“Yazdılar, pozdular, dedilər, “hə, qəzalıdır, pis vəziyyətdədir” - ŞİKAYƏT



Bura Göyçayın Yalman kəndində 5 nəfərlik ailənin yaşadığı evdir. Ailə şəraitsizlikdən gileylənir, yağışda-qarda evlərinin damından əşyalarının üstünə, yataqlarına daman sudan bezdiklərini deyir. DİA.AZ xəbər verir ki, evin bəyi, 31 yaşlı Heydər İslamov işsiz olduğunu söyləyir. Deyir, bu il ailəsinin yaşam şəraiti daha da ağırlaşıb. Pandemiya dövrü evdən çıxmaq da, iş tapmaq da çətinləşib.

“Əvvəllər yenə günəmuzd işlər görürdüm. Kənddə onun-bunun evində işləyir, 3-5 manat qazanırdım. Pandemiya oldu, ardınca müharibə, insanların vəziyyəti ağırlaşdı. Kimi işini itirdi, kimi yaxınını. Bir sözlə, insanların ya həyətində adam işlətməyə pulu yoxdur, ya da o hayda deyillər”.

Heydər İslamov deyir ki, olan onun kimi ailəsini fəhləliklə dolandıranlara olub: “Qaldıq işsiz, pulsuz. Şikayət etməyə çox şey var. Görün evin vəziyyəti necədir ki, ondan yapışmışıq. Artıq yaşanası halda deyil. Qarnına çörək tapmayan biri ev təmirinə pulu haradan alsın?”

Evin xanımı Ülviyyə İslamova isə bildirir ki, yorğanın üstündən sellofan sərib yatmaqdan beziblər. Qışda tavan damdığı üçün ev rütubət olur. Üstəlik, evin müxtəlif yerlərindəki dəlik-deşiklər otaqların qızmasına mane olur: “Uşaqlara yatanda da tapşırıram ki, sağa-sola çönməyin. Sellofan yerə düşər, yorğan su olar. Qışın günü qurutmaq da çətindir. Yatanda da rahatlığımız yoxdur. Başqa dərd də evin isidilməsidir. Gərək sobanı bütün günü yandırıb yanında oturasan. Aralanan kimi adam soyuqdan donur. Bütün günü sobanı yanılı saxlamaq da olmur. Qaz çıxır kəllə-çarxa. Sonra ödəyə bilmirik, kəsirlər. Dərd bir deyil ki...”.

Bu ev Heydər İslamova babasından qalıb. Deyir, azı 65 ilin evidir. Atası da bu evdə böyüyüb. Bu gün isə tam qəzalı vəziyyətdədir, arxası tamamilə sökülüb: “Elə bilirsən çöldə oturmusan. Yaşayışa yaramır. Bir otaqdır, bir də zal. 5 nəfər yaşayırıq burada. Uşaqlar, yoldaşım və xəstə anam. Nə təmir edə bilirik, nə də başqa ev tikməyə imkanımız var. Vəziyyət belədir ki, dövlət işlə təmin etsə, işləyər, heç kimə möhtac olmaram. Amma etmir, iş yerləri yoxdur, hara müraciət edirsən, işlə təmin etmirlər. Sosial yardım desən, vermirlər, uşaq pulu yoxdur. Vətəndaş nə etsin, necə dolansın? Belə olan halda dövlət zəhmət çəkib ehtiyacı olanlara yardım əlini uzatsın. Neft ölkəsidir, satılan neftdən hamıya nəsə düşür”.

İslamovlar ailəsi müraciət etmədikləri yerin qalmadığını söyləyirlər. Şikayətlərinə isə baxan olmayıb: “Onu da deyim ki, uşaqlar məktəbə getməlidir, bu il virusa görə qaldı. İnanın, biz sevindik. Çünki məktəbə uşaq göndərmək hara, biz hara. Gələn ilə bəlkə nəsə bir imkan edə bilərik, ona da əmin deyiləm, bilmirəm”, - Ülviyyə İslamova deyir.

Heydər İslamov isə deyir ki, evin qəzalı olması ilə bağlı Fövqəladə Hallar Nazirliyinə (FHN) də müraciət ediblər, maraqlanan olmayıb. Ancaq bir müddət əvvəl yerli icra hakimiyyətindən nümayəndə gəlib, evə baxıb: “Yazdılar, pozdular, dedilər, “hə, qəzalıdır, pis vəziyyətdədir”. Sonra da çıxıb getdilər. Bu günədək bir xəbər çıxmayıb. Vallah, çox çətin şəraitdə yaşayırıq. Uşaqlara yemək çatdıra, aylıq kommunal xərclərimizi ödəyə bilmirik. Ən sadə ehtiyaclarımızı almaq çətindir. Uşaqların biri 1, digəri 2-ci sinifdə oxumalıdır. Mənim isə dəftər-qələm almağa belə pulum yoxdur”.

Heydər İslamov Prezident İlham Əliyevdən kömək istəyir. Deyir, o da atadır, onu anlayar: “Övladlarımın, ailəmin yanında üzüqarayam. İş yox, bir qəpik gəlir yox, yardım, pensiya düşmür, evim də şəraitsiz. Xahiş edirəm, mənə kömək edin, kiçik bir əl uzadın, bir tərəfə çıxım. Yoxsa bunun adı yaşayış deyil”.

Tarix: 4-01-2021, 11:06
Xəbəri paylaş



Xəbər lenti