
Son günlər istehlakçılar arasında üzərində son istifadə tarixi yeni göstərilən, lakin alındıqdan sonra xarab olduğu aşkarlanan məhsullarla bağlı şikayətlər artır. Bəzi alıcılar konservləşdirilmiş məhsulların qablaşdırılmasının paslı və yararsız vəziyyətdə olduğunu, amma üzərində istifadə müddətinin hələ bitməmiş olduğunu bildirirlər. Sosial şəbəkələrdə köhnə məhsulların üzərindəki tarixlərin dəyişdirilərək yeniləndiyi və həmin məhsulların satışa çıxarılması ilə bağlı iddialar irəli sürülür.
Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib ki, qida məhsulları mütləq şəkildə mənşəyi bəlli olan yerlərdən alınmalıdır.

Onun sözlərinə görə, məhsulun üzərində tarixin yazılması 100 faiz onun yeni olmasını göstərmir: “Çünki bəzi yerlərdə işbazlar tarixi dəyişdirə, üzərinə yeni tarix yaza bilirlər. Həmçinin tarix düzgün olsa da, düzgün şəraitdə saxlanılmadıqda məhsulun keyfiyyəti aşağı düşür, xarab olmuş olur. Ona görə müəyyən olunmuş saxlama şərtlərinə əməl olunan yerlərdən alınması əsas məqamlardan biridir. Çünki məhsul bir çox hallarda son istifadə müddəti bitməsə də, düzgün temperaturda saxlanılmırsa, tarixi keçməmiş olsa belə, yenə də xarab ola bilər. Tarixin dəyişdirilməsi ilə bağlı məsələ təbii ki, ciddi məsələdir ancaq burada diqqət olunacaq əsas məqam bəzi hallarda məhsulun üzərinə sonradan yapışdırıla bilən etiket yapışqanlı kağızdan istifadə olunmasıdır. Fərqli şriftlər varsa, istehsal tarixi ilə son istifadə müddəti fərqli yerdə göstərilibsə, və yaxud şübhəli formada qablaşma varsa, eyni zamanda konservləşdirilmiş məhsulun qapağında paslanma, şişkinlik, tamlığının pozulması, etiketin üzərində yazıların yarısının silinib, yarısının oxunaqlı olmaması varsa bu kimi hallarda istehlakçılar diqqət etməsə, çox ciddi sağlamlıq problemləri ilə üzləşə bilərlər”.
Mütəxəssis qeyd edib ki, yay aylarında daha tez xarab olan ən riskli məhsullar ət, toyuq, süd, süd məhsulları, mayonezli salatlar, yumurtalı qidalar və yarımfabrikat qidalardır: “Eyni zamanda diqqət olunacaq digər məqam hər bir məhsulu alarkən, etibarlı, dövlət nəzarətindən keçən satış yerlərindən alınmasıdır. Soyuq zəncir prinsipinə aid olan məhsulların daşınma zamanı da həqiqətən soyuq temperaturda daşınmasına diqqət olunmalıdır. Çünki bəzi hallarda məhəlləarası kiçik marketlərdə, yerin çox olmadığı məkanlarda bəzən soyuducu olmayan maşınlarda daşınıb daha sonra soyuducuda qarışıq şəkildə qidaların saxlanılması halları olur. Bu da onların keyfiyyətin aşağı düşməsinə səbəb ola bilər. Marketdə bəzi un məmulatları və şirniyyatların üzərində istehsal tarixi göstərilir, lakin məhsulun yararlılıq müddəti aydın şəkildə qeyd olunmur. Bunun əvəzinə məhsulun üzərinə sonradan yapışdırılmış kiçik kağızda yanlız 8, 9, 10 və s. kimi rəqəmlər yazılır.. Bu rəqəm nə deməkdir? İstehlakçı məhsulun yararlılıq müddətini təxmin etməməli və bunu öyrənmək üçün hər dəfə satıcıdan soruşmağa məcbur qalmamalıdır. “Qida təhlükəsizliyi haqqında” Qanunun 17-ci maddəsinə əsasən, istehlakçıya qida məhsulunun, o cümlədən istehsal tarixi, yararlılıq müddəti, saxlanma şəraiti və digər mühüm göstəricilər barədə dolğun və şəffaf məlumat verilməlidir”.