərs ili ərzində fəaliyyətinin olmadığı halda məşğələ rəhbərlərinə və məşqçi müəllimlərə külli miqdarda əməkhaqqı verilib. Təhsil Nazirliyinin müvafiq əmrinin əksinə məktəbə nazirliyin qəbulundan kənar pedaqoji işçi götürülüb", - Z.Ələkbərov yazır.
Onun sözlərinə görə, bu və digər qanun pozuntularına baxmayaraq, Qərənfil Əhmədova haqqında heç bir tədbir görülməyib, əksinə, o, Cəlilabad Rayon Təhsil Şöbəsinə müdir təyin olunub. Şikayətçi vurğulayır ki, bu təyinat Cəlilabad rayonunun korrupsiya ittihamları ilə həbs olunmuş keçmiş icra başçısı Namiq Zeynalovun 2019-cu ilin fevral ayında imzaladığı əmrlə həyata keçirilib. Şikayətçi daha sonra yazır ki, Qərənfil Əhmədova təyin olunduğu gündən təhsildən çox korrupsiya ilə məşğul olub və ona rüşvət verməyən direktorlara qarşı “səlib yürüşünə” keçib: "İlk olaraq mənə qarşı sabotaj hazırlayaraq, Təhsil Nazirliyi tərəfindən qanunsuz töhmət verdirdi, sonra isə müddətsiz müqaviləmi müddətli müqaviləyə çevirərək, 2020-ci ilin 16 iyununda xitam verilməsinə nail oldu. İşlədiyim məktəbdə işimə bərpa olunmağımla bağlı Təhsil Nazirliyinə 1500-dən artıq sakinin etdiyi müraciətə baxılmayıb".
Şikayətçi müraciətinin araşdırılaraq, Qərənfil Əhmədova haqqında tədbir görülməsini xahiş edir.
Qarşı tərəfin mövqeyini dərc etməyə çalışacağıq.
Tarix: 22-04-2021, 11:16