Qədim İpək Yolu əsrlər boyu karvanların daşıdığı maddi sərvətlərdən daha çox, fərqli xalqların mədəniyyətini, ədəbiyyatını və sənətini bir-birinə qovuşduran mənəvi körpü kimi tarixin yaddaşına köçmüşdür. Bu körpünün üzərində yerləşən Şərq xalqlarının ortaq bədii təfəkkürü, mənəvi dəyərləri və dünyaya baxış fəlsəfəsi elə bir daxili yaxınlığa malikdir ki, coğrafi sərhədlər dəyişsə də, mədəniyyətlərin ortaq dili dəyişməz qalır. Müasir Misir ədəbiyyatının görkəmli siması Əşrəf Dalinin (Əşrəf Əbül-Yezid) təşəbbüskarı və yaradıcısı olduğu “Bu gün İpək Yolu” (The Silk Road Today) layihəsi də məhz bu unudulmuş ortaq yaddaşı dirçəltmək, xalqlar arasındakı mənəvi körpüləri sözün gücü ilə yenidən bərpa etmək məqsədi daşıyır. Dalinin bu qlobal mədəniyyət missiyası, coğrafi hüdudları aşaraq insan qəlbinə uzanan və fərqli dillərdə danışan eyni ruhlu sənətkarları bir araya gətirən müqəddəs bir yolçuluqdur.
Bu yolçuluğun növbəti dayanacağı Azərbaycan nəsrinin görkəmli nümayəndəsi, daxili alovu və ikinci cümlədən özünü tanıdan fərdi üslubu ilə seçilən, bölgə şivəsi ilə zəngin, torpaq qoxulu yazıçı Əlabbasdır.
Ədəbi dialoqun və mənəvi qardaşlığın ən canlı sübutu olaraq, Əşrəf Dalinin Əlabbasın “Gözəl” povestini böyük bir qədirbilənliklə ərəb dünyasına təqdim etməsini, insan ləyaqətinin tapdanmasından doğan mənəvi sarsıntıları ərəb dilinin qatlarında yenidən canlandırmasını göstərə bilərik. Məhz bu əsərin tərcüməsi bədii-estetik dəyərindən əlavə, həm də Əlabbasın 1992-ci ilin Qarabağ fəryadını əks etdirən bədii həqiqətin gücü ilə erməni millətçilərinin dinc sakinlərə qarşı törətdiyi vəhşilikləri, yandırılan evləri və qətlə yetirilən günahsız insanların talelərini ərəb dünyasına çatdırmaq baxımından mühüm strateji əhəmiyyət kəsb edir. Əsərdə əsir düşən insanların fiziki cəhətdən geri dönsələr də, cəmiyyətin amansız ittihamı və şübhələri qarşısında əslində mənən öldürüldüyü, ruhən məhv edildiyi reallığı bütün çılpaqlığı ilə açılır.
Deməli, bu kəsişmə sadəcə bir tərcümə faktı deyil, çünki hər iki yazıçının fərqli coğrafiyalarda qələmə aldıqları əsərlər arasında heyrətamiz tipoloji bənzərliklər mövcuddur. Mühitin mənəvi korluğuna və mənəvi terrora qarşı qaldırılan qiyam xətti isə bu ədəbi müqayisənin kulminasiya nöqtəsidir. Əşrəf Dalinin “Şəmavis” əsərində sənətkar ruhun simvolu olan Doktor Kərim Əbdülməcidə və onun iradəli qızı Dünyaya qarşı generalın oğlu Hişam tərəfindən hazırlanan saxta video kaset skandalı qorxunc bir kibercinayətdir. Bu böhtan dalğası qarşısında sənətkarın kəndə qaçaraq mühacirət etməsi, onun müdafiəsizliyini göstərir. Sonda kiber ekspertiza ilə Kərimin bəraət alması və cümə namazından sonra Şeyx Əbdülhəlimin xütbəsindən təsirlənən Şəmavis kəndlilərinin yanan məşəllərlə villaları odlara qalaması ədalətin xalqın əli ilə bərqərar olan təmizləyici üsyanıdır. Beləcə, modernizmin və qudurğan elatanın kənd mənəviyyatına vurduğu ləkə xalqın kollektiv qəzəbi ilə təmizlənir.
Bu ümumi qəzəb, Əlabbasın “Gözəl” povestindəki o böyük fəryadla fəlsəfi cəhətdən birləşir. Erməni vəhşətindən sonra doğma cəmiyyətin, qardaşının və sevdiyi adamın Gözəli “murdarlanmış” bir cisim kimi kənara itələməsi, kənd icmasının soyuq, kinayəli sükutu qarşısında qadının özünü yandırması saflığın və tapdanmış ləyaqətin dəhşətli bir qiyamıdır. Dali ədaləti bərpa etmək üçün dağıdıcı xalq qiyamına müraciət edir, Əlabbas isə oxucunu zahiri düşməndən daha çox içimizdəki sevgisizliyin və mənəvi aşınmanın qorxuncluğu ilə üz-üzə qoyur. Hər iki müəllif fərqli sosioloji və siyasi sferalarda saflığın mütləq şəkildə qurban verilməsini cəmiyyətin mənəvi böhranı kimi təqdim edir.
Yazıçıların yaratdığı bədii coğrafiyaya diqqət yetirdikdə, məkandan rəmzə doğru uzanan sosioloji və mənəvi bir eroziyanın şahidi oluruq. Əşrəf Dalinin “Şəmavis” romanındakı Şəmavis kəndi ilə Əlabbasın “Qiyamçı” romanındakı Əyriqar yurdu, əslində, qloballaşmanın, modernizmin, sosial təzyiqlərin və yad təsirlərin insan xarakterinə vurduğu zərbələrin bədii modelidir. Bu nöqtədə hər iki müəllifin bədii məkan fəlsəfəsində dərin bir paralellik vizuallaşır. Əşrəf Dalinin romanında milyonların qaynadığı Qahirə meqapolisinin o soyuq, daşlaşmış kollektiv ortamı bədii bir qəhrəman kimi çıxış edirsə, Əlabbasın nəsrində bu amansız kütləvi şüur Əyriqarın kiçik, dumanlı daş evlərində qarşımıza çıxır. Müəlliflər coğrafi miqyasları heçə endirərək göstərirlər ki, insanın ruhunu sıxan, öz asan güzəştlərini rədd edən tənha fərdləri sındırmağa çalışan ictimai duyğusuzluq hər yerdə eyni riyakarlıqla hökm sürür. Hətta Əlabbasın romanındakı “Daha ittifaqda ittifaqlıq qalmayıb...” kimi bədii ifadələr təkcə sovet sisteminin çökməsinə deyil, geopolitik nizamın, böyük dövlətlərin maraq savaşlarının gətirəcəyi qlobal mənəvi böhranlara da vaxtından əvvəl qoyulmuş bədii-siyasi öncəgörənlikdir.
Ə.Dalinin əsərində qədim firon dilindən gələn və ağsaqqal Məruf əl-Cindinin dilindən verilən “Şəmaus” (Günəşcik) rəvayəti məkanın ilkin mənəvi işığına, saflığına işarə edir. Lakin son otuz ildə yaşıl tarlaların yerini daş və sement betonların alması, Körfəzdən qayıdanların yerli kapital vasitəsilə təbiəti və adətləri korlaması o rəvayətdən süzülən ilkin aydınlığı qaranlığa qərq edir. Bu ekoloji və mənəvi sarsıntının qarşısında Əlabbasın bədii coğrafiyasındakı toponimlər də böyük fəlsəfi yük daşıyır. Yazıçının təsvir etdiyi Əyriqar kəndi haqqdan uzaq, düzgün olmayan çevrəyə qarşı bir üsyanı və təkliyi simvolizə etdiyi halda, Çalmalı kəndi uğursuzluğu, Naltökən dərəsi isə daş-qayalıq yolları ilə bəşəri maneələri və ayrılıqları vizuallaşdırır. Şəmavisdə maddiləşən və köklərindən qopan insanlar torpağın mənəvi bərəkət rəmzi olduğunu unudaraq ona sadəcə bir qazanc obyekti kimi yanaşdıqları kimi, Əyriqarda da sakinlər tarixi-siyasi proseslərin, sovetin qorxudan rejiminin və daxili xəyanətlərin təsirilə öz yurdunda didərginləşir, daxili miqrasiyaya məruz qalırlar. Həm Şəmavisə gələn jurnalist/yazıçı baxışı, həm də Əyriqarın salnaməçisi rolunda çıxış edən Əlabbas diktəsi, bu yadlaşmanı milli ziyalı süzgəcindən keçirib oxucuya təqdim edir.
Görünən sosial və texnoloji transformasiya prosesində Əlabbas nəsrinin qan yaddaşı ilə Əşrəf Dalinin sənət prinsipləri arasında dörd böyük tipoloji paralellik ortalığa çıxır.
Birincisi, hər iki yazıçı modernizmin sındırdığı taleləri və şəhər mühitinin kənd mənəviyyatına etdiyi təcavüzü, xüsusən medianın çirkin bir sahəyə çevrilməsini ictimai diaqnoz kimi qələmə alır. Nil sahilində ucalan üç zəngin villanın uca divarları və quduz mühafizə itləri yuxarı təbəqə ilə kəndlilər arasındakı uçurumu göstərdiyi kimi, Əlabbasın əsərində də sovet sisteminin gətirdiyi yad təfəkkürün ictimai psixologiyada yaratdığı qorxu və adaptasiya mexanizmləri ifşa olunur.
İkincisi, mənəvi saflığın qurbanı motivi hər iki mətndə mərkəzi sütundur. “Şəmavis”dəki yoxsul kənd qızı, universitet tələbəsi Nərgiz Kamal təmizliyin və ailəsinə kömək etmək istəyən saf ruhun rəmzi olsa da, sosial bərabərsizlik tunelindən çıxmaq istəyərkən elitanın oyunlarının qurbanına çevrilir. Əlabbasın yaratdığı Şəhriz obrazı da “tək günahı gözəllik olan”, xarici füsunkarlığı ilə daxili tənhalığı arasında bədbəxtləşən və cəmiyyətin qınaqları altında əzilən mənəvi paklığın təcəssümüdür.
Üçüncüsü, hər iki mətndə mistik-metafizik qat mühüm rol oynayır. Dalinin romanındakı falçı qaraçı qadın, həmçinin kəndin qədim mənəvi yaddaşı qoruyan Şəmsiyyəli (Günəşli) və Məruf əl-Cindi kimi personajlar digər obrazların daxili vicdan səsinə çevrilirlər. Əlabbasın nəsrində də xalq inancları, dərvişanə elementlər, atalar sözlərinin hikməti və Qəyyum müəllim kimi mənəvi dəstək olan qüvvələr əsərin bədii-fəlsəfi qatını metafizik səviyyəyə qaldırır.
Nəhayət, dördüncü ortaq cəhət heyvan simvolizmidir. Şəmavisdə Nərgizi parçalayan vəhşi mühafizə itləri sadəcə heyvan olmaqla məhdudlaşmır, Hişam Vəcihin şəxsində cəmiyyətdəki qudurğanlığın, vəhşi kapitalın və amansız gücün rəmzi kimi çıxış edir. Burada işlənən “İtin quyruğu heç vaxt düzəlmir” xalq məsəli, Əlabbas yaradıcılığında insan təbiətinin yırtıcılığını, xəyanətini vizuallaşdırmaq üçün müraciət olunan canavar, it və yırtıcı metaforaları ilə eyni bədii funksiyanı daşıyır. Müəllif məhz bu mənəvi sarsıntının miqyasını, insanın öz təbii fəlsəfəsindən uzaqlaşmasını “Qiyamçı” romanında “Heyvan elə heyvan yanında qalsa yaxşıdır” acı həqiqəti ilə ümumiləşdirir.
Cəmiyyətin bu sarsıdıcı mənəvi və intellektual deqradasiyasını yazıçı sözügedən əsərdə meqapolisdən didərgin düşmüş Bəbiri (Təbrizi) yola gətirmək üçün Bakıdan Əyriqara gələn üç “alim”in (Firqət, Sabir və Əli müəllimlərin) səthi, savadsız söhbətləri vasitəsilə elmi müstəvidə də ifşaya çevirir. “Şəmavis”də quduz itlərin amansızlığı yuxarı təbəqənin qudurğanlığının fiziki təzahürüdürsə, Əlabbasın üç “akademiya təmsilçisi”nin dağ yurdunda dərhal dərədən-təpədən, pula, qadına, hətta “tuluğu az doldurmağa” dair etdikləri səthi dialoqlar ziyalı təbəqənin intellektual məhdudluğunun və dayazlığının rəmzidir. Doktor Kərimi mühacirətə sürükləyən medianın bəsitliyi ilə Bəbiri dağ yurdundan uzaqlaşdırmaq istəyən bu saxta ziyalıların ucuz sükutu eyni sosioloji korşalmanın fərqli səs tonlarıdır. Əyriqarın qədim daş kitabələrini akademiya institutlarından ekspedisiyalar göndərməklə sübut etmək istəyən, lakin əslində “daş toppuz”u, “əmud”u, “xəncər”i, “sapand”ı “ox”dan, “yay”dan fərqləndirə bilməyən bu alimlərin elmi dünyagörüşü baxımından kasadlığı, Dalinin general oğlunun kiber-böhtanı ilə eyni dərəcədə dağıdıcıdır. Hər iki müəllif göstərir ki, gözünü pul örtmüş savadsızlığın boğduğu mühitdə nə Doktor Kərimin sənət sevinci, nə də Bəbirin ata yurdu sədaqəti təhlükəsiz deyil.
Yazıçıların bu insanlıq dramını, sosial ədalətsizliyi təsvir edərkən seçdikləri üslub bədii nəsrin ən çətin və dərin qatını – psixoloji realizmi və daxili monoloqları təşkil edir. “Qiyamçı”dakı Təbriz (Bəbir) onillik tənha həyat yaşamış, güclü xarakterə sahib, suallara cavab axtaran mürəkkəb bir obrazdır. Onun daxili monoloqları, məktublarla apardığı xəyali dialoqlar ruhani bir qiyamın və daxili intiqamın əksidir. Təbrizin Şəhrizlə olan son görüşündə dediyi “Biləsən, Şəhriz, hər şeyə səni ürəkdən istəməyim səbəb oldu…” etirafı sevgidən doğan bir fəlakətin bədii rəsmidir. Çünki insani hisslərin ilahi inam fonunda bu dərəcədə mütləqləşməsi qəhrəmanı həm qadına, həm də ailəsinə qarşı aciz qoyur, onu ilahi dəyərlərlə şəxsi duyğular arasında parçalayır. Əşrəf Dalinin romanındakı Əhməd obrazı da sanki bu daxili çarpışmanın, tapdanan ali dəyərləri dirçəltmək meylinin Şərq meqapolisindəki ekvivalentidir. Qahirənin o nəhəng, xaotik sferasında Əhməd də eynilə Bəbir ləyaqəti ilə maddiyyatın boğduğu insani münasibətləri qorumağa, öz səssiz qiyamını yaşamağa çalışır.
Bu nöqtədə hər iki müəllif “qiyam” anlayışına yeni bir fəlsəfi anlam gətirirlər: qiyam dağıtmaq, yıxmaq və zorakılıqla yenisini qurmaq mənasını daşımır; o, mövcud olan saflığı qorumaq, vəfaya sadiq qalmaq və daxili prinsipləri müdafiə etmək üçün aparılan səssiz, daxili bir mübarizədir.
Qahirənin qədim küçələrindən Azərbaycanın dərdli, lakin məğrur əyalətlərinə qədər uzanan bu ədəbi paralellər ruhların zamansız dialoqundan xəbər verir. Səmimi, pafossuz və daxili monoloqlarla zəngin bu iki əsər oxucunu passiv bir müşahidəçi statusundan çıxarıb, bu katarsis prosesinin fəal iştirakçısına çevirir. Dünyanı idarə edən qəddar praqmatizm, müharibələr və mənəvi aşınmalar qarşısında insanlığı xilas edəcək yeganə real qüvvə – sərhədləri aşan haqq Sözün sehridir. Məhz bu mənada, Əlabbas və Əşrəf Dali yaradıcılığının kəsişmə nöqtələrini üzə çıxaran, Şərq təfəkkürünün ortaq ağrılarını təhlil edən bu kiçik müqayisəli ədəbi baxışın özü də birbaşa Ə.Dalinin müəllifi olduğu “Bu gün İpək Yolu” layihəsinin ali məqsədinə xidmət edir. Bu böyük məqsəd bu gün Azərbaycanın da marağında olan Zəngəzur dəhlizinin və tarixi İpək Yolunun yenidən açılması prosesi ilə eyni amala və mənəvi missiyaya söykənir. Bu yazı ilə qurulan ədəbi-elmi körpü unudulmuş mənəvi yaddaşın bərpasına və xalqlar arasındakı könül bağlarının yenidən canlandırılması missiyasının real bir parçasıdır. Bu söz və bu missiya var olduqca, nə Gözəllərin fəryadı yerdə qalacaq, nə də Bəbirlərin, Əhmədlərin və Şəmavis kəndlilərinin qaldırdığı mənəvi qiyam bayrağı enəcəkdir.