3-CÜ “QAYIDIŞ” QƏSƏBƏSİNİN SAXTA DİPLOMLU ƏRƏBZƏNGİSİErmənidən geri aldıqlarımızı yerli korrupsionerlərə verməməliyik!
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusu 2020-ci ilin payız müharibəsində düşmən üzərində möhtəşəm qələbə qazandıqdan sonra qarşımızda duran əsas vəzifə şəhid ailələri və qazilərin, müharibə iştirakçılarının sosial rifahının yaxşılaşdırılması, işğaldan azad olunmuş ərazilərimizdə nəhəng quruculuq işlərinin həyata keçirilməsi, yerli iqtisadiyyatın təşkili məsələləridir. Bu geniş miqyaslı işlərin görülməsinə isə maliyyə məsrəfləri tələb olunduğu qədər də işini bilən kadrlar lazımdır. Özü də təkcə ayrı-ayreı peşə və ixtisaslar üzrə mütəxəssislər deyil, həm də idarəetmə işini bacaran dövlət qulluqçuları gərəkdir.
Gəlin razılaşaq ki, bu müstəvidə bizə Türkiyənin “Bayraktar”ları, İsrailin “Harop”ları kömək etməyəcək. Vicdanlı yerli kadlar lazımdır. Vicdanı isə pulla almaq mümkün deyildir. O, ya var, ya da yoxdur. Saxta diplomlularla, “yuxarı”dan tapşırılmışlarla, korrupsiyaya bulaşmışlarla Qarabağda cənnət qurmaq mümkün olmayacaq.
Bir neçə il bundan əvvəl Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) bəzi filiallarında saxta diplom satışı faktlarının üzə çıxması və bu faktlarla əlaqədar gurultulu cinayət işlərinin açılması uzun müddət gündəmdə oldu. Hələ də həmin səs-küylü qanunsuzluq faktlarını müşayiət edən assosiasiyalar özünü göstərməkdə, saxta diplom əldə etmiş şəxslər ifşa olunmaqdadır. Bu günlərdə «Deryaz.az saytına daxil olan bir məlumata görə, Füzuli Rayon İcra Hakimiyyətinin (RİH) 3-cü “Qayıdış” qəsəbəsi İnzibati Ərazi Dairəsi (İƏD) üzrə nümayəndəliyinin sədri Məmmədova Tamella Taleh qızının da keçmiş AMİ-nin Gəncə filialından aldığı diplom saxtadır.
Bildirilir ki, T.Məmmədova sədrlik etdiyi Nümayəndəliyin baş mühasibi Adil Bədəlovdan aylıq 100 (bir yüz) manat rüşvət almaqla, onun işə gəlməməsinə göz yumur. Buradan belə yəqin hasil olur ki, Nümayəndəlikdə baş mühasiblik bir iş yoxdur; o, heç bir söz sahibi deyil, formal olaraq imza atmalı olduğu dövrü sənədlərə bəlkə də onun əvəzinə başqası qol çəkir.
T.Məmmədovanın cəmiyyətin həssas təbəqəsinin mənsubları ilə iş aparmaq qabiliyyətinin olmadığı da verilən məlumatda sadalanan nöqsanları (yumşaq ifadədir – red.) sırasındadır. Bildirilir ki, T.Məmmədova şəhid İlham Abbasovun rəsmi olan plakatı 3 saylı Qəsəbənin giriş hissəsindən gecə ikən sökdürüb.
Şəhidin qardaşı isə bu hadisədən təsirlənərək plakatı öz evlərinin qapısından asmaqla təsəlli tapmağa çalışıb.
Qeyd olunan məsələlərlə bağlı araşdırma aparmağa başladıq. Qəsəbə sakinlərindən və rayon ictimaiyyətinin tanıdığımız bəzi nümayəndələrindən öyrəndik ki, T.Məmmədovanın «himayədarı» Füzuli RİH-nin şöbə müdiri Bayram Niftalıyevdir. Bayram müəllim necə deyərlər,öz varlığı ilə ona bayram sevinci yaşadır. Növbəti addımda T.Məmmədovanın özünə zəng vuraraq haqqında yayılan bu məlumatlara münasibət bildirməsini xahiş etdik. Özündənrazı halda danışan T.Məmmədova diplom söhbətindən hər vəchlə yayınmağa çalışdı və bildirdi ki, hazırda Prezident yanında Dövlət İdarəçilik Akademiyasında qiyabi təhsil alır. Ancaq sonrakı araşdırmalarımızla öyrəndik ki, onun verdiyi bu məlumat da yalandır.
Vaxtilə Almaniya kansleri Bismark göstərirdi ki, pis qanunlarla dövləti yenə bir təhər idarə etmək olar, ancaq pis məmurlar olarsa, onda heç bir qanun kömək etməz. Ona görə də dövlət qulluğunun əsas cəhətlərindən biri yüksək keyfiyyətli və mütəşəkkil dövlət qulluqçuları kontingentinin olmasıdır. Çünki cəmiyyətin idarə olunması funksiyalarını həyata keçirən dövlət qulluqçuları dövlətlə xalq arasında mühüm vəsilə olaraq ölkə rəhbərliyinin siyasi xəttini ardıcıl həyata keçirməkdə yaxından iştirak edirlər. Burada dövlət qulluqçusunun təkcə peşəkarlıq xüsusiyyətləri deyil, onun şəxsi keyfiyyətləri, vətəndaş mövqeyi, vətənpərvərliyi və etik davranışı da mühüm rol oynayır. Bu işdə çalışanlardan rəhbərlik etdiyi sahəni dərindən bilməklə yanaşı, dövlətinə və xalqına son dərəcə sədaqətli olmaq, dövlətlə xalq arasında əlaqələndirici vasitə kimi xalqın problemlərini və qayğılarını öyrənmək, onların həlli yollarını axtarıb tapmaq tələb olunur. Ona görə də bütün dünyada dövlət qulluğu xüsusi nüfuza malikdir. Dövlət qulluqçusu heç vaxt unutmamalıdır ki, o, idarəetmə və digər funksiyalarını icra edərkən ilk növbədə dövlətin və cəmiyyətin mənafeyini əsas götürməli, ona tapşırılan hər bir vəzifəni böyük məsuliyyət və ləyaqətlə yerinə yetirməlidir.
İndi isə siz deyin, diplomu saxta yolla alaraq imtiyaz, vəzifə ələ keçirən, havadarına güvənərək əlindəki səlahiyyətlərdən sui-istifadə edən, Vətən uğrunda canını fəda etmiş şəhidin xatirəsinə hörmətsiz yanaşan adamlarla dövləti necə idarə etmək olar?
P.S. Yuxarıda qeyd olunan faktlarla bağlı Fizuli rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Qabil Əliyevin mövqeyini öyrəndikdə o bildirdi ki,Tamella Məmmədova heç bir universtitetin qiyabi şöbəsində oxumur və o,yalnız Azərbaycan Müəllimlər Universtitetin Gəncə filialını bitirib. Onun diplomunun saxta olub olmadığını biz müəyyən edə bilmərik. Onun necə işə götürülməsini Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Niftəliyev Bayram Qiyas oğlu daha yaxşı bilər. Bayram müəllim də, onun diplomunu Gəncədən aldığını bildirdi və əlavə olaraq qeyd etdi ki,o diplomun saxta olub olmamağını biz təyin edə bilmərik. Onu yalnız Təhsil Nazirliyi və DİM yaxşı bilər. İcra Hakimiyyətinin elektron adresinə ünvanladığımız məktuba isə cavab verən olmadı.Görünür İcra Başçısı Alı Alıyevə belə saxtakarlarla işləmək daha yaxşı sərf edir. Necə deyərlər, balıq başdan iylənər
Mövzuya qayıdacağıq.
Deryaz.az
Tarix: 28-02-2021, 08:40