
Görüşdə Qarabağ Regional Gənclər və İdman İdarəsinin rəisi Anar Əsgərov yeni yaradılmış Tərtər Gənclər Evi Sosial Xidmət Mərkəzinin direktoru Paşayev Musa Rauf oğlunu rayon rəhbərinə təqdim edib. Daha sonra Musa Paşayev özü və yeni fəaliyyətə başlayan mərkəzin əsas məqsədləri, sosial xidmət istiqamətləri və planlaşdırılan layihələr barədə geniş məlumat verib.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov yeni təyin olunmuş direktoru təbrik edərək, ona məsuliyyətli və şərəfli işində uğurlar arzulayıb.
Rayon rəhbəri çıxışında ölkəmizdə dövlət gənclər siyasətinin uğurla həyata keçirildiyini xüsusi vurğulayıb. Qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət gənclər siyasəti bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən böyük diqqət və qayğı ilə davam etdirilir. Cənab Prezidentin rəhbərliyi ilə gənclərin potensialının reallaşdırılması, onların fiziki və mənəvi baxımdan sağlam, vətənpərvər ruhda yetişməsi üçün bütün şərait yaradılıb. Mehriban xanım Əliyevanın həyata keçirdiyi sosial və humanitar layihələr isə gənc nəslin təhsilli, innovativ və hərtərəfli inkişaf etmiş fərdlər kimi formalaşmasına müstəsna töhfə verir.
İcra başçısı diqqətə çatdırıb ki, yeni yaradılmış Tərtər Gənclər Evi Sosial Xidmət Mərkəzi rayon gənclərinin asudə vaxtının səmərəli təşkili, onların sosial adaptasiyası, yaradıcılıq və intellektual təşəbbüslərinin dəstəklənməsi işində mühüm rol oynamalıdır.
Görüşün sonunda nəzərdə tutulmuş layihələrin icrası və gənclərlə işin təşkili istiqamətində fikir mübadiləsi aparılıb.
